Interposta.Info

Həbs edilən Vətən müharibəsi iştirakçısının atası prezidentə müraciət etdi

 

Gündəm
 12-09-2024, 16:19     44 718

Hazırda günahsız saxlanılan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımlı Ləyaqət Gülağa oğlunun atası Kazımov Gülağa Məmməd oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Hərbçinin atası müraciətində oğlu Ləyaqət Kazımlının öz qanı ilə tarix yazanlardan biri, 2016-cı il aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin, 1 (bir) günlük antiterror əməliyyatının iştirakçısı olduğunu bildirib.
Gülağa Kazımov oğlunun işi ilə bağlı təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib. O, Prezidentə müraciətində oğlu Ləyaqət Kazımlının böhtan atılaraq günahsız saxlanıldığını bildirib və bu işi şəxsi nəzarətinə götürməyini rica edib.
Müraciətdə qeyd edilib ki, Ləyaqət Kazımlı torpaqlarımızın düşməndən azad olunmasındakı şücaətinə görə çoxlu medallarla təltif olunub, qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallar alıb:
Sözügedən məktubu təqdim edirik, inanırıq ki, iş ədalətlə araşdırılacaq:
“Sizi öz qanı ilə tarix yazanlardan biri, zəfər zabiti 2016-cı il aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin, 1 (bir) günlük antiterror əməliyyatının iştirakçısı, Ali Hərbi İdarəetmə Akademiyasının I kurs tələbəsi mayor rütbəli zabit Kazımlı Ləyaqət Gülağa oğlunun ailə üzvləri tərəfindən narahat edirəm. Mən 50 il xalqımın balalarının təhsili ilə məşğul olmuşam. Həm ailədə, həm də məktəbdə vətənpərvər, vətənimizə sədaqətlə qulluq edən gənclər yetişdirmişəm. Bunun nəticəsidir ki, vətən torpağının düşməndən azad olunmasında yetişdirdiyim şagirdlərdən şəhid və qazi olanlar var. Ləyaqət də yetişdirdiyim gənclərdən biridir. Biz öz vətənimizi qızğın məhəbbətlə sevib, istər ailədə, istər məktəbdə, istərsə də cəmiyyətdə həmişə bunu aşılamışıq. Eyni zamanda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşənlərdənik. Biz cənab prezidentin ağıllı, müdrik siyasəti sayəsində başıuca, alnıaçıq, üzüağ xoşbəxt yaşayırıq. Oğlum Kazımlı Ləyaqət öz vətənini qızğın məhəbbətlə sevən, vətəninə 18 il xidmət edən, vətəni uğrunda canından keçməyə hazır olan bir əsgərdir. Torpaqlarımızın düşməndən azad olunmasındakı şücaətinə görə çoxlu medallarla təltif olunub. Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallar alıb. Ailəlidir, biz azyaşlı övladı var. Evi yoxdur. Kirayədə qalırdı. Ailəsini dolandırmaq üçün dərsdən sonra öz şəxsi maşını ilə qanuni yolla taksi fəaliyyəti itə məsğul olurdu. 1 may 2024-cü il tarixində biz sərnişin xanımı sifariş əsasında götürür. Xanım sərnişin mənzil başında düşəndən sonra 3,4manat əvəzinə oğlumun kartına 7 (yeddi) manat ödəyərək uzaqlaşır. Bir az keçəndən sonra bir Türkiyə nömrəsindən oğluma mesaj (zəng) gəlir. Bildirir ki, sən xanım sərnişinə qarşı nəzakətsizlik etmisən, göz-qaş oynatmısan. Oğlum isə belə bir şeyin olmadığını bildirərək, xanımla üzləşəcəyini bildirib. 2 may 2024-сü il tarixində oğlum dərsdən çıxıb evə gedərkən yolda maşını saxlayıb düşüb, bu anda 3-4 nəfər mülki geyimli şəxs ona qarşı zorakılıq edərək maşına basıb maşını da özləri idarə edərək naməlum istiqamətə aparıblar. Maşına baxış keçirib birbirinə deyirlər ki, maşında heç nə yoxdur. Maşınını həmin yerdə buraxıb başqa maşınla oğlumu Bakı Şəhər Baş Polis idarəsinə gətirib 3-cü mərtəbəyə qaldırırlar. Otaqda oturan mülki geyimli bildirir ki, sen dünən xanım sərnişinə sataşmısan. Oğlum belə işin olmadığını söyləyərək xanımla üzləşəcəyini bildirib. Mülki geyimli həmin adam deyir, yaxşı, yaxşı. 2 (iki) kibrit qutusunu oğluma uzadıb götürməsini əmr edir. Həmin 2 (iki) kibrit qutusunun götürülməsindən oğlum imtina edir. Onlar zorakılıqla həmin kibrit qutularını oğlumun cibinə qoyurlar. Sonra oğluma əmr edirlər ki, onları çıxar, ver, bunlar sənindir. Maşının və evin açarlarını da götürürlər, hal-hazırda da onlardadır. Oğluma deyirlər ki, sənin maşınında, evində də belə şeylər, silah-sursat var. Protokol yazıb oğlumun qabağına qoyub imza atmağı əmr edirlər. Oğlum imza atmaqdan imtina edir. İmtina edəndə oğluma qarşı zorakılıq tətbiq edirlər, işgəncələrə məruz qalır, elektroşok verirlər, təhqir və təhdidlərə məruz qalır. Protokolu imzalamağı tələb edirlər, deyirlər ki, ağıllı ol, imzala. İmtina edəndə işgəncələr yenidən təkrarlanır. Bu dəfə şalvarını çıxarıblar əynindən zorakılıqla. Sənədləri imzalamayacağı təqdirdə dubinka və butulka ilə zorlanacağı ilə hədələyiblər. İmzalamayanda 1 tabletka yeməyi əmr edirlər, tabletkanı qəbul etmir, zorla oğluma maye içizdirirlər. Yenə imtina edəndə həyat yoldaşını bölməyə gətirməklə hədələyib nalayiq sözlərlə təhqir etməyə başlayırlar. Ailəsinin ləkələnəcəyini görəndən sonra oğlum həmin protokolla oğluma məxsus olmayanlara imza atmağa məcbur olub. Oğlum o imzanı ailəsi təhqir, təhdid, zorakılığa məruz qalmasın deyə məcburiyyətdən atıb. İmzalanan protokolda maşınından və evindən tapıldığı iddia edilənlərin heç birisinin oğluma aidiyyəti yoxdur. Daha sonra oğlumu kirayədə yaşadığı evə mayın 2-dan mayın 3-nə keçən gecə saat 1-2 radələrində oğlumu yaşadığı evə aparıb, çöl qapıda saxlayıb özləri içəri daxil olurlar. Daha sonra Ləyaqəti də içəri aparırlar, evdə özlərinin yerləşdirdiyi 1 (bir) ədəd əl qumbarasını və bir neçə patron çıxarıb bu da sənindir deyirlər. Daha sonra maşınından patron, tərəzi və bir büküm çıxarıb oğlumun adına yazırlar. Daha sonra məhkəməyə aparıb Baş Polis idarəsinin əməkdaşları oğluma 4 ay həbs qətimkan tədbiri seçirlər. Oğlumu şərləyərək həbsə atıblar. Oğlum heç bir günahı olmadan həbs olunub. Oğlum yüksək rütbəli zabitdir, hərbinin bundan heç bir xəbəri yoxdur, heç maraqlanmır da. Mənim zabitimi mülki polis, mülki məhkəmə hərbinin xəbəri olmadan necə həbs ediblər. Oğlum günahsızdır, oğlumu təhsildən, hərbi işdən uzaqlaşdırmaqdan ötrü bunları sifarişlə həyata keçiriblər. Xanım sərnişini və türk mobil nömrəsi ilə oğluma mesaj göndərən adamları tapıb telefon danışıqlarına görə oğlumu şərləyən adamları və sifarişçiləri tapmaq olar. Xahiş edirəm, haqq-ədalətin üzə çıxarılmasında bizə dayaq olasınız. Bundan əlavə oğlumun saxta cinayət işinin hərbi prokurorluqda araşdırılmasında ailəmizə dəstək göstərəsiniz. Baş Polis İdarəsinin əməkdaşları kimlərinsə tapşırığı ilə vətənə 18 il qüsursuz xidmət edən bir gənci belə şərləyərək ləkələyiblər. Əgər belə vətənpərvər hərbçilər lazım deyilsə, onları ləkələyib həbsə atmasınlar, azad etsinlər işdən, qoy azadlıqda fəhləlik etməklə öz ailələrini saxlasınlar. Bu cür məmur özbaşınalığı, vəzifə səlahiyyətindən sui-istifadə öz çirkin əməllərini həyata keçirməklə vətənpərvər bir gəncin ləkələnməsi böyük təəccüb doğurur. Digər təəccüb doğuran məsələ MN-in öz zabitinin həyatına bu qədər laqeyd qalmasıdır. MN öz zabitinin istintaqının hərbi polisdə, prokurorluqda deyil, onu şərləyən polisdə aparılmasını sadəcə seyr etməklə məşğuldur. Bu gün Ləyaqətin başına gətirilənlər sabah başqasının başına da gətirilə bilər. MN-ə iradımız isə oğlum hələ istintaq altında ikən, məhkəmə hökmü olmadan oğlumun işdən azad olunması ilə bağlıdır. Xahiş edirəm, oğlumun işinin hərbi prokurorluqda araşdırılmasında bizə dəstək olasınız. Oğlum günahsızdır. Onu vətənimizi istəməyən qara qüvvələr şərləyib həbsə atıblar. Peşəkar, təcrübəli hərbçiləri şərləyərək müqəddəs peşələrindən uzaqlaşdırırlar. Sizdən xahiş edirəm, haqq-ədalətin bərpa olunmasında bizə öz kömək əlinizi uzadasınız, haqqı nahaqdan ayırmaq Allaha da xoş olar. Qabaqcadan Sizə öz təşəkkürümü bildirirəm”.

İnterPosta.info










Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26