Interposta.Info

Şahin Diniyev: "Mən "Makkabi"ni daha güclü hesab edirəm"

İdman
 13-08-2021, 19:59     447

Ötən gün Avropa Liqasında və Konfrans Liqasında baş tutan oyunlardan sonra həm "Neftçi" və "Qarabağ"ın rəqibləri müəyyənləşdi. Avroliqada HİK-ə məğlub olan "flaqman" Konfrans Liqasının pley-off mərhələsində İsrail təmsilçisi "Makkabi"yə (Hayfa) rəqib oldusa, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Şotlandiya klubu "Aberdin"lə qarşılaşacaq. Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev hər iki klubun şanslarını dəyərləndirib.

Vaxtilə İsraildə futbolçu kimi top qovmuş Şahin bəy Qaynarinfo-ya açıqlamasında əvvəlcə pley-off mərhələsində məhz bu ölkənin təmsilçisinə rəqib olan "Neftçi"nin durumuna toxundu:

"Azərbaycanlı kimi çox istərdik ki, "Neftçi" Çempionlar Liqasında daha irəli getsin. Düşünürdüm ki, komanda HİK-i keçmək gücündə idi. Çünki HİK top-komanda deyildi, orta səviyyəli idi. "Olimpiakos"la oyundan əvvəl deyirdilər ki, büdcəsi, futbolçuları baxımından "Neftçi" ikinci roldadır. Finlandiya komandası ilə oyunda isə ümid var idi. Təəssüflər olsun ki, HİK həm Bakıda, həm də öz yerində daha ağıllı, taktiki cəhətdən savadlı oynadı.

Düzdür, "Neftçi" 0:3-ə layiq deyildi. Amma bu futboldur, nə futbolçular, nə məşqçilər belə olmasını istəyərdi. Yəqin hansısa problemlər, çətinliklər var. Əslində "Neftçi"nin hücum potensialı yaxşıdır. Hətta, ən yaxşı orta xəttə malik komandalardan biridir. Oyundan əvvəlki müsahibəmdə bildirmişdim ki, sadəcə, müdafiədə boşluqlar var. Düzgün müdafiə qurulsa, "Neftçi"nin növbəti mərhələyə keçmək şansları çoxdur. Təəssüf ki, əksini izlədik, müdafiədəki həmin boşluqlar qalmaqdadır. Problem deyəndə, bu gün 3 müdafiəçinin üstünə düşmək lazım deyil. Boşluqlar o vaxt yaranır ki, yarımmüdafiəçilər rəqibi buraxırlar. Təzyiq altında qalan müdafiəçilər də səhv edirlər. Nəticədə xeyli qol vəziyyətləri yaranır. Məsələn, həm Buqrin, həm Meza Kolli daha çox hücumda oynayan futbolçulardır. Müdafiədə faydaları çox da yüksək deyil. Kanenin ortada oynaması yaxşıdı. Amma təkcə onunla iş bitmir. Lavalla Harramizin hücuma atılmasını da nəzərə alsaq görərik ki, müdafiə ilə hücum arasında balans yoxdur.

"Neftçi"yə uğurlar arzulayıram. Ümid edirəm ki, "Makkabi" ilə oyunda eyni səhvlər təkrarlanmayacaq. Hazırda "Neftçi"də ən böyük problem müdafiə və hücum arasındakı balans pozğunluğudur".

Şahin bəy komandanın uğursuzluğunun heç də transfer yetərsizliyi ilə əlaqədar olmadığını bildirdi:

"Hər dəfə transfer problemini qabardırlar. İndi sizə sual verim. Fransadan və yaxud İspaniyadan yarımmüdafiəçi gətirsələr, Kanedən güclü olacaq? Yoxsa, Emin Mahmudovdan güclü olacaq? Gələcək transferlər bunlardan güclü ola bilməz. Hazırda "Neftçi"də 2-3 səviyyəli mərkəz müdafiəçi ehtiyatda oturub. Bəli, hücumçu lazımdır. Amma bu o demək deyil ki, transfer olunmayıb. Guya "Qarabağ" böyük transferlər edib? Amma "Qarabağ"a deyən yoxdur ki, niyə futbolçu almırsınız? Uğursuzluq olanda deyirlər ki, oyunçu almaq lazımdır. Uğurlu olsaydılar, deyəcəkdilər ki, "Neftçi"nin transferləri ən yaxşıdır. Harramiz yeni oyunçu deyil? Roman Bask təzə alınmayıb? Düzdür, Namik Ələskərov gedəndən sonra hücumda problemlər yaranıb. Ancaq o olanda da çatışmazlıqlar var idi. Harramizin, Mahmudovun, Lavalın, Meza Kollinin, Buqrinin hücum potensialı azdırmı? Hər dəfə uğursuzluğu transferlərin alınmaması ilə əlaqələndirmək düzgün deyil. "Sumqayıt"ın "Keşlə"nin heç adını çəkən də yoxdur. "Neftçi"nin bəxtinə güclü komandalar düşdü. Bəzi futbolçuların uyğunlaşması üçün vaxt lazım idi. Digər tərəfdən Namikin gedişi... Hamısı üst-üstə düşdü. Uğursuzlıuğu hakimlərin, yaxud transferlərin üstünə atmaq ən asan çıxış yoludur".

Veteran futbolçu "Neftçi"nin İsrail klubu ilə matçdakı şanslarını dəyərləndirərkən, bunları söylədi:

"İsraildə iki top-klub var. Biri Hayfa, digəri Tel-Əviv "Makkabi"sidir. Yəni bunlar "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" kimi daim öndə olan klublardır. Büdcələri də top-klublarınkına uyğundur. Hayfa təmsilçisi Tel-Əviv "Makkabi"sinə nisbətən daha çox topla oynamağı sevir. Belə deyim ki, kiçik "Barselona"dır. Bu komandada daha çox texnikalı futbolçular cəmləşib. "Neftçi"nin nəticəsi biabırçı ola bilər. Amma komanda o qədər də biabırçı oyun göstərmir. Gəlin haqqını yeməyək. "Neftçi" 0-lıq oynamadı. Bu baxımdan deyirəm ki, "Makkabi" ilə "Neftçi"nin şansları bərabərdir. Sadəcə, gözləmək lazımdır ki, psixoloji durumdan necə çıxacaqlar. ÇL, Avroliqa və Konfrans Liqası tam başqadır. Futbolçular addım-addım geriyə gedəndə, oyuna köklənmələri çətin olur".

Diniyev "Qarabağ"ın oyunları ilə bağlı da düşüncələrini bölüşdü:

"Onlarda da eyni problemlər var. Hücumda oynayan Şeydayev qol duyumu olan futbolçu deyil. O daha çox topu özündə saxlayıb komanda yoldaşları üçün şans yaradan oyunçudur. "Qarabağ"ın da problemləri var. Bunları bir kənara qoysaq, "Qarabağ" təcrübəlidir və minimal hesablarla, sırf nəticələrə oynadı. Futbol güclülərin xətrinə dəymir. Ona görə də "Qarabağ"ın haqqını verdi. Belə oyunlarda taktiki cəhətdən daha yaxşı çıxış etməlisən".

Mütəxəssis hər iki təmsilçimizin rəqiblərini də müqayisə etdi: "Müqayisəyə gəlincə, mən "Makkabi"ni daha güclü hesab edirəm".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26