Interposta.Info

Olimpiya Komitəsinin keçmiş prezidentinə 30 illik həbs cəzası verildi

İdman
 26-11-2021, 22:29     295


Braziliya Olimpiya Komitəsinin keçmiş prezidenti Karlos Artur Nuzman həbs cəzasına məhkum edilib.

2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Rio-de-Janeyroda keçirilən kampaniyada rüşvət almaqda təqsirli bilinib. Braziliya Olimpiya Komitəsinə 20 ildən artıq rəhbərlik etmiş Nuzman 30 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

79 yaşlı Nuzman Rio-de-Janeyronun 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlərinə rüşvət verməkdə, cinayət təşkilatı yaratmaqda, çirkli pulların yuyulmasında və vergidən yayınmaqda təqsirli bilinib.

Qərardan apellyasiya şikayəti vermək hüququ olan Nuzmanın iş prosesi başa çatana qədər həbs olunmayacağı bildirilib. Digər tərəfdən, məhkəmə səs satın alma hadisəsində iştirak edən keçmiş Rio qubernatoru Serxio Kabralı, braziliyalı iş adamı Artur Soareşi və komitənin Əməliyyatlar üzrə İdarəedici Direktoru Leonardo Qrineri də həbs cəzasına məhkum edib. İttihamnamədə bildirilib ki, Nuzman və Rionun keçmiş qubernatoru Kabral biznesmen Soareşdən 2 milyon dollar təzminat tələb edib.

İddiaya görə, Soareş 2016-cı il Yay Olimpiya Oyunlarının hansı ölkənin keçirilməsi ilə bağlı səsverməsinə cəmi üç gün qalmış BOK-un seneqallı üzvünün oğluna pul ödəyib. Braziliyanın 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi ilə bağlı "Ədalətli Oyun" araşdırması çərçivəsində Nuzman səslərin alınmasına kömək etdiyi üçün 2017-ci il oktyabrın 5-də saxlanılıb. İttihamlardan sonra Nuzman Braziliya Olimpiya Komitəsindən istefa verib.

2016-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Braziliyanın Rio-de-Janeyro, İspaniyanın Madrid, Yaponiyanın Tokio və ABŞ-ın Çikaqo şəhərləri mübarizə aparıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26