Banklar böhrandan çıxdığı iddia nə qədər əsaslıdır...
Ekspert MBNP-nin hesabatını şərh etdi
Maliyyə Bazarlarına Nəzarət Palatası oktyabr ayı üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.
İcmal hesabatına görə, 2017-ci il noyabrın 1-nə bank sektorunun xalis mənfəəti 549,6 milyon manat təşkil edib. Oktyabrda bankların faiz gəlirləri 1 milyard 582,3 milyon manat, faiz xərcləri isə 740,8 milyon manat olub.
Banklar oktyabrda kreditlər üzrə faizlərdən 1 milyard 168,5 milyon manat əldə edib. Ötən ay həmçinin əhalinin banklardakı əmanətlərinin həcmində artım qeydə alınıb. Belə ki, əmanətlərin həcmi sentyabr ayı ilə müqayisədə 3.6 faiz (250.7 milyon manat) artaraq 7,250.2 milyon manat təşkil edib.
Palatanın hesabatı kifayət qədər nikbin notlar üzərində qurulub. Reallıqda isə bank sektoru hələ də ciddi problemlərdən qurtulmayıb. Bu fikri “Yeni Müsavat”a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, banklar üzrə ümumi göstəriciləri müsbət dinamikada göstərən əslində bir neçə böyük bankın göstəriciləridir: “Əsasən də Beynəlxalq Bankın sağlamlaşdırılmasından sonra əldə olunan göstəricilərdir ümumi vəziyyəti müsbət dinamikada göstərən. Bankların gəlirləri bu gün faktiki olaraq əsas bank xidmətlərindən deyil, Mərkəzi Bankın depozit hərraclarından əldə olunur. Depozit faizlərini Mərkəzi Bank qəsdən yüksək müəyyənləşdirir ki, bankları cəlb etsin, izafi pul kütləsi bazara axıb inflyasiyanı sürətləndirməsin, manatın məzənnəsinə təzyiq formalaşdırmasın. Bu təcrübəni Mərkəzi Bank 2016-cı ilin ikinci yarısından tətbiq etməyə başlayıb. Bankların gəlirləri əsasən buradan formalaşır. Rəqəmlər də bundan xəbər verir. Bankların kredit portfeli 4,5 milyard manat kiçilib, istehlak kreditlərinin həcmi 21 faizədək azalıb”.
Image result for Rəşad Həsənov
Mütəxəssis deyir ki, banklar əsas funksiyasını - kredit verib gəlir əldə etmək funksiyasını icra edə bilmir. Lakin manatın məzənnəsinin sabit olması bankların xərclərinin sabitləşməsini şərtləndirib: “Son aylarda bəzi banklar kredit təklifləri ilə də çıxış etməyə başlayıblar. Lakin bu çıxışlar məhdud bir çevrəyə hesablanıb. Çünki bankların müştəri bazası məhdudlaşıb. Əsasən tarixçəsi müsbət olan köhnə müştərilərə verilir kreditlər. Yeni müştəri cəlb etmək çox çətinləşib, müsbət tarixçəli, ödəniş qabiliyyəti sabit olan müştərilər çox azdır. Bu baxımdan, kreditlərə əlçatanlıq baxımından vəziyyətdə ciddi dəyişiklik yoxdur”.
R.Həsənov deyir ki, bankların ən mühüm problemlərindən biri olan qaytarılmayan kreditlər məsələsinin həllini tapmaması onların vəziyyətini daha da pisləşdirir: “Problemli kreditlərin həm nominal ifadədə həcmi, həm də ümumi kredit portfelində çəkisi aydan-aya artır. Bəzi banklarda problemli kreditlərin ümumi portfeldə payı 10 faizi keçib. 2015-ci ildə Mərkəzi Bankın rəhbəri açıqladı ki, 5 min dollara qədər olan problemli kreditlərlə bağlı məsələni həll etmək üçün 250 milyon dollar lazımdır. Bu, çox kiçik məbləğ idi, onu vaxtında ayırıb problemin böyüməsinin qarşısını almaq olardı. Bunu etsəydilər, indi banklar da belə çətin vəziyyətdə olmazdı, sadə vətəndaşlar da. Bütün bunlar göstərir ki, bankların sağlamlaşdırılması yalnız Beynəlxalq Bankla məhdudlaşmamalıydı. Bu iş digər banklar üzrə də aparılmalıydı”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26