Interposta.Info

Millimizin sabiq məşqçisi: "Hazırda işsizliyimi, pulsuzluğumu düşünürəm"

İdman
 8-09-2021, 18:07     341

Azərbaycanın veteran futbolçusu, millimizin sabiq məşqçisi Samir Ələkbərov özünə yeni iş yeri tapıb.

Bu haqda Samir bəy "İnterPosta"-ya açıqlama verib. İşsizlikdən, pulsuzluqdan narazılıq edən Ələkbərov hələlik ölkədə fəaliyyət göstərən uşaq futbol akademiyalarından birində çalışdığını bildirib: "Hazırda özümü, işsizliyimi, pulsuzluğumu düşünürəm. İşləməyən insan dolana bilər? Başqaları bir yerdən ayrılır, iş tapır. Amma biz işdən çıxanda işsiz qalırıq. "Sportinq Baku" adlı klubumuz var. Uşaq futbol akademiyasıdır. Bu işə mən təzə, demək olar iki aydır başlamışam. "Ruslan 93"də məskunlaşmışıq. AFFA-nın bayrağı altında keçirilən bütün yaş qrupları üzrə yarışlarda komandalarımız çıxış edir. Hətta qızlardan ibarət komandalarımız da çempionatlarda çıxış etməyə hazırdır. Yarışların başlamasını gözləyirik".

Ələkbərov klubun xeyli müddətdir yarandığını bildirib: "Klub 2018-ci ildə yaradılıb. Sentyabrın 15-də üç yaşı olacaq. Ümumilikdə 7 yaş qrupu üzrə komandamız var. Onlardan 6-sı oğlan, biri isə qız komandasıdır. Masazırda da "Sportinq Baku" adlı filialımız var. Yol uzaq olduğuna görə orada da meydança icarəyə götürmüşük. Həmin filialda çıxış edən komandaların ikisini Sumqayıt zonasında keçirilən yarışlara buraxacağıq".

Mütəxəssis sözlərinə bunları da əlavə edib: "Bütün dünyada deyirlər ki, uşaq futbolunda nəticə deyilən şey yoxdur. Hesaba, turnir cədvəlinə, kimlərin qol vurub-vurmamasına əhəmiyyət verilmir. Məqsədimiz uşaqları vətənpərvər, yaxşı idmançı, gələcəyin ulduzu kimi yetirşdirməkdir. Əsas şüarımız gələcəyin ulduzlarını yetişdirməkdir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26