Interposta.Info

Rüşvət alarkən tutulan müdir və icra nümayəndəsinin işi üzrə daha bir sabiq məmur saxlanılıb

 

Gündəm
 19-11-2022, 15:01     107

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həbs edilən Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu və Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin cinayət işi üzrə istintaq yekunlaşıb

Qaynarinfo-nun məlumatına görə, istintaq zamanı rayonda vəzifəli şəxs olmuş Yaqubov Mikayıl Əlisoltan oğlunun da saxlanıldığı məlum olub.

İş baxılması üçün məhkəməyə göndərilib. İşə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı dekabrın 1-nə təyin edilib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb. Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb.

Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvət alma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26