Interposta.Info

"Manatın real qiyməti 2 manat..." -

İqtisadiyyat
 13-02-2017, 10:31     959

"Manatın real qiyməti 2 manat..." -

Son günlər ölkədə manat-dollar nisbəti ciddi şəkildə dəyişib və milli valyutamız bahalaşmaqda davam edir.

interposta.info musavat.com-a istinadən deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla bu mövzuda olan müsahibəni təqdim edir:


- Vahid bəy, manatın xarici valyutaya münasibətdə bahalaşmasının iqtisadi əsasının olmadığı deyilir. Siz baş verənləri necə təhlil edərdiniz?

- Bunun iqtisadi əsasının olub-olmadığını müxtəlif cür yozmaq olar. Mən həmişə demişəm: dollar-manat münasibətində müəyyən üsullar, variantlar, iqtisadi modellər var, onlardan istifadə etmək mümkündür. Dollar təxminən 2 manata çatmışdı, ancaq kəskin şəkildə aşağı düşdü, hətta Mərkəzi Bank 1,73 elan etdi. Dolların belə kəskin ucuzlaşması üçün bir sıra məsələlər öz həllini tapmalı idi. Birincisi, idxal-ixrac əməliyyatları olmalıdır. Yəni idxal kəskin azalmalı, ixrac artmalıdır, idxal-ixracda müsbət saldo olmalıdır. İkincisi, gərək bazarda tələb və təklif qarşılıqlı olsun, problem yaranmasın. Üçüncü, neftin qiymətidir. Neftin qiymətinin artması Azərbaycana əlavə dollar daxil edir və heç bir problem yaranmır. Amma gördüyümüz kimi, son ayyarımda idxal-ixrac əməliyyatlarında müəyyən qədər üstünlük oldu, yəni keçən ilin ikinci yarısından idxalı kəskin azaltmağa başladılar. İxracı isə müəyyən qədər artırmaq istədilər.

Amma ümumiyyətlə, Mərkəzi Bankın tutduğu yol ki, var idi, yavaş-yavaş, yumşaq devalvasiya aparırdı, bunu axıra çatdırmaq lazım idi. Manat gəlib öz həqiqi dəyərini bazarda almalı idi. Onda həm investorlar, həm sahibkarlar üçün heç bir problem olmazdı, insanlar arxayın olub öz vəsaitlərini istər manatda, istər dollarda saxlaya, yaxud investisiya yatıra bilərdilər. Amma indi faktiki olaraq Azərbaycanın maliyyə bazarında bir panika var. Bu panika da məhz manatın ciddi möhkəmlənməsi ilə əlaqədardır. Bazarda əsas fəaliyyət göstərən iki orqan var: Mərkəzi Bank və Neft Fondu. Neft Fondu dollarla fəaliyyət göstərir, Mərkəzi Bank isə əsasən, manatla.

- Belə məlumat var ki, Neft Fondunun Mərkəzi Banka ayırdığı vəsaitlərin geri qaytarılması vaxtı çatdığı üçün dolların dəyərdən salınması qərarı verilib. Bu, nə dərəcədə doğrudur?

- O da var. Həmçinin Beynəlxalq Bankda yaranmış problemlərin də rolu var. Maliyyə Nazirliyi, Mərkəzi Bank, Neft Fondu öz aralarında müəyyən iqtisadi əlaqələr quraraq bu məsələləri həll edirlər. Manat Azərbaycanda nə qədər möhkəmlənirsə, bizim üçün o qədər yaxşıdır. Amma yenə deyirəm, bu, Azərbaycanın maliyyə bazarında ajiotaj, sahibkarlar və investorlarda ümidsizlik yaratmamalıdır. Əgər dollar 1,70-ə düşübsə, 15-20 gündən sonra devalvasiyaya gediləcəksə, yenidən manat ucuzlaşacaqsa, onda bu qərarı başa düşmək çətin olacaq. Yox, əgər bunu ucuz müddətə, il ərzində saxlaya biləcəklərsə, bu, başqa məsələ. Lakin bu da çox çətin məsələdir. Çünki bayaq mən dediyim amillər olmalıdır.

- Mərkəzi Bank yenə də manatı qorumaq üçün külli miqdarda vəsait xərcləyirmi?

- Mənə elə gəlir ki, bu vəsait onsuz da xərclənəcək, çünki Mərkəzi Banka Neft Fondundan 7,5 milyard manat ayrılıb, o vəsaiti xərcləməmək qeyri-mümkündür. Amma indi burada başqa bir siyasət var. Ümumiyyətlə, pul kütləsini müəyyən qədər sıxmaq, dövriyyəyə az buraxmaq, dövlət büdcəsindən də lazım olan vəsaiti ayırmamaq, yalnız xüsusi layihələr həyata keçirmək və s. Yəni pul qıtlığı yaratmaq. Burada o qədər də ciddi problem yaranmır. Amma bunu uzun müddət saxlamaq mümkün deyil. Biz istəyirik ki, ölkədə inkişaf, real sektor olsun, cənab prezidentin imzaladığı “Yol xəritəsi”ni həyata keçirək, ona görə də pul kütləsini sıxmaq olmaz. Bu, qısa müddət üçün effekt verə bilər. Pul olmalıdır ki, istehsal olsun, real sektor inkişaf etsin. Aparılan indiki manat-dollar siyasəti müvəqqəti xarakter daşıyır. Bunun faktiki olaraq real bünövrəsi yoxdur. Bu, müvəqqəti xarakter daşıyır, gec-tez manat gəlib bazarda öz dəyərini almalıdır.

- Manatın real dəyəri nə qədərdir?

- Onu indi dəqiq söyləmək çətindir. Mən yuxarıda üç faktordan bəhs etdim. Bunlara baxmaq lazımdır ki, bazarda nə vaxt dəyərini tutacaq. Məsələn, Rusiyada rublu, Qazaxıstanda təngəni sərbəst buraxdılar, bazarda tələb və təklif uyğunlaşdı, ixrac idxalı üstələdi. Neftin də qiyməti 55-60 dollar səviyyəsində dayandı və başladılar milli valyutanı stabilləşdirməyə. Yəni artıq insanlar bildi ki, burada 1-2 qəpik söhbəti o yan-bu yan ola bilər, ciddi problem yaranmaz. Bu, əhali, sahibkarlar və investorlar üçün çox böyük əhəmiyyət kəsb edir. Manatın dollarla nisbətdə real qiyməti, 1.80, 2 manat, yaxud yuxarı olacaq, bunu indidən demək çox çətindir.

- Bu şərtlər altında ölkəyə xaricdən investisiya cəlb etmək mümkündürmü?

- İstənilən iş adamı, istər xarici, istər yerli olsun, iki məsələyə üstünlük verirlər: birincisi, o dövlətdə stabillik olsun. Allaha şükür, Azərbaycanda stabillik var. İkincisi də valyuta məsələsində problem olmasın, insanlar alış-verişdə çox uduzmasınlar, arxayın olsunlar ki, 1 dollar 1,80-dirsə, bu, uzun müddət gedəcək, burada 1-2 qəpik söhbəti ola bilər. Amma belə panika olanda əlbəttə ki, ciddi problem yaranır. Həm də bu vəziyyətdən sui-istifadə edirlər. Sizə açığını deyim, bu dəqiqə banklar çox böyük gəlir əldə edirlər. Qabaqlar 4 faizlik marja var idi, o marja götürüldü. İndi birdən-birə banklar istənilən qiymətə alıb-satırlar. Maliyyə bazarında pul qıtlığı olduğu üçün ondan istifadə edirlər. Bu, istər xarici, istər daxili investorlar üçün problem yaradır. Milli valyuta müəyyən qədər stabil vəziyyətdə olmadığı üçün onlar da bura investisiya qoymağa çəkinirlər. Amma məncə, bu, müvəqqəti haldır. Ola bilər müəyyən problemlərin həlli üçün bu addımlar atılır. Dövriyyəyə vəsait buraxılmalı, pul qıtlığı olmamalıdır ki, Azərbaycanda istehsal, real sektor inkişaf etsin.

- Parlament iclasında Rəqabət Məcəlləsinin qəbul olunmamasına ciddi şəkildə etiraz etdiniz. Bundan sonra hökumət təmsilçiləri ilə müzakirələriniz oldumu?

Yox, bununla əlaqədar müzakirəmiz olmadı. Mən komitə və plenar iclasda üç qanun layihəsinə toxunmuşdum: Hesablama Palatası, Dövlət maliyyə nəzarəti və Rəqabət Məcəlləsi haqqında qanun layihələri. Hesablama Palatasında qanun layihəsi yaz sessiyasının gündəliyinə salındı, artıq bunun üzərində iş gedir, elə bir problem olmamalıdır.

- Dövlət başçısı son müşavirələrdə də məmur özbaşınalığı, inhisarçılıq, korrupsiya və rüşvətxorluqla bağlı kəskin mövqeyini ifadə etdi. Sizin təklif etdiyiniz qanunlar da inkişafı şərtləndirən qanunlardır. Elə isə bu qanunların qəbulunu tormozlayan kimlərdir?

- Vallah, mən bunu kimin tormozladığını bilmirəm. Amma bunlar elə qanunlardır ki, bunları həm də beynəlxalq maliyyə qurumları ilə razılaşdırırlar. Çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağa hazırlaşır, bununla bağlı XİN, İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən danışıqlar aparılır.

Amma bu qanunların qəbulu əlbəttə, Azərbaycanın daxili bazarına müəyyən qədər təsir edəcək. Təbii ki, ölkədə müəyyən insanlar həddən artıq monopoliyaya malikdirlər, müəyyən sahələr onların əlindən çıxa bilər. Ona görə də bu qanunun qəbul olunmasına problem var. Təxminən 10 ilə yaxındır ki, biz bu qanunu qəbul etmək istəyirik. İki oxunuşda bunu Milli Məclisdə qəbul etmişdik, indi məlumat verildi ki, guya qanunu geri istəyiblər, bundan da bizim xəbərimiz yox idi. Amma qanun mütləq qəbul olunmalıdır. Çünki dövlət başçısının Strateji Yol xəritəsində bunlar hamısı əksini tapıb.

- Vahid bəy, həmkarınız Siyavuş Novruzov tənqidi fikirlər söyləyən deputatlara kəskin reaksiya verdi. Siz onun sözlərini necə qarşıladınız?

- Bu da onun fikridir. Biz deputat seçilmişik ki, əhalinin problemlərini, dövlətin inkişafı üçün lazım olan məsələləri parlamentdə qaldıraq. Kimin necə reaksiya verməsindən asılı olmayaraq, biz bu yolun adamlarıyıq. Ona görə də lazım olanda bu məsələlərə toxunuruq. Biz iqtisadçıyıq, düşünürük ki, bu məsələləri Milli Məclisdə qaldırmaq, hökumətin diqqətinə çatdırmaqla problemlərin həllinə nail olmaq mümkündür.

- “Bəziləri prezidenti müdafiə edib, ətrafını tənqid edirlər” yanaşmasına münasibətiniz necədir?

- Dediyim kimi, hər deputatın öz mövqeyi var. Birincisi, prezident dövlət başçısı, Ali Baş Komandandır. İkincisi də şəxsən məni Azərbaycanın xarici siyasəti qane edir. Biz dövlət mövqeyindən çıxış edən insanlarıq. Dövlət mövqeyindən də çıxış edib lazım gələndə konkret məmurları da kimliyindən asılı olmayaraq tənqid edirik. Özü də təkcə tənqiddən söhbət getmir, biz təkliflər veririk. Cənab prezidentin son atdığı addımlar var, məsələn, Lapşinin Azərbaycana gətirilməsi, ikincisi, Avropa İttifaqının sədri ilə görüşüb, parlamentinin sədri ilə görüşməməsi kimi... Belə cəsarətli addımları atırsa, mən onu niyə müdafiə etməməliyəm?

- Martda hökumət parlamentə hesabat verəcək, yəqin ki, orda da suallar qoyulacaq...

- Suallar həmişə qoyulur. Mənim hökumət üzvlərinin bəlkə elə 100 faizi ilə əlaqələrim var, müəyyən məsələləri oturub müzakirə edir, təkliflər veririk. Bizi bu gün çox narahat edən bank sistemi ilə əlaqəli məsələlərdir. Hansı ki, cənab prezident də bank sisteminin sağlamlaşdırılması məsələsini qoyub, biz Əli Məsimli ilə bir yerdə bu sistemi sağlamlaşdırmaq üçün 14 səhifəlik təkliflər də vermişik. Amma hələlik təkliflərimizə cavab verilməyib. Bu dəqiqə vaxtı keçmiş kreditlərin məbləği 1,5 milyardı keçib, bunu həll etmək lazlımdır. Bu, uzun müddət belə davam edə bilməz axı. Biz də təklif vermişik ki, dollarla olan kreditləri həll etmək lazımdır. Bu, həm bank sisteminin sağlamlaşdırılması, həm də bu gün məhkəmələrdə qalan əhali üçün əhəmiyyətlidir. Elə srağagün mən 12 ərizəyə qol çəkib banklara göndərmişəm. Şənbə günü Qubada 106 nəfər qəbul etmişəm, onların 20 nəfər bank sistemi ilə əlaqədar müraciət edib. Məqsəd ondan ibarətdir ki, əhalini bu vəziyyətdən çıxaraq.

- Hazırda ölkənin maliyyə sisteminə cavabdeh şəxslərin yeni kadrlarla əvəzlənməsi nə dərəcədə zəruridir?

- Mən maliyyə sistemində baş verənlərlə məşğul olan insanların heç birinin savadına şübhə ilə yanaşmıram. Amma real həyat tamamilə başqa şeydir. Biz əgər Azərbaycanda real sektoru inkişaf etdirmək istəyiriksə, təsərrüfatı bilən insanlar daha çox hökuməti təmsil etməlidirlər. Məsələn, Cavid Qurbanov o vəzifəyə təyin olunandan sonra oradakı yeniliklərə baxın: Naxçıvanla İran arasında dəmir yolu xətti istifadəyə verildi, İran Astarası ilə Azərbaycan Astarası arasındakı xətt birləşdirilir, açılışına az qalıb. Digər tərəfdən Dəmiryol Vağzalının açılışı, binasını təmiri, ölkəyə əlavə vaqonlar gətirildi. Yəni bu, təsərrüfatı, real həyatı bilən adamdır. Yəni real sektoru, real həyatı bilən adamlar bizə daha çox lazımdır ki, bu insanlar yalnız sənədlərlə deyil, real həyatla da məşğul olsunlar. İstərdim ki, onlar yalnız kabinet adamı olmasınlar, bilsinlər ki, həyatda nə var, nə yox...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26