Interposta.Info

Rusiyalı ikiqat olimpiya çempionu Bakıya buraxılmadı

İdman
 4-04-2024, 12:28     49 017

Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı güləşçi, ikiqat Olimpiya çempionu Əbdülrəşid Sadullayevin Bakıda keçiriləcək lisenziyalı olimpiya turnirində iştirakına icazə verməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytında məlumat verilib.

Müvafiq bildiriş aprelin 3-də Birləşmiş Güləş Dünyasından (UWW) gəlib.

"Beynəlxalq Olimpiya Komitəsi növbəti psevdoyoxlamadan sonra beynəlxalq yarışlarda iştirakına icazə verilməyənlərin yeni siyahılarını dərc edib. Təəssüf ki, onların arasında ikiqat Olimpiya çempionu, komandamızın kapitanı Əbdülrəşid Sadullayev də var. Təəssüf ki, Sadullayev Bakıya gəlsə belə, yarışa buraxılmayacaq, BOK-dan qadağası var. Birləşmiş Güləş Dünyası bizimlə dərhal əlaqə saxladı və mümkün qədər tez əvəzlənmək imkanı verdi - Bakıda Əlixan Cəbrayılov çıxış edəcək. Vurğulamaq istəyirəm ki, məhz BOK Sadullayev yarışda iştirakının qarşısını almaq qərarına gəlib, UWW isə əksinə, Sadullayevin mübarizə aparması üçün mümkün olan hər şeyi edib”, - Rusiya Güləş Federasiyasının rəhbəri Mixail Mamiaşvili bildirib.

Bu, artıq Sadullayevlə bağlı ikinci belə qərardır. Fevral ayında rusiyalı güləşçi Şengen vizası ilə Rumıniyaya buraxılmayıb və Avropa Çempionatında iştirak etmək imkanı verilməyib.

Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsinin Əbdülrəşid Sadulayevin yarışlara buraxılmaması ilə bağlı qərarı onun Rusiyanın Ukraynaya qarşı təcavüzünü və prezident Vladimir Putini dəstəklədiyi ilə əlaqəlidir.

Sadullayev Rio-de-Janeyro və Tokioda keçirilən Olimpiya oyunlarının qalibi və beş qat dünya çempionudur.

Qeyd edək ki, Bakıda güləş üzrə 2024-cü il Avropa təsnifat turniri aprelin 5-dən 7-dək keçiriləcək. Yarışlar Milli Gimnastika Arenasında baş tutacaq. Kişilər və qadınlar, sərbəst və yunan-Roma güləşi üzrə 18 çəki dərəcəsində olimpiya lisenziyaları uğrunda mübarizə aparılacaq.

Olimpiya Oyunlarında iştirak üçün seçmə döyüşlər yarımfinal döyüşləri olacaq. Bürünc və qızıl medallar uğrunda görüşlər keçirilməyəcək. Altı olimpiya çəkisinin hər birinin finalçısı Olimpiadaya vəsiqə qazanacaq, lisenziyalar şəxsi xarakter daşımır, onlar ölkənin güləş federasiyasına verilir.

Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26