Interposta.Info

Kamilin Ermənistanın sorğusu ilə tutulduğu təsdiqləndi (YENİLƏNİB)

Gündəm
 21-02-2024, 10:14     22 188

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "Caliber"ə açıqlamasında Kamillə təmasda olduqlarını qeyd edib:

"Domodedovo" hava limanında Kamil Zeynallının saxlanılması bizə məlum olan kimi, Azərbaycanın Rusiyadakı Səfirliyinin konsulunu, eləcə də onun müavinini polis bölməsinə göndərdim. Onlar, həmçinin vəkilimiz Kamillə artıq görüşüb və onunla daim təmasdadırlar".

Onun sözlərinə görə, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb:

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. Moskva vaxtı ilə təqribən gecə saat 3-də onunla şəxsən telefonla danışdım və Səfirliyin artıq onun məsələsi ilə məşğul olduğu barədə məlumatlandırdım. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”.

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.

10.29
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"İnterPosta"nın məlumatına görə, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:

“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.

09:37

Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.


"İnterPosta" xəbər verir ki, o, bu barədə instaqramdakı hesabında bildirib.

"Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”, - o deyib.

K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: "Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26