Interposta.Info

Xəzərdə kimin nə qədər hərbi gücü var? - ARAŞDIRMA

Gündəm
 12-02-2019, 19:24     10 634

Sahil ölkələrinin hərbi dəniz gücü və imkanları haqda Xəbər verdiyimiz kimi, yanvarın 23-də Dövlət Sərhəd Xidmətinin S-206 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib. “Tufan” DSX-nın Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilib. Bununla da yeni gəmi DSX Sahil Mühafizəsinin sıralarında xidməti-döyüş fəaliyyətinə başlayıb.

Ümumiyyətlə, son illərdə təkcə Azərbaycan deyil, Xəzər sahilində yerləşən 5 ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran – dənizdəki hərbi güclərini xeyli artırıblar. Baxmayaraq ki, ötən il əldə olunmuş Xəzər anlaşmasına əsasən 5 sahilyanı ölkədən başqa hər hansı dövlətin Xəzərdə hərbi gücə sahib olması qadağandır. Lakin buna baxmayaraq Xəzərdə silahlanma yarışı sürətlə artır.

Xəzərdə ən böyük və tarixi güc olan Rusiya dövləti iki il əvvəl Xəzər donanmasının Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib. Bazada liman, xidmət məntəqələri, mənzillər və s. tikilir. Kaspiyskdə bundan əvvəl də Rusiyanın Xəzər donanmasının qüvvələrinin bir hissəsi dislokasiya olunub. Burada donanmanın beş hərbi bölməsi - 106-cı sahil mühafizə briqadası, 250-ci qvardiya gəmi divizionu, 242-ci gəmi desant divizionu, 410-cu əlahiddə dəniz piyada batalyonu, əlahiddə radiotexniki mərkəz yerləşir. Mahaçqalada isə sualtı diversiya dəstələrinə qarşı mübarizə üzrə 137-ci xüsusi təyinatlı dəstə dislokasiya olunub.

Digər ölkələr də Rusiyadan geri qalmır, hərbi potensialını gücləndirir. Hazırda 5 ölkənin dənizi olan Xəzərdə hərbi güc balansı necədir? Mətbuata yol tapan məlumatlar əsasında Xəzərdəki sahil ölkələrinin hərbi dəniz gücü haqqında məlumatları topladıq.

Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Donanması 1992-ci ildə Xəzər Donanması bölüşdürüldükdən sonra yaradılıb. Sovet dövründə SSRİ-nin Xəzər Hərbi Donanmasının mərkəzi qərargahı Bakıda yerləşib. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya Xəzər Donanmasını şimala daşıyıb. Bu zaman Azərbaycana 25 faiz pay verilib. Bölgü nəticəsində Azərbaycana 18 ədəd müxtəlif təyinatlı hərbi gəmi çatıb.

Son illərdə isə Azərbaycan Xəzərdəki gücünü yeni və ya xaricdən alınıb yenilənmiş gəmi və katerlər hesabına daha da artırıb. Bu zaman əsasən Dövlət Sərhəd Xidmətinin donanması gücləndirilib. Sahil müdafiə qüvvələrində S-005, S-006, S-007 nömrələri ilə nömrələnmiş 205P layihəli sərhəd gözətçi gəmiləri olub.

Bundan əlavə, bir 205U layihəli raket kateri də modernizasiya olunub, çox yer tutan köhnə raket qurğuları çıxarılandan sonra, S-008 nömrəsi ilə bu qüvvələrə verilib.

Bundan başqa ABŞ-dan S-201 bort nişanlı patrul katerlər, S-11 və S-12 nömrəli “48 futluq Silver şip” kiçik patrul katerləri, RİB-36 tipli metal karkaslı hava ilə doldurulmuş rezin katerlər alınıb və bunlar da S-09 və S-10 nömrələri ilə birləşməyə qəbul olunub.

“Azeri Defence”nin məlumatına görə, 2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə indiyədək 6 ədəd “Şahdağ” (“Shaldag Mk V) və 6 ədəd “Tufan” (Saar OPV-62) layihəli sərhəd-gözətçi gəmisi inşa olunub. “Şaldaq Мk-V” tipli patrul katerləri döyüş siyahısına S-301 dən S-306 bort nömrələri ilə qəbul olunub. 27 metr uzunluğu olan bu kater suyu reaktiv axın kimi püskürən güc qurğusu ilə 54 dəniz düyünü gedişi verir. Bu quruda 100 km/saat sürətə bərabərdir.

