Interposta.Info

48 müsəlman ölkəsi bir araya gəldi -

Gündəm
 14-12-2017, 08:59     9 725

İlham Əliyev: “Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı keçirilib. Toplantıda ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı, bu qərardan sonra yaranmış vəziyyət və İƏT-in bununla bağlı görəcəyi işlər müzakirə olunub.

Azərbaycan prezidenti İlham Əliyev də zirvə toplantısında iştirak edib.

Toplantıya təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb. Bir sıra ölkələr toplantıya birinci şəxsləri səviyyəsində qatılıblar. Onların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, İran prezidenti Həsən Ruhani, Fələstin dövlətinin başçısı Mahmud Abbas da var. Bir sıra ölkələr isə sammitdə parlament sədri, xarici işlər naziri və digər nazirlərlə təmsil olunublar.

Zirvə toplantısında çıxışında Rəcəb Tayyib Ərdoğan Qüdsü İsrailin paytaxtı kimi tanımayan və ABŞ prezidenti Donald Trampın bununla bağlı qərarını dəstəkləməyən dövlətlərə təşəkkür edib: “Bu qərarın hüquqi qüvvəsi olmadığını bildirmişik. Bu sülh istəyən fələstinlilərin cəzalandırmaları deməkdir. Üç mədəniyyətin mərkəzi olan Qüdsün tarixi və hüquqi statusuna təcavüz edildiyini bilirik”.

Türkiyə prezidenti 1947-ci ildən indiyədək Fələstin ərazisinin kiçildiyini əks etdirən xəritəni nümayiş etdirib və deyib: “Əvvəllər İsrailin ərazisi nə böyüklükdə idisə, indi Fələstinin ərazisi o boyda olub”.

O, Fələstində Qüds qərarına etiraz edən fələstinlilərə edilən təzyiqləri əks etdirən fotolardan danışarkən bildirib: “İsrail terrorçu dövlətidir. İndiki vəziyyətdə müsəlmanların əsas vəzifəsi Qüdsü müdafiə etməkdir. Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm. Bütün müsəlmanları Qüdsə gedib Hərami-Şərifi ziyarət etməyə çağırıram. Fələstinin dövlət müstəqilliyini tanımayan ölkələri bu addımı atmağa dəvət edirəm. Sözdə iki dövlət prinsipindən danışırlarsa, buna əməl edilmir. İşğalçı ilə işğal edilənin eyni səviyyədə tutulması qəbuledilməzdir. Gələcək nəsillər adına hər kəsi maddi-mənəvi cəhətdən səfərbər olmağa çağırırıq. ABŞ dövlət başçısını bu qərarını geri çəkməyə dəvət edirik. Bu gün burada verdiyimiz mesajların bütün dünya tərəfindən dəyərləndiriləcəyinə ümid edirik.

İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır. “Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur. Dünya, sadəcə, sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz".

Azərbaycan prezidenti İlham Əliyev isə çıxışına fövqəladə Zirvə görüşünün təşkilinə görə prezident Ərdoğana təşəkkür etməklə başlayıb. Dövlət başçısı bildirib ki, ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır: “Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və "Əl-Aqsa" məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”.

İlham Əliyev İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkür edib: “İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla, 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib”.

Dövlət başçısı bildirib ki, bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir: “Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Fələstin dövlətinin başçısı Mahmud Abbas isə bildirib ki, Tramp özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Britaniya belə ABŞ-ın yanında yer almayıb.

M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırkı statusunun dəyişdirilməsinə qarşı müqavimət göstəməkdir: “ABŞ beynəlxalq hüququ heçə sayır və biz buna etiraz etmək üçün buradayıq. Qüds Fələstinin paytaxtı olacaq. Qüds olmazsa, nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmazsa, sabitlik də olmayacaq.

Mən bütün müsəlmanları müqəddəs yerləri qorumağa çağırıram. Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusilə BMT-nin qətnaməsinə ziddir. ABŞ sülh danışıqlarında vasitəçilik haqqını itirib. Biz ABŞ-ın vasitəçi olmasını qəbul etməyəcəyik. Sizlərin də bizim bu qərarı dəstəkləməyinizi istəyirik".

İran prezidenti Həsən Ruhani isə bildirib ki, hər cür mümkün vasitələrlə ABŞ-ın bu ağılsız hərəkətinin qarşısını almaq üçün birləşməliyik.

