Interposta.Info

Kür quruyur, ekoloji fəlakət yaxınlaşır: Problemin qarşısını necə almaq olar?

Gündəm
 1-12-2022, 14:25     116

Antropogen təsirlər nəticəsində Kür çayında suyun səviyyəsi sürətlə aşağı düşür. Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib.

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kürün suyunun səviyyəsinin aşağı düşməsi çayın üzərində tikilən çoxsaylı su anbarları ilə bağlıdır:

"Kür çayı ekosistemi artıq dağılmış zonaya çevrilməkdədir. Çayın üstündə çoxsaylı su anbarları var. Həmin anbarlara milyardlarla kubmetr su ehtiyatı yığılır. Tədqiqatlar göstərir ki, məhz tikilən bu su anbarları nəticəsində Kür çayının suyu quruyur, azalır. Çayın su ehtiyatı müəyyən balansa uyğunlaşdırmalıdır və su ehtiyatının yalnız müəyyən hissəsi Kürdən götürməlidirlər”.

Ekspert problemin həlli üçün Kür boyu ərazilərdə günəş enerjisindən istifadəyə keçməyi daha məqbul hesab edir:

"Kür-Araz ovalığında enerji almağın başqa yolları da var. Bu ərazilər böyük günəş enerjisi ehtiyatına malikdir. Ona görə də Kür çayı boyu ərazilərdə su enerjisindən daha çox günış enerjisindən istifadəyə keçməliyik. Kür çayının axdığı ərazi ölkə ərazisinin təxminən 25 faizini əhatə edir. Bu zonada 2,5 milyon əhali yaşayır. Hansı ki, bu ərazidə əhalinin su ehtiyatı az olduğundan məişət və suvarma sahəsindəki ehtiyaclar əsasən Kür çayı vasitəsilə təmin edilir”.

Ənvər Əliyevə görə suvarma sistemlərinin yenidən qurulması da Kürün suyunun azalmasının qarşısını ala bilər:

"Suvarma texnologiyası da köhnədir. Nəticədə su israfçılıqla talan edilir. Ona görə də həmin ərazidə suvarma sistemləri yenidən qurulmalı, müasir texnologiyaya tətbiq edilməlidir. Bunun üçün isə dövlət proqramı qəbul edilməlidir. Bu istiqamətdə ciddi addımlar atılmasa Kürün suyunun quruması adi hala çevriləcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26