Rusiyanın Xəzər gücü

Qeyd edək ki, Rusiya Türkmənçay anlaşmasına əsasən uzun illər Xəzərdə hərbi gücə malik olan yeganə dövlət olub. Bundan başqa SSRİ-nin dağılmasından sonra Xəzər donanması bölünsə də, əsas pay Rusiyaya çatıb və son illərdə Rusiya Xəzərdəki gücünü daha da böyüdüb. 2015-ci ildə Xəzərdən Suriya ərazisini raket atəşinə tutan Rusiya donanması bir mənada güc nümayişi etdirdi.

Rusiyanın Xəzər Donanmasına bəzi məlumatlara görə 30, bəzi mənbələrə görə isə 50-dək müxtəlif həcmlərdə 50-dək gəmi daxildir. Xəzər Donanmasının ən böyük gəmisi, donanmanın flaqmanı “Hepard” tipli, ən müasir və güclü silahlarla silahlanmış “Tatarıstan” gəmisi və “Dağıstan” gəmisidir. Yeri gəlmişkən, 2013-cü ildə “Dağıstan” Bakı buxtasına yan alıb, bir neçə gün Bakıda lövbər salıb.

Raket gəmiləri, əsasən "Dağıstan" gəmisi donanmanın əsasıdır. 2012-ci ilin yayında silahlanmaya qəbul olunub, "Kalibr-GK" yeni raket kompleksi ilə təchiz edilib. Bu raketlərin atəşin məsafəsi dəniz üzrə 2,5 min km, yerüstü məqsədlər üzrə 2 min km-dən çoxdur. Yeri gəlmişkən, Suriyada İŞİD hədəfləri məhz bu raketlərlə vurulub. Bundan başqa donanmada “Mahaçqala” və “Qəhrəman şəhər Volqoqrad" adlı döyüş gəmiləri də var.

Xəzər Donanmasının tərkibində həmçinin 847-ci əlahiddə sahil raket diviziyası (Həştərxan), 77-ci əlahiddə qvardiya dəniz piyada briqadası (Kaspiysk), habelə vertolyot eskadrilyası da var. Rusiya hökuməti bəyan edib ki, Xəzər Donanması 2010-ci ilə qədər daha da böyüdüləcək.

İran hərbi donanması

SSRİ dönəmində İranın Xəzərdə hərbi gücü olmasa da İslam Respublikası SSRİ-dən dərhal sonra Xəzərdə sürətli hərbi güc yaradıb. İlkin olaraq Rusiyadan bir neçə hərbi gəmi alan İran daha sonra cənubdan bir neçə gəmini Xəzərə gətirib. İndi isə son illərdə İran özü Xəzərdə yeni gəmilər inşa edir.

İranın Xəzərdəki hərbi gücünün əsasında 4 ədəd “Sina” tipli artilleriya kateri, 2 ədəd “Jamaran” tipli 95 metrlik (Vilayət və Dəmavənd) 1400-1500 ton subasımlı korvetlər, Çinin “Hoodong” layihəli 34 metrlik və təxminən 200 ton subasımlı 3-5 ədəd raket katerləri, bir neçə sualtı qayığı təşkil edir.

Dəmavənd gəmisi 2018-ci il yanvarın 10-da Xəzərdə fırtına nəticəsində külək və dalğalar Bəndər-Ənzəli hərbi bazasının molunun dalğaqıranına çırpıb. 3 nəfər gəmi heyəti həlak olub. Yayılan məlumatlara və şəkillərə görə, gəmini xilas edə bilməyiblər. Lakin Ənzəlidə yerləşən hərbi tərsanə artıq bu gəmilərin istehsalını həyata keçirdiyindən, seriyanın başqa gəmilərini də istehsal edə bilər.

Qazaxıstanın Xəzərdəki hərbi gücü

Qazaxıstanın hərbi-dəniz gücünün əsasında Rusiyanın 20971 layihəli “Katran” tipli “Qazaxstan” raket kateri dayanır. Yerli istehsal olan bu gəmi Qazaxıstan donanmasının flaqmanıdır. Qeyd edək ki, Qazaxıstan SSRİ-nin Xəzər Donanmasının bölüşdürülməsində iştirak etməyib. Ancaq SSRİ zamanı Qazaxıstan ərazisindəki mövcud olan “Zenit” hərbi tərsanəsi bu ölkənin özünün gəmi istehsalında və donanmasını gücləndirməsində əvəzsiz rol oynayır. Hazırda Qazaxıstan hərbi gücünə görə İranla rəqabət aparır.

Yerli istehsalla yanaşı Qazaxıstan Cənubi Koreyadan 3 ədəd “Yoon Young-ha” tipli patrul gəmisi, 3 ədəd 150 ton subasımı olan “Sea Dolphin” tipli gəmi alıb.

Türkmənistan Hərbi Dəniz Qüvvələri

Qazaxıstan kimi Türkmənistan da “sovet payı2 almayıb və donanmasını sonradna qurub. 2000-ci illərin əvvəllərində Aşxabad Rusiya və Ukraynadan kiçik su basımına malik katerlər satın alıb. 2010-cu ildən isə Türkmənistan HDQ-nin yeni və daha böyük gəmilərlə təchiz edilməsi prosesinə start verilib. Türkmənistanın HDQ-nın əsas bazası liman şəhəri olan Türkmənbaşı liman şəhərində yerləşir. Ölkənin dəniz təhlükəsizliyini və sahil mühafizəsini təmin edən bu qoşun növündə 2 mindən artıq hərbçi xidmət edir.

2002-ci ildə Türkmənistan Sahil Mühafizəsinin tərkibinə Ukraynada istehsal olunan sahil mühafizə təyinatlı 10-dan artıq “Kalkan-M” və “Qrif-T” patrul katerləri daxil edilib. 2003-cü ildə isə İran Türkmənistana uzunmüddətli icarə şərtləri ilə 7 ədəd sahil mühafizə kateri və 1 ədəd sürət kateri verib. Bundan başqa ABŞ Müdafiə Nazirliyi ilə həyata keçirilən proqram çərçivəsində Türkmənistan Amerika istehsalı olan “Point Jackson” tipli patrul kateri ilə təmin olunub. 2009-cu ilin dekabr ayında isə Türkmənistanın Sahil Mühafizəsi Rusiyadan 2 ədəd 12418 “Molniya” layihəli kater və “Uran-E” gəmi əleyhinə raketlər alıb.

2009-cu ilin avqustunda Türkmənistanın Türkmənbaşı şəhərində yaranmaqda olan Hərbi Dəniz Qüvvələri üçün bazanın bünövrəsi qoyulub. Hazırda Türkmənistan bu bazadakı texniki imkanlardan istifadə edərək, Xəzərin özünə aid olan hissəsində optik və radiolakasiya müşahidəsi aparır.

2011-ci ildən Türkmənbaşıda yerləşən tərsanədə Türkiyənin DEARSAN şirkəti tərəfindən Türkmənistan HDQ və Sahil Mühafizəsi üçün müxtəlif ölçülü hərbi gəmilərinn inşasına başlanılıb və proses hazırda davam etdirilir.

Qeyd edək ki, Türkmənistan HDQ və Sahil Mühafizəsi son 7 ildə HDQ DEARSAN şirkəti tərəfindən inşa edilmiş 10 ədəd Yeni Tip Gözətçi Gəmisi, 20 ədəd müxtəlif ölçülü (o cümlədən LSM-1 layihəli 4 ədəd desant) katerə sahib olub. “Tuzla” sinifli Yeni Tip Gözətçi Gəmisinin uzunluğu 55,75 metr, su basımı 400 ton, heyəti 34 nəfərdir.

DEARSAN 2014-cü ildə Türkmənistan Sahil Mühafizəsindən 6 ədəd 33 metrlik itisürətli katerin çatdırılmasına dair sifariş aldığını açıqlayıb.

Göründüyü kimi, Xəzər qapalı akvatoriya olmasına baxmayaraq ABŞ, Rusiya, İsrail, Ukrayna, Cənubi Koreya kimi ölkələr də daxil olmaqla müxtəlif ölkələrin istehsalı olan silah və texnikalarla təchiz olunub. Bütün sahil ölkələri demək olar ki, öz gəmilərinin istehsalı ilə məşğuldur və silah arsenalını ildən ilə gücləndirir. Bu isə qapalı bir dəniz hövzəsi üçün kifayət qədər sual doğurur./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26