Interposta.Info

Qubad İbadoğlu: “Azərbaycan yerini ötən illə müqayisədə 5 pillə yaxşılaşdırıb”

Gündəm
 1-12-2018, 11:49     609

ADR Hərəkatının sədri: “Azərbaycan biznes mühiti, səhiyyə və təhlükəsizlik göstəricilərində Ermənistanı qabaqlayıb”

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu Legatum Rifah İndeksinin açıqladığı sosial rifah reytinqinin nəticələrinə əsasən Azərbaycanın Ermənistan və Gürcüstandan geridə qalma səbəblərini şərh edib.

Qeyd edək ki, noyabrın 28-də Legatum Rifah İndeksi tərəfindən dünya rifah indeksi açıqlanıb. Legatum Rifah İndeksinin açıqlamasına görə, son 12 ildə dünyada firavanlıq ən yüksək səviyyəyə çatıb. Belə ki, son beş ildə dünyada 113 ölkədə rifah səviyyəsi yüksəlib və bu ölkələr indeksdəki ölkələrin 75 faizini əhatələyir. İndeks Asiya-Sakit Okean regionunun son 10 ildə ən sürətlə artdığını üzə çıxarıb. Burada orta və aşağı səviyyəli ölkələr rifah səviyyələrini sürətlə yaxşılaşdırıblar. Ən çox diqqəti çəkən isə Nepal, İndoneziya və Hindistandır. Açıqlanan indeksə görə 113 ölkə arasında Azərbaycan 99-cu yerdədir. Qonşulardan Ermənistan 88, Gürcüstan 80, Rusiya 96, İran 108-ci yerdədir.

Qubad İbadoğlu: “ Gürcüstan idarəetmə, səhiyyə, fərdi azadlıq sahəsində hər 3 ölkədən yaxşı vəziyyətdədir”.

Rifah indeksinin hazırlanmasında istifadə olunan əsas indikatorları sadalayan Qubad İbadoğlu açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatın keyfiyyəti, idarəetmə, təhsil, fərdi azadlıq, sosial kapital və ətraf mühit göstəricilərinə görə Ermənistandan geri qalır. Həmçinin Rusiyanı da Ermənistandan və Gürcüstandan geri salan idarəetmə, fərdi azadlıqlar və təhlükəsizlik sahəsində vəziyyətin pis olmasıdır:

“Bu indeksin hesablanmasında istifadə olunan əsas indikatorlar arasında Azərbaycan iqtisadiyyatın keyfiyyəti,

idarəetmə, təhsil, fərdi azadlıq, sosial kapital və ətraf mühit göstəricilərinə görə Ermənistandan geri qalır, yalnız biznes mühiti, səhiyyə və təhlükəsizlik göstəricilərində Ermənistanı qabaqlayıb. Rusiyanı Ermənistan və Gürcüstandan geri salan idarəetmə, fərdi azadlıqlar və təhlükəsizlik sahəsində vəziyyətin pis olmasıdır. Gürcüstan isə idarəetmə, səhiyyə, fərdi azadlıq sahəsində hər 3 ölkədən yaxşı vəziyyətdədir.
Göründüyü kimi, rifah indeksinin hesablanmasında yalnız iqtisadi göstəricilər deyil, həm də idarəetmə, fərdi azadlıq və təhlükəsizlik məsələləri də önəmli rol oynayır. Ona görə də Azərbaycan və Rusiya Ermənistan və Gürcüstandan geridə qalıb. Azərbaycan yerini ötən illə müqayisədə 5 pillə yaxşılaşdırıb”./pia.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26