ABŞ-ın heç vaxt dürüst vasitəçi olmadığını və heç vaxt olmayacağını vurğulayan H. Ruhaninin sözlərinə görə, ABŞ-ın bu hərəkəti sayəsində Fələstin probleminin həllində Vaşinqtonun müsbət rol oynayacağına ümid edən insanlara bir daha aydın olub ki, ABŞ sionist rejiminin maraqlarını maksimum təmin etməyə çalışır və fələstinlilərin hüquqi tələblərinə hörmət etmir: “Bu gün yəhudilərin ən böyük düşməninin müsəlman və ərəblərin deyil, təhlükəli sionizm layihəsinin olduğu sirr deyil. Biz müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləriyik. Sionistlər isə burada yaddırlar və özlərini bu bölgədə qəbul etdiriblər. Müsəlman dünyası üçün sionist rejiminə qarşı birləşməliyik. Müsəlman dünyasının bütün problemləri dialoq şəkilində həll edilməlidir. ABŞ hökuməti bilməlidir ki, müsəlman dünyası Fələstin və Qüdsün taleyinə biganə deyil. Yalnız İslam birliyi sayəsində İslam ümmətinin və Müqəddəs Qüdsün hüquqlarını daha yaxşı dəstəkləyə bilərik. İran hər zaman istənilən müsəlman ölkəsi ilə Qüdsü müdafiə etməyə hazırdır. Fələstin məsələsi yenidən müsəlman dünyasının gündəminə daxil edilməlidir”.

Toplantının sonunda qətnamə qəbul edilib.

Sənəddə beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb: “Şərqi Qüds Fələstin dövlətinin işğal altında olan paytaxtıdır”.

İstanbuldakı toplantıya İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 48-nin qatılmasına və bu ölkələrin təmsilçilərindən cəmi 16-sının birinci şəxs qismində iştirak etməsinə politoloq Şahin Cəfərli şərh verib. Politoloq deyib ki, dövlətlərin sırf dini və ya etnik yaxınlıq səbəbi ilə bütün məsələlərdə həmrəy olmasının zəruriliyi barədə fikirləri bölüşmür. Əgər ayrı-ayrı dövlətlər varsa, deməli, ayrı-ayrı maraqlar da var və bu da normaldır. Din amili həmin ölkələri eyni cür düşünməyə, eyni istiqamətdə addımlamağa vadar edə bilməz və etməməlidir. Lakin Qüds-Fələstin problemi müsəlmanların həmrəy olduğu nadir məsələlərdən biridir: “Trampın qərarından sonra sözdə də olsa, bu həmrəyliyin ortaya qoyulması ehtimalı var idi, yenə olmadı. Səudiyyə, Misir kimi ərəb dünyasının lider dövlətləri zirvəyə aşağı səviyyəli təmsilçi göndərib. Səudiyyə tərəfi, ümumiyyətlə, nazir müavini səviyyəsində iştirak etməklə İstanbul görüşünə münasibətini açıq şəkildə ortaya qoydu”.

Ş.Cəfərlinin sözlərinə görə, Ər-Riyadın bu cür mövqe sərgiləməsinin bir neçə səbəbi var:

“Birincisi, Səudiyyə və onun çevrəsindəki ərəb ölkələrinin ABŞ-İsrail cütlüyü ilə birlikdə hərəkət etməsi və bu zəmində bölgədə yeni bir ittifaq qurulması çabalarıdır. Trampın qərarı bu məsələdə bir az qeyri-müəyyənlik yaradıb. İkincisi, regional liderlik uğrunda Səudiyyə-İran mübarizəsinin kəskinləşməsi və tərəflərin cəbhələşməsidir. Üçüncüsü, Türkiyənin regional siyasətdə İranla yaxınlaşmasının bölgənin sünni cinahında narazılıq yaratması ilə bağlıdır.

Dördüncüsü, Türkiyə-Misir münasibətlərində gərginliyin davam etməsidir.

Sonuncu məsələ ilə bağlı bir məlumatı qeyd edim ki, noyabrda Misirdə 29 Türkiyə vətəndaşı həbs edilib. Bu şəxslər Türkiyə kəşfiyyatı üçün məlumat toplamaqda, “İxvan”ı yenidən hakimiyyətə gətirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdə, çirkli pulların yuyulmasında və s. əməllərdə ittiham olunur. Belə bir vəziyyətdə Əbdülfəttah Sisinin Türkiyədəki toplantıya qatılması zatən gözlənilmirdi.

ABŞ, İsrail və Səudiyyə Ərəbistanı bir müddətdir ki, Fələstin məsələsinin çözümü üçün yeni sülh planı üzərində işləyir. ABŞ tərəfindən Trampın kürəkəni Kuşner bu işi koordinasiya edir. Qüdsün İsrailin paytaxtı kimi tanınması həm də fələstinlilərə verilən göz dağı idi, yəni güzəştlərlə razılaşmasanız, itirməyə davam edəcəksiniz".

Politoloq Qabil Hüseynli isə İƏT-in qısa müddətdə fövqəladə toplantısının reallaşmasının özünün ciddi hadisə olduğunu bildirdi: “Müsəlman ölkələri qısa müddətdə İƏT çətiri altında toparlanmaq imkanlarının olduğunu nümayiş etdirdilər. Bu zirvə toplantısının verdiyi ilk mesajlardan biri budur. Qüds məsələsində ortaya mövqe qoymaq və Trampın qərarının qəbul olