Interposta.Info

Dolların ucuzlaşması gözlənilir -

İqtisadiyyat
 12-04-2017, 12:28     457

Son günlər dollara tələbin yenidən azalması müşahidə edildi.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, əslində, dollara olan tələbin azalmasının üç mühüm səbəbi var:

“Birincisi, Mərkəzi Bankın depozit hərracları manat bazasını qısa müddətli olsa da, azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir.

İkincisi, banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul, xüsusən M0 aqreqatının həcmini kəskin azaldıb. Yəni hətta büdcədən hesablara ayrılan və eləcə də özəl şirkətlərin özlərinin gəlirlərinin nağdlaşdırması ilə bağlı qadağaların tətbiqi manat kütləsinin həcmini azaldır. Sadələşdirilmiş vergi subyektləri ay ərzində 15, əlavə dəyər vergisi ödəyiciləri isə 30 min manat nağdlaşdıra bilərlər. Nəticədə dollara tələb yaradacaq və valyuta bazarında məzənnəni optimallaşdıracaq vəsaitlər bank hesablarındadır və onlar bazara daxil olmur.

Üçüncüsü, psixoloji təsirlərdir ki, bu da birbaşa əhalinin dollar təklifini artırır. Buna görə də növbəti dövrdə milli valyutanın məzənnəsinin necə dəyişməsi birbaşa manat bazasının həcmindən asılı olacaq. Yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə aldıqda, o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb”.

Ekspertin sözlərinə görə, əgər manat bazasının məhdudlaşdırılması prosesi davam edərsə, o zaman dollara tələb aşağı olaraq qalacaq:

“Dollara tələbi sadəcə dövriyyədə manat kütləsinin artması yüksəldə bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısa müddətli dövr üçün nəzərdə tutulan siyasət olmalıdır. Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələri təşviq edilə bilsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26