Interposta.Info

"Bank of Baku" qırmızı zolaqda

Gündəm
 20-10-2018, 15:33     11 337

"Bank of Baku” ASC 2018-ci ilin 9 ayının maliyyə hesabatını açıqlayıb.

EkoNews xəbər verir ki, bank bu dövrü 3 milyon 128 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, bank ötən ilin eyni dövrünü 31 milyon 890 min manat xalis zərər ilə bağlamışdı.

"Bank of Baku"nun maliyyə hesabatına əsasən cari ilin yanvar-sentyabr dövründə faiz gəlirləri 31 milyon 35 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 504 min manat təşkil edib. 2017-ci ilin eyni dövründə Bankın faiz gəlirləri 44 milyon 655 min manat, qeyri-faiz gəlirləri 770 min manat təşkil etmişdi.

Aktivlər və kreditlər azalıb

Maliyyə hesabatında "Bank of Baku"nun cəmi aktivləri 301 milyon 606 min manat olduğu göstərilib. Ötən ilin bu dövründə isə bankın aktivləri 399 milyon 860 min manat təşkil etmişdir. Hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 193 milyon 199 min manat olub. Ötən il isə kreditlərin həcmi 197 milyon 694 min manat təşkil etmişdi.

Hesabat dövründə "Bank of Baku" nun gəlirləri (faiz və qeyri-faiz) 33 milyon 539 min manat təşkil edib. Eyni zamanda, əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 26 milyon 748 min manatı gəlirə əlavə edilib və nəticədə cəmi gəlirlər 60 milyon 287 min manat təşkil edib. Cəmi 57 milyon 159 min manat xərclər cəmi gəlirlərdən çıxılıb və Bankın 3 milyon 128 min manat xalis mənfəəti qalıb.

Ötən ilin bu dövründə "Bank of Baku"nun 45 milyon 425 min manat cəmi gəlirlərə qarşı cəmi xərcləri 38 milyon 127 min manat təşkil etmiş, ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata 39 milyon 188 min manat ayırmışdır. Bu səbəbdən həmin dövrü Bank 31 milyon 890 min manat xalis zərər ilə başa vurmuşdu.

Bu il bankın cəmi öhdəlikləri 262 milyon 72 min manat təşkil edir. Cəmi balans kapitalı 39 milyon 534 min manat olub. Ötən il isə "Bank of Baku"nun öhdəlikləri 363 milyon 272 min manat təşkil etmişdi. Cəmi balans kapitalı 36 milyon 587 min manat olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26