Interposta.Info

“Neftçi”nin müdafiəçisi: “Nəticələrdən özümüz də razı deyilik”

 

İdman
 10-11-2022, 17:20     326

"Neftçi”nin son vaxtlar uğursuz çıxışı azarkeşləri narahat etməyə başlayıb. Belə demək mümkünsə, neftçisevərlər artıq nəinki çempionluq, medal qazanmaq şanslarına belə ümidsiz yanaşırlar. Halbuki hələ Premyer Liqanın bitməsinə xeyli müddət var və bu da şansların tam bitməməsi anlamındadır.

Komandanın və millimizin müdafiəçisi Azər Salahlı isə "Neftçi”nin qənaətbəxş olmayan çıxışına rəğmən, azarkeşlərin ümidlərini itirməməsini istəyib. Uzun müddət - üç aydır zədədən əziyyət çəkən futbolçu Qaynarinfo-ya müsahibəsində komandanın çıxışını dəyərləndirib.

"Ayağımda sınıq vardı. 3 ay oynamadım. İndi yavaş-yavaş bərpa olunuram. "Sumqayıt"la matç zədədən sonra ikinci idi. Getdikcə daha yaxşı olmağa çalışıram. Əlbəttə, 3 ay az deyil. Formamı tam bərpa etmək üçün vaxt lazımdır. Məşqlərə artıq 1 aydır başlamışam”.

- "Neftçi”nin hazırkı durumu qənaətbəxş sayılır?

- Əlbəttə, qazandığımız nəticələrdən özümüz də razı deyilik. İstərdik ki, daha yaxşı nəticələr əldə edək. Ardıcıl 3-4 oyunda zədəli futbolçularımız çox oldu. Heç məşq etmək üçün oyunçu sayı düzəlmirdi. Düşünürəm ki, zədələrin də nəticələrimizə xeyli təsiri oldu.

- Sonuncu, "Sumqayıt”la oyunla bağlı nə düşünürsən? Əksəriyyət "Sumqayıt”ın daha üstün olduğunu fikirləşir.

- Çox yaxşı başlamışdıq, demək olar oyun bir qapı qarşısında gedirdi. Əks-hücumda qol buraxandan sonra çətin oldu. Ümumiyyətlə, Sumqayıt səfərlərində həmişə çətinlik yaşayırıq. İstənilən rəqibə qarşı yaxşı müqavimət göstərə bilirlər. Son pillələrdə olmalarına baxmayaraq, Sumqayıt səfəri həmişə çətin olur. Qol buraxandan sonra toparlanıb ikinci hissənin əvvəlində hesabı bərabərləşdirsək də, yenidən geri düşdük. Bu üzdən qələbə qazanmaq çətin oldu. Bir xal əldə etdik, uduza, uda da bilərdik. Lakin yekunda heç-heçə oldu.

- Mövsümün əvvəlində "Neftçi” çempionluğa daha real namizəd idi. Sonradan "Sabah” da ortaya çıxdı və özünü göstərdi. Sanki "Neftçi” geriləyir…

- Deməzdim "Sabah” indi ortaya çıxıb. Çünki keçən il də iddialı komandalardan idi. Bu il iddiasını daha da yüksəltdi. "Qarabağ”, "Sabah” biz, medallar uğrunda mübarizə aparırıq. Yeni baş məşqçi və futbolçular var. Komandaya uyğunlaşma üçün vaxt lazımdır. Şablon söz olsa da, vaxt lazımdır. Zaman böyük şeydir, komanda bir-birinə uyğunlaşmalıdır. Hər məşqçinin öz fəlsəfəsini futbolçulara yeritməsi üçün zamana ehtiyacı var.

- Amma komanda öz oyununu tapana qədər iş işdən keçə bilər…

- Gələcəkdə nəticə qazanmaq, nəyinsə yaxşı olmasını istəyiriksə, səbir edib gözləməliyik. Komanda tez bir müddətdə qurula bilmir. Hər şey üçün vaxt lazımdır.

- Neftçisevərlər, azarkeşlər ümidsizdirlər. Onlar bu mövsüm nəinki nəticə, heç medal belə olmayacağından narahatdırlar.


- Hələ ikinci dövrə bitməyib. Çempionatın cəmi 1/3-i geridə qalıb. Qarşıda xeyli oyunlar var. İndidən nəsə danışmaq, iddiamızı kənara qoymaq, yəqin siz də mənimlə razılaşarsınız ki, hələ tezdir. Mövsümün sonuna qədər mübarizəmizi aparacağıq. Mövsüm bitəndə hansı pillədə qərarşaldığımızı, necə nəticə qazandığımızı görəcəyik. Bundan sonra nəyinsə haqqında fikir bildirmək mümkündür. Azarkeşlər hər zaman komandalarını istəyir. Ələləxsus da "Neftçi”nin azarkeşləri komandanın hər zaman ancaq birinci yerdə olmasını tələb edir. Bu da normal haldır.

- Üzərinizdə təzyiq hiss edirsiniz?

- "Neftçi” elə komandadır, istəyirsən ikinci, üçüncü ol, ya da çempionluğu qazan, hər zaman təzyiq var. Bu da məsuliyyətdən irəli gəlir. Məsuliyyəti hər bir kəs dərk etməlidir. Belə olduqda istər-istəməz təzyiq hiss edirsən. Tənqidlər, iradlar bildirirlər, normaldır. Hər biri komandanın uğurlu nəticəsini görmək istəyir. Belədə etirazlarını futbolçulara çatdırmalıdırlar. Əlbəttə, ümidlərini itirməsinlər. Əlimizdən gələni edəcəyik. "Neftçi” böyük bir ailədir, klubdur. Üzərimizə düşənin ən yaxşısını etməyə çalışacağıq.

- Baş məşqçi komandada hansı dəyişiklikləri həyata keçirib?

- Hər məşqçinin öz oyun üslubu var. Regekampfın öz fəlsəfəsini komandaya aşılaması, onun dediklərinin meydanda taktiki cəhətdən icra olunması üçün vaxt lazımdır. Çox işləməliyik. Ona görə də bir müddət sonra daha yaxşı olacağını düşünürəm.

- Regekampfın mənfi və ya müsbət cəhətləri nədir? Azərbaycana yeni gələndə indikindən daha iddialı görünürdü…

- İndi də iddialıdır. Hər bir şeyin ən yaxşısını etmək üçün çalışırıq. İstər məşqçi, istər futbolçular olsun. Bəzi oyunlarımızda nəticələr qənaətbəxş sayılmaya bilər. Buna baxmayaraq, məşqçi də daxil, iddiamızdan əl çəkməmişik.

- Uğursuzluq olanda Regkampf bəzi məşqçilərdən fərqli olaraq, mətbuat konfranslarında açıq şəkildə komandanı, futbolçuları tənqid edir. Onun bu addımları əhval-ruhiyyənizə necə təsir göstərir?

- Hər məşqçinin xarakteri var. Oyun uğurlu alınmırsa, mətbuat konfranslarında kiməsə nəsə deməsi normaldır. Bəzi məşqçilər var ki, iradlarını komanda daxilində bildirir. Amma Regekampfın mətbuat konfranslarında sırf kiminsə haqqında nəsə dediyini eşitməmişəm. Müdafiədə boşluqlar varsa, baş məşqçi ümumi komandada çatışmazlıqlar olduğunu nəzərdə tuta bilər. Oyundan sonra emosional olursan, bunlar hamısı futbolda yaşanan anlardır.

- Legionerlərin tam uyğunlaşdığını düşünmək mümkündür?

- Hələ də tam uyğunlaşma olmayıb. Dediyim kimi, vaxt lazımdır. Çünki yeni ölkə, mentalitet, komanda görürlər. Futbol tam fərqlidir, ona görə də zamana ehtiyac var. Yaydan bəri, cəmi üç aydır komanda birlikdədir. Bu müddətdə futbolçunun komandaya uyğunlaşması çətindir. Əlbəttə, məşqlərdə yeni nələrsə axtarır, istəyir ki, daha yaxşısını etsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26