Interposta.Info

Sabiq hakimin 243 min manatlıq pensiya əməliyyatı

Gündəm
 1-11-2022, 15:44     301

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində sabiq hakim İlyas Mahmudovun cinayəti işi üzrə məhkəmə prosesi başlayıb. Qaynarinfo xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İlyas Mahmudov bilə-bilə ədalətsiz qərar çıxarmaqda, rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Sabiq hakim isə ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. O, növbəti prosesdə geniş ifadə verəcəyini deyib.

Məhkəmədə məlum olub ki, cinayət işi üzrə dəymiş ziyan 214 min manatdır. Zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) tanınıb.

Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.

Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qanunsuz qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi faktı ilə bağlı ƏƏSMN və Ədliyyə Nazirliklərindən daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, 2008-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət almasına, 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.

Bundan başqa, İlyas Mahmudovun icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı qanunsuz məhkəmə aktlarının aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də 243 min 441 manat pensiya ödənişinin verilməsinə səbəb olmaqla dövlətə zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İlyas Mahmudov qanunvericiliyin tələblərini dəfələrlə pozduğuna görə 2019-cu ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

İntterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26