BOK Rusiya idmanının “belini” qırdı
Amma futbol üzrə dünya çempionatının Rusiyadan alınacağı inandırıcı deyil
Rusiyada yenidən dopinq qalmaqalı yaşanır. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi İsveçrənin Lozanna şəhərində keçirilən iclasında dopinq qalmaqalı ilə bağlı Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. BOK-un saytında yerləşdirilmiş məlumatda qeyd olunub ki, oyunlarda Rusiya bayrağının dalğalandırılmasına və Rusiya himninin səsləndirilməsinə də icazə verilməyəcək. Həmçinin bildirilir ki, oyunlarda olimpiya bayrağı altında yalnız “təmiz” (dopinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə bilərlər. Qərara əsasən, Rusiya baş nazirinin müavini Vitali Mutko olimpiadada iştirakdan ömürlük məhrum olunub.
Analoji sanksiyalar keçmiş idman naziri Yuriy Naqornıxa da şamil olunub. 2014-cü ildə Soçi şəhərində keçirilən Olimpiya və Paraolimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etmiş Dmitri Çernişenko 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının əlaqələndirmə komissiyasının tərkibindən çıxarılıb.
Eyni zamanda Rusiya bütün bunlara görə böyük məbləğdə cərimələnib. Belə ki, Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Antidopinq Komissiyasına (ITA) 15 milyon dollar ödəməlidir. Onu da qeyd edək ki, Rusiya idmançılarının qadağan olunmuş maddələrdən istifadə etmələri ilə bağlı ittihamlar ötən il də qalmaqal yaratmışdı.
2016-cı ilin iyun ayında Rusiyada idmançıları testdən keçirən antidopinq qurumunun rəsmilərinə maneələr törətmiş və buna görə onlar təhlükəsizlik xidməti tərəfindən hədələnmişdi. Bu barədə məlumat Dopinq Əleyhinə Beynəlxalq Agentliyin (WADA) hesabatında yer almışdı.
WADA-nın bəyanatı Rusiya idmançılarının 2016-cı il Rio Olimpiadasında iştirakının müəyyən edilməsindən iki gün əvvəl səslənmişdi. Nəticədə isə dövlət himayəsi ilə dopinqin istifadəsində ittiham edilən Rusiya idmançılarına beynəlxalq yarışlarda çıxış etmək qadağan edilmişdi. 2016-cı ilin mart ayında isə tennis ulduzu Maria Şarapovanın ardınca daha 3 rusiyalı idmançının qanında qadağan olunmuş meldonit maddəsi aşkar edilmişdi. Bunlar voleybol millisinin üzvü Aleksandr Markin, 5 qat dünya çempionu xizəksürən (Konki) Pavel Kulijnikov və qısa məsafəyə qaçan xizəkçi (Olimpia çempionu) Semyon Elistratov idi.
Həmçinin fiqurlu konki sürən Ekatrina Bobrova və onun tərəfdaşı Dimitri Solovyev buna görə Bostonda keçiriləcək dünya çempionatından xaric edilmişdilər. Bütün bunların fonunda bir məsələ də var ki, 2018-ci ildə futbol üzrə Dünya Çempionatı Rusiyada keçiriləcək. Ehtimallar var ki, dünya çempionatının Rusiyada keçirilməsini Avropada və Amerikada istəməyən qüvvələr var. Bu, Ukrayna hadisələrindən sonra Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqələndirilir. Baş verən hadisələr Dünya Çempionatının Rusiyada keçirilməməsinə gətirib çıxara bilərmi?
"XeberBiz" xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, Amerikanın hazırda Rusiyaya qarşı münasibəti son dərəcə gərgin həddədir: “Amerika Rusiyaya qarşı total müharibə vəziyyətindədir. Bir o qalıb ki, silahlar işə düşsün. Silahlardan başqa hər bir qüvvələr işə salınıb. Putinin köməkçisi Peskov etiraf etdi ki, Amerika Rusiyanın biznesini Putinin əleyhinə çevirib. Peskovun bu etirafı, Rusiyanın daxilində də Amerikanın təzyiqinin çox güclü olduğunun göstəricisidir. Ona görə də hesab edirəm ki, Putin vəziyyəti yaxşı anlayır və bu səbəbdən də özünün prezidentliyə namizədliyini elan etmir. Yəqin ki, Putin qarşıdan gələn prezident seçkilərində iştirak etməməyə çalışacaq. Ola bilər ki, Şoyqunun namizədliyini dəstəkləsin. Putin başa düşür ki, Amerikanın Rusiyaya qarşı təzyiqləri ilk olaraq Putinin şəxsinə görədir. Artıq Rusiyanın olimpiadada iştirakı ləğv olundu və 2018-ci ildə futbol çempionatının orada keçirilməsi də ləğv edilə bilər. Bundan da əlavə bizim ağlımıza gələn və gəlməyən nə qədər sanksiyalar varsa, hamısı Amerika tərəfindən tətbiq edilə bilər. Putin vəziyyətdən yalnız Şoyqunu prezident etməklə çıxa bilər. Putinin fəaliyyəti əlavə gərginliklər də yaradır. Siyasətdir, hərəkət etdikcə təkcə yaxşı nəticələr ortaya çıxmır, pis məqamlar da olur. Putin prezident seçkilərindən imtina etməklə çalışacaq ki, siyasətinin gətirdiyi gərginliklər aradan qaldırılsın. Putin prezident olaraq qalarsa, orada Dünya Çempionatı keçirilməyəcək”.
İdman jurnalisti Natiq Muxtarlı isə bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarı DÇ-2018-in təşkilatçılıq hüququnun Rusiyadan alınmasına heç bir təsir göstərməyəcək: “Dünya çempionatı olimpiadadan da qlobal turnirdir. Bu yarışa hazırlaşmaq üçün hətta on illər lazım olur. Olimpiada bir şəhərdə keçirilirsə, dünya çempionatı 11-12 şəhəri əhatə edir. ABŞ DÇ-2018-in təşkilatçılıq hüququnun Rusiyadan alınmasına cəhd göstərdi. FİFA-da aparılan korrupsiya əməliyyatı da məhz bu məqsədə xidmət edirdi. Həmin vaxt İngiltərə və Almaniya mundialı qəbul etməyə hazır olduqlarını bildirmişdilər. Onların hazır infrastrukturu olduğu üçün həmin vaxt təşkilat hüququnu Rusiyadan almaq olardı. Ancaq Rusiya o mübarizədən qalib ayrıldı. İndi isə bunu etmək mümkünsüzdür. Mundialın startına illər yox, aylar qalıb, final mərhələsinin püşkü atılıb. Rusiyaya gələcək komandalar yerləşəcəkləri bazaları seçiblər, biletlərin də əksər hissəsi satılıb. Artıq ABŞ da anlayır ki, DÇ-ni Rusiyanın əlindən almaq mümkün deyil”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26