Interposta.Info

De Byazinin seçimləri yenə suallar yaratdı
 

İdman
 4-09-2023, 13:00     464

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçika və yoldaşlıq görüşündə İordaniya yığması ilə oyunları üçün seçimlərini edib.

Oxu.Az xatırladır ki, italiyalı mütəxəssis 26 futbolçuya dəvət göndərib. “Qarabağ”dan beş, “Neftçi”dən üç, “Sabah”dan dörd, “Səbail” və “Zirə”dən iki, “Qəbələ” ilə “Sumqayıt”dan bir futbolçu yığmaya layiq görülüb. Legioner həyatı yaşayan səkkiz oyunçu da milliyə kömək etməyə çalışacaq.

Çalışdırıcının seçimləri əvvəllər olduğu kimi, yenə suallar yaradıb.

Qapıçı mövqeyi ilə bağlı hər hansı problem görünmür. Şahruddin Məhəmmədəliyev, Yusif İmanov və Səlahət Ağayevin dəvət alacaqları gözlənilən idi. Hazırda onlardan daha yaxşı “çərçivə qoruyucu”ları tapmaq çətindir.

De Byazinin müdafiə xətti üçün seçimləri birmənalı qarşılanmayıb. Məsələn, “Neftçi”də ehtiyatda qalan, bu mövsüm cəmi 12 dəqiqə şans qazanmış Höccət Haqverdiyə dəvət göndərilib. Oxşar vəziyyət Bəxtiyar Həsənalızadə ilə bağlı da mövcuddur. Mərkəz müdafiəçisi bu yay keçdiyi Türkiyə “Tuzlaspor”unda, demək olar ki, meydana çıxmayıb. “Qarabağ”da oynamaq şansı qazansa da, performansı aşağı olan Rahil Məmmədova dəvət göndərilməsi də gözlənilməzdir.

Daha yaxşı alternativlər isə mövcuddur. Məsələn, “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev, yaxud Bolqarıstan “Arda”sında mütəmadi oynayan Cəlal Hüseynov yığmaya daha layiq performans göstərirlər.

Eyni zamanda, “Səbail”də çıxış edən Yusif Nəbiyev karyerasında ilk dəfə əsas yığmaya çağırılıb. Cinah müdafiəçisinin son vaxtlarda artan performansının italiyalı mütəxəssisin diqqətindən yayınmaması müsbət məqamdır.
Yarımmüdafiə xəttində seçimləri anlamaq mümkündür. Ancaq yenə də çatışmazlıqlar var. Məsələn, “Sumqayıt”da əla performans göstərən Rövlan Muradov ən azı geniş siyahıda olmağa layiq idi. Ondan başqa, iki mövsümdür, stabil çıxış edən Fərid Nəbiyevin diqqətdən kənar qalması başa düşülmür.

Hücum xəttinə əvvəldən təxmin olunan adlar dəvət alıb. Bu baxımdan kiminsə kənarda qaldığını demək düzgün olmaz.

Ümumən, baş məşqçi seçimlərini öz oyun fəlsəfəsinə görə etdiyini deyə bilər. Amma futbolçunun performansı aşağıdırsa, meydana çıxmırsa, onun milliyə hansı faydanı verəcəyi aydın deyil. Yığma komandaya ən yaxşı formasında olanlar dəvət almalıdır.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Belçika ilə qarşılaşacaq, üç gün sonra isə İordaniya ilə yoldaşıq oyununa çıxacaq.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26