Interposta.Info

 

Azərbaycan futbolunun “Sabah”ı: “Qarabağ” və “Neftçi” niyə geri qalırlar?

İdman
 11-07-2023, 13:27     321

Azərbaycanda aşağı yaş qrupları üzrə liqalarda 2022/23 mövsümünə yekun vurulub.

"İnterPosta" xəbər verir ki, ən çox çempionluq yaşayan “Sabah” olub. Paytaxt təmsilçisinin komandaları U-13, U-15, U-16 və U-17 liqalarında qızıl medallara yiyələniblər. “Futuristlər” ümumən bütün yarışlarda mükafatçılar sırasına düşüblər. Klubun bir komandası gümüş, biri isə bürünc medalçı olub.

Paytaxt təmsilçisi son illərdə akademiyaya böyük diqqət ayırır. Yüksək nəticələrin səbəblərindən biri də müxtəlif bölgələrdəki istedadlı uşaqların tapılıb akademiyaya cəlb edilməsidir.

U-14 Liqasında “Qarabağ” bütün rəqiblərini üstələyib. Ölkə futbolunda dominantlıq edən “atlılar”ın yalnız bir liqada çempion olması klubda uşaq futbolu ilə bağlı problemlərin mövcudluğu barədə deyilənlərin həqiqət olduğunu göstərir.

Eyni zamanda, ölkə futbolunda əsas oyunçu yetişdiricilərindən hesab olunan “Neftçi”nin çempionluq əldə edə bilməməsi diqqət çəkir. Klubun ən yaxşı nəticəsi üç yaş qrupunda gümüş medallar olub. “Ağ-qaralar” iki bürünc əldə etməyi də bacarıblar.

Gənclər Liqasında “Qəbələ” hamıdan güclü olub. Əyalət təmsilçisi bundan başqa, yalnız U-17 liqasında mükafatçı olmağı bacarıb. Bir neçə il öncə “qırmızı-qaralar”ın akademiyasının dominantlıq etdiyini nəzərə alsaq, bu nəticələrin ürəkaçan olmadığını qeyd etməliyik. Hazırda nisbətən yuxarı yaşlarda uğur əldə edilməsi də məhz illər əvvəl akademiyaya qoyulan sərmayənin nəticəsidir. Klubun 17 yaşadək olan liqalarda mükafatçı ola bilməməsi yaxın gələcəkdə “Qəbələ” akademiyasının ən azı nəticələr baxımından sıradan çıxa biləcəyini göstərir.

Ümumiyyətlə, liqalarda, demək olar ki, eyni klublar - Premyer Liqa təmsilçiləri - fərqləniblər. Yalnız U-13 Liqasında “EFA-Vətən” üçüncü yeri tutmağı bacarıb. Bu isə Premyer Liqa klublarının üzərinə lisenziya üçün qoyulan məcburi aşağı yaş komandalarının olması tələbi ilə izah edilməlidir. Yaranmış vəziyyət uşaq futbolunda ixtisaslaşmış hər hansı akademiyanın olmaması problemini qabarıq əks etdirir.

Eyni zamanda, elita təmsilçilərindən “Zirə”, “Sumqayıt”, “Kəpəz”, “Turan Tovuz”, “Şamaxı” və “Səbail”in fərqlənə bilməməsi klubların bu işi düzgün qurmamalarının göstəricisidir.

Maraqlı məqam odur ki, fərqlənən Premyer Liqa təmsilçiləri ötən mövsüm çempionatda da ilk “dördlük”də qərarlaşıblar. Beləliklə, nəticəyə gələ bilərik: Digər klubların əsas komandalarının nəticə əldə edə bilməməsi bir yana, heç akademiyada da effektiv iş görə bilmirlər.

Dövlət tərəfindən elita klublarına ayrılan maliyyənin (üç milyon manat - red.) bir hissəsi məhz akademiya üçün nəzərdə tutulub. Əsas komandanın nəticələri zəif, aşağı yaş qrupları ümid vermir - bəs həmin maliyyə nəyə xərclənir, niyə effektsiz sərf olunur? Klubların bu suallara cavab verməsi mütləqdir.
Əlbəttə, uşaq futbolunda nəticələrin əhəmiyyət daşımadığı ilə bağlı arqumentlər gətirilə bilər. Bu da nəzərə alınıb və 12 yaşadək uşaqların çıxış etdiyi liqalarda hesablar qeydə alınmır, turnir cədvəli tərtib olunmur (Hərçənd, valideynlərin öz aralarında nəticələri qeyd etdiyinə, “alternativ turnir cədvəli” hazırladığına dair dəqiq məlumatlar var - red.). Lakin daha yuxarı yaşlarda rəqabət hissinin formalaşdırılması üçün bu, mütləqdir.

AFFA-nın keçirdiyi aşağı yaş qrupları üzrə yarışlarda mənzərənin daha aydın olması üçün ötən mövsüm üzrə ümumi nəticələri təqdim edirik:

AFFA U-13 Liqası: “Sabah”, “Neftçi”, “EFA-Vətən”;

AFFA U-14 Liqası: “Qarabağ”, “Sabah”, “Neftçi”;

AFFA U-15 Liqası: “Sabah”, “Neftçi”, “Zirə”;

AFFA U-16 Liqası: “Sabah”, “Sumqayıt”, “Neftçi”;

AFFA U-17 Liqası: “Sabah”, “Qəbələ”, “Sumqayıt”;

AFFA Gənclər Liqası: “Qəbələ”, “Neftçi”, “Sabah”.\oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26