Interposta.Info

Bir daha problemli kreditlər haqqında:

İqtisadiyyat
 25-05-2017, 22:17     689

İki il öncə manatın devalvasiyası ilə gündəmə gələn problemli kreditlər mövzusu hələ də gündəmdən düşmür. Ən acınacaqlısı isə odur ki, problem getdikcə dərinləşməkdə davam edir. Rəsmi göstəricilərə görə, artıq geri dönüşü çətin olan kreditlərin həcmi 1,5 milyard manatı ötüb.

Ekspertlər bu rəqəmin daha böyük olduğu qənaətindədirlər. Bir tərəfdən hökumətin və bankların bu durumu dəyişmək üçün heç bir addım atmaması, digər tərəfdən əhalinin azalan gəlirləri fonunda bu kreditlərin ödənilməsinin mümkünsüzlüyü onu göstərir ki, bu məsələ hələ uzun müddət gündəmdə olacaq.

Kommersiya banklar bu problemdən nə qədər əziyyət çəksələr də, məsələnin yoluna qoyulması üçün heç bir addım atmaq niyyətində deyillər. Əksinə, vətəndaşların məhkəməyə vermək və onlar barəsində qərarların çıxarmaq, həmçinin borclulara hədə-qorxu gələrək krediti qaytarmağa məcbur etmək üçün çalışırlar.

Bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, problemli kreditlərin səviyyəsi rəsmi rəqəmlərdən daha çoxdur: “Rəsmi rəqəmlərdə 2017-ci ilin may ayının əvvəlinə 10,2 faiz problemli kredit göstərilib. Bu da təxminən 1,6 milyard dollar deməkdir. Halbuki bu 25 faizdən yuxarıdır. Bəzi banklarda isə vəziyyət çox ciddidir. Bu günlərdə “Bank Standard”ın kreditorlar komitəsinin sədri açıqlama verdi ki, bankda təxminən 770 milyon manatlıq kredit varsa, onun 95 faizi problemli kreditlərdir. Göründüyü kimi sektorda vəziyyət rəsmi rəqəmlərdə ifadə olunduğudan daha ağırdır. Bu oxşar situasiya Beynəlxalq Bankda da müşahidə olundu. Son iki ildə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, milyardlarla vəsait ayrılsa da, əvəzində bu bank defoltla üzləşdi. Problemli kreditlər yaxın 1 il ərzində Azərbaycanın bank sektorunda yeni bir şok dalğası yaradacaq və nəticədə təxminən 10-dan artıq bankın bağlanma ehtimalı var. Hökumət bu istiqamətdə hər hansı addım atmır. Vətəndaş və biznes faktiki olaraq kredit qaytarmaq qabiliyyətini itirib. Bu kreditlərin geri gəlməsi imkanları kifayət qədər məhduddur. Bundan əlavə, bankların gəlirliyi də yox səviyyəsindədir. Çünki bankların gəlir mənbəyi məhz kredit faizləri idi. Buna paralel olaraq kreditləşmə prosesi də dayanıb. Belə olan halda, növbəti 1 ildə bank sektorunda yeni bir şok dalğasının baş verməsi qaçılmaz olacaq.
Bir daha problemli kreditlər haqqında:



R. Həsənov onu da bildirdi ki, bu problem bütövlükdə Azərbaycan iqtisadiyyatının bütün sferalarına təsir göstərir:
“Azərbaycanda maliyyə mənbələrinə çıxış imkanları əvvəlki illərdə belə aşağı səviyyədə qiymətləndirilirdi. Hazırda bankların yaranmış situasiya ilə üzləşməsi, kreditləşmənin dayanması ölkənin digər iqtisadi sektorlarında inkişafı tamamilə dayandırıb. Kiçik, orta və iri sahibkarlıq subyektlərinin demək olar ki, böyük əksəriyyəti yeni kreditlərə çıxış imkanlarından məhrum olublar”.

İqtisadçının sözlərinə görə, hökumətin bu istiqamətdə tutduğu mövqe isə anlaşılan deyil:
“Bu problem başlayan andan bizim müdafiə etdiyimiz mövqe ondan ibarət idi ki, problemli kreditlərlə bağlı konkret plan hazırlanmalıdır və bu plan əsasında əhalinin , eyni zamanda biznesin borc yükün mərhələli şəkildə azaldılmalıdır. Bu baş vermirsə, faktiki olaraq vətəndaş da, biznes də öhdəlikləri yerinə yetirmək imkanında deyil, defoltla üzləşiblər. Nəticədə gündən-günə məhkəmə işlərinin sayı artır. İcrası mümkün olmayan məhkəmə işlərinin sayı həddindən artıq çox olacaq. Bu prosesin sonunda çox acınacaqlı nəticələr gözlənilir. Azərbaycanda məhkəmə sisteminin reputasiyasını nəzərə alsaq, çıxarılan qərarlardan yenidən şikayətin verilməsi əksər hallarda nəticəsizliklə yekunlaşır. Çünki məhkəmə sistemi müstəqil deyil. Bu baxımdan sıradan vətəndaşların hüquqi baxımdan daha professional müdafiə olunan banklar qarşısında məhkəmələrdə üstün mövqe əldə etməsi çox çətin görünür”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26