Interposta.Info

Dollar hansı həddə qədər ucuzlaşa bilər? -

İqtisadiyyat
 14-04-2017, 07:24     779

İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi dolların məzənnəsinə təsir edir.

interposta.info xəbər verir ki, bunu Şərq.az-a son günlər dolların ucuzlaşmasının səbəblərini izah edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, bu tədbirin iqtisadi və psixoloji təsirləri olsa da, dolların məzənnəsinin aşağı düşməsində yeganə təsir deyil:

"Əsas səbəb manat bazasının kiçilməsidir. Ölkədə keçirilən tədbirlər, ölkəyə turist gəlməsinə şərait yaradan layihələr dolların məzənnəsinə ciddi təsir göstərmir. Son günlər cüzi olaraq məzənnə aşağı düşür, amma bazar məzənnəsində son iki gündə kursun müəyyən qədər yüksəlməsi müşahidə olunur. Yenə də dolların kursu aşağı olaraq qalmaqdadır. Hərrac məzənnəsi son iki gündə dollara tələbi əks etdirmədi. Çünki son iki gündə nisbi də olsa, dollara tələb yüksəkdir. Hərrac və rəsmi məzənnədə isə azalmalar qeydə alındı. Yenə də səbəb manat bazasının az olmasıdır. Şirkətlərdə, banklarda vəsaitlərin nağdlaşması ilə bağlı çətinliklər nəticə etibarı ilə manatın məzənnəsinə təsir göstərir. Çünki dolları almaq üçün şirkətlərin, vətəndaşların kifayət qədər manat əskinası yoxdur. Bu prosesin nəticəsinin olub-olmamağı manat bazasının necə dəyişməsindən asılı olacaq. Əgər ixracda artım davam edərsə, buna uyğun Mərkəzi Bank manat bazasını artırarsa, kursu bazar vasitəsilə tənzimləyə bilər. Amma aydındır ki, Mərkəzi Bank uzun müddət manat bazasını kiçildə bilməz. Uzunmüddətli dövrdə manat bazasının genişlənməsi real sektorun dəstəklənməsi baxımından vacibdir. Manat bazasında artımlar olarsa, bu, kursa təsir göstərib dolların məzənnəsini yüksəldə bilər. Əgər manat bazası kiçik olacaqsa, bu halda dollara tələb yüksəlməyəcək”.

Qeyd edək ki, Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi bankdan verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb. Qeyd edək ki, bu günə olan USD/AZN rəsmi məzənnəsi 1,7029 idi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26