Interposta.Info

İslamiada:

İdman
 16-05-2017, 23:17     653

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib. Musavat.com xəbər verir ki, yarışın ilk gündə 3 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıb.

58 kq-dakı təmsilçimiz Fizam Mehtiyev yarışlara 1/8 finalla başlayıb. Avropa üçüncüsü olan gənc taekvondoçumuz özbəkistanlı Niyaz Pulatovla döyüşüb. İlk hissədən geriyə düşən idmançımız vəziyyətdən heç cür çıxa bilməyib. Nəticədə 7:11 hesabı ilə məğlub olan Mehtiyev İslamiadada mübarizəni erkən dayandırıb. Fizam Mehtiyev mübarizəni erkən dayandırsa da, komanda yoldaşları Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.

Belə ki, 54 kq çəki dərəcəsində yarışan Qaşım Maqomedov da İslamiadaya 1/8 finaldan start verib. Lakin o, komanda yoldaşından fərqli olaraq uğurlu çıxış edib. Dünya çempionatının gümüş mükafatçısının ilk rəqibi pakistanlı Umar İqbal olub. İlk saniyələrdən təşəbbüsü ələ alan idmançımız pakistanlıya aman verməyib. 26:6 hesablı qalibiyyət Maqomedovun 1/4 finala adlaması ilə nəticələnib. Taekvondoçumuz növbəti mərhələdə özbəkistanlı Şukrob Bobobekovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 22:22. Maqomedov əlavə edilmiş dəqiqələrdə qızıl xalla qalib gəlib (3:0).

İdmançımız yarımfinalda Dəniz Dağdelen (Türkiyə) önündə ciddi çətinlik yaşamayıb. Maqomedov 6:0 hesabı ilə öndə olarkən birinci hissədə zədələnən türkiyəli taekvondoçu mübarizəni davam etdirə bilməyib. Maqomedov zədələnən türkiyəli rəqibinin qoluna girərək, ona kömək edib. Onun bu hərəkəti zalda əyləşən tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Vaxtından əvvəl qələbə qazanan Maqomedov finalda iranlı Mehdi Eşaqiyə rəqib olub. Gərgin mübarizə şəraitində keçən döyüşün sonunda qızıl medala iranlı Mehdi Eşaqi sahib olub.

Qadınların mübarizəsində 57 kq çəkidə ölkəmizin şərəfini qoruyan Yaprak Eriş 1/4 final mərhələsindən başladığı yarışda ilk olaraq gücünü Pakistan taekvondoçusu Farsin Hamdaniyə göstərib. Başdan sona qədər rəqibinə aman verməyən Eriş 29:3 hesabı ilə qalib gəlib.

Millimizin üzvü yarımfinalda Tayebeh Parsa (İran) ilə üz-üzə gəlib. Gərginliyi ilə seçilən döyüş təmsilçimizin 14:12 hesablı qalibiyyəti ilə nəticələnib. Bununla finala yüksələn Eriş minimum gümüş medalı təmin edib. O, həlledici görüşdə Türkiyə idmançısı Dürdanə Altunelə də qalib gələrək, qızıl medalı ölkəmizə qazandırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26