Interposta.Info

Valyuta ehtiyatlarımız harada və necə saxlanılır?

İqtisadiyyat
 10-06-2017, 12:25     506

Əkrəm Həsənov: “Ehtiyatların bir qismi əlçatmazdır, onu tez pula çevirmək çətindir”

“Azərbaycanın valyuta ehtiyatları 39 milyard ABŞ dolları təşkil edir”. Bu sözləri Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O qeyd edib ki, həyata keçirilən iqtisadi islahatlar artıq real nəticələrini verir. Belə ki, 2017-ci ilin 4 ayında qeyri-neft sənayesi 2,8%, kənd təsərrüfatı 3,2%, ticarət dövriyyəsi 11,5%, ixrac təqribən 41%, qeyri-neft ixracı isə 23% artıb. Bu dövrdə valyuta ehtiyatları 1,3 milyard ABŞ dollar artıb və 39 milyard ABŞ dolları təşkil edir. 1 aprel 2017-ci il tarixinə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çoxdur.

Bəs bu valyuta ehtiyatları hökumət üçün nə dərəcədə əlçatandır? Bu vəsaitlər harada və necə saxlanılır? Nağd pul şəklində saxlanılan vəsaitlərin həcmi nə qədərdir?

“Yeni Müsavat”a danışarkən bu sualları cavablandıran iqtisadçı ekspert Əkrəm Həsənov ilk növbədə onu vurğuladı ki, artıq valyuta ehtiyatlarımız 39 milyard deyil, daha azdır: “Belə ki, hazırda Mərkəzi Bankın 4,8254 mlrd. dollar, Neft Fondunun isə 33,2072 mlrd. dollar ehtiyatı var. Bu həmin qurumların rəsmi saytlarında olan məlumatdır. Üst-üstə 38,0326 mlrd. dollar edir. Bunun da 1 mlrd. dolları artıq yoxdur. Söhbət fondun Beynəlxalq Bankdakı əmanətindən gedir. Məlum olduğu kimi, həmin borc restrukturizasiya nəticəsində dövlətə keçəcək, bir sözlə, silinəcək. Deməli, sırf rəsmi məlumatları rəhbər tutsaq, valyuta ehtiyatlarımızın həcmi 37 mlrd. dollardır. Düşünürəm ki, Mərkəzi Bankın ehtiyatları əsasən likviddir: onları bilavasitə xarici banklardakı hesablarda və ya yüksək likvidliyi olan qiymətli kağızlarda saxlayıb. Lakin AMB özü bu barədə məlumat vermir. İstisna deyil ki, ehtiyatların bir qismi əlçatmazdır, yəni asan likvidli deyil, onu tez pula çevirmək çətindir. Təbii ki, fondun belə əlçatmaz ehtiyatı daha çoxdur”.

Ekspertin sözlərinə görə, ümumən fondun dövlət başçısı tərəfindən təsdiq edilmiş investisiya siyasətinə əsasən ehtiyatlar 4 növ aktivdə saxlanılır: “Vəsaitlərin 60 faizi borc alətlərində, yəni əmanətlər və istiqrazlarda saxlanılır. 25 faizi şirkətlərin səhmlərinə yatırılıb. 10 faizi daşınmaz əmlaka, 5 faizi qızıla yatırılıb.

Reallıqda bu mütənasibliyə nə dərəcədə riayət olunması haqqında məlumat yoxdur. Təbii ki , ən likvid aktiv qızıl və əmanətlərdir. İstiqrazlar daha aşağı likvidlidir. Nəhayət, ən likvidsizi daşınmaz əmlakdır. Lakin hətta yüksək likvidli aktivlər belə yerləşdirildiyi yerdən çox asılıdır. İnvestisiya siyasətinə görə, Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin minimum 90 faizi beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standart ənd Purz, Fiç agentlikləri ) və ya “A2" (Mudiz agentliyi ) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə olunan aktivlərdə olmalıdır. Lakin buna nə dərəcədə riayət olunub-olunmamasını da bilmirik”.

Ekspertin fikrincə, Neft Fondu Beynəlxalq Bank kimi “zibil” reytinqli bankda 1 mlrd. dollar saxlayırdısa, digər ölkələrdə də belə olmadığına inanmaq çətindir: “Bu məsələdə şəffaflıq çox azdır. Hər bir halda dövlətimizin hazırda borclanmasının artması və hətta Beynəlxalq Bank kimi sistem əhəmiyyətli bir bankın xilası üçün borcunun tam və qısa zamanda üzərinə götürməməsi onu göstərir ki, likvidliklə bağlı müəyyən problemlərimiz var. Düzdür, bunun başqa və daha ciddi səbəbi də ola bilər. Məsələn, dövlət şirkətlərinin xeyli borclanması kimi... SOCAR, ”Azerenerji" və digər bu kimi şirkətlərin iri xarici borcları var. Böyük ehtimalla nə vaxtsa onları da bu və ya digər şəkildə ehtiyatlarımız hesabına ödəməli olacağıq. Buna görə də hazırda bədxərclik etmək olmaz. Xüsusən ehtiyatlarımızın xeyli hissəsi qeyri-likvid olduğu halda qənaətli olmağa ehtiyac var".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26