Interposta.Info

Azərbaycan olimpiadadan

İdman
 9-01-2017, 16:15     647

 Azərbaycan olimpiadadan

Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə oluna bilər.

Məlumata görə, son illər yalnız əleyhimizə işləyən dopinq qalmaqalları bu dəfə yığmamıza mükafat bəxş edib.

Özü də bu ən qalmaqallı idman növümüz olan ağırlıqqaldırmada rəsmiləşib.

Buna London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairov imza atıb.

Yarışları 397 kq-la (182 kq + 215 kq) 6-cı yerdə başa vuran atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.

Londonda 5-ci olan iranlı Səid Məhəmmədpurkarkara çempion elan edilib. Bürünc mükafat isə koreyalı, Londonda 8-ci olan Min Jae Kimə nəsib olub. Bütün bunlara səbəb ilk “dördlük”də qərarlaşanların – İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanması olub.

Sayt bildirir ki, bununla, London-2012-də qazanılan medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamız ikinci yerlərinin sayını 3-ə çatdırıb. Amma...

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova azvision.az-a deyib ki, ağırlıqqaldırma üzrə atlet İntiqam Zairovun London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnməsi haqqında Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında məlumat yoxdur.

Nazirlik rəsmisi qeyd edib ki, bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyasına heç bir rəsmi məlumat daxil olmayıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır./apa

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26