Interposta.Info

ABŞ Azərbaycandakı ən böyük təşkilatının maliyyəsini kəsir

Gündəm
 14-02-2018, 08:35     10 824

ABŞ səfiri USAİD-in Azərbaycana maliyyə yardımını azaltması haqda dəqiq fikir bildirmir, amma...

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltması ilə bağlı məsələyə münasibət bildirib.

“Report”un xəbərinə görə, Kürdəmir rayonuna səfər edən səfir jurnalistlərə bildirib ki, yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib: “ABŞ qanunvericiliyinə görə, xarici yardımları hakimiyyətin iki qolu - icraedici və qanunverici hakimiyyət müəyyən edir. Yekun məbləğin təsdiq olunmasında hakimiyyətin hər iki qolu iştirak edir. Yardımın məbləği hələlik müəyyən olunmayıb. Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir. Əsas bir məsələni diqqətinizə çatdırım ki, ABŞ 1992-ci ildən Azərbaycana yardım edir. Məcburi köçkünlərə və müharibədən əziyyət çəkənlərə 100 000 000, Azərbaycan dövlətinin inkişafına isə 1.3 milyard dollardan çox yardım göstərib”.

Yada salaq ki, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vəd vermişdi. Ötən ilin mayında isə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədinə artıq bu barədə xüsusi bənd salınmışdı. Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv ediləcək.

ABŞ Azərbaycandakı ən böyük təşkilatının maliyyəsini kəsir

Sənəddə bu kimi layihələrin əsas icraçısı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAİD) büdcəsinin 12 milyard dollar (31 faiz) kəsilməsi nəzərdə tutulub.

O vaxt Rusiya mediası Amerika diplomatik dairələrinə istinadən xəbər vermişdi ki, USAİD Azərbaycanda fəaliyyətini dayandırır. O cümlədən Belarus, Tacikistan və Qırğızıstanda da təşkilatın bağlanacağı gözlənilir.

Qeyd edək ki, USAİD-ə bəzi ölkələrdə münasibət heç də birmənalı deyil. Rusiya 1992-ci ildən fəaliyyət göstərən təşkilatın fəaliyyətini 2012-ci ilin sentyabrında dayandırıb. Rusiya XİN bəyan edib ki, USAİD-in bu ölkədə fəaliyyəti təşkilatın məramına uyğun olmayıb, ayrılan qrantlar “siyasi fəaliyyətə” yönləndirilib. Azərbaycanda da zaman-zaman xüsusilə seçkilər ərəfəsində daha çox hakimiyyətə yaxın mediada USAİD-in ayırdığı qrantların müxalifətçilərə yönləndirildiyi, hətta “inqilablar” hazırladığı barədə iddialar səslənib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) - ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. 1961-ci ilin 3 noyabrında prezident Con Kennedi USAİD-in təsisi haqqında sənəd imzalayıb.

Agentlik uzunmüddətli iqtisadi inkişafa nail olmaq istiqamətində fəaliyyətləri dəstəkləyir və dünyanın müxtəlif regionlarında yardım proqramları həyata keçirir. USAİD tərəfindən həyata keçirilən proqramlar kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar sahələrin inkişafına kömək etmək məqsədi daşıyır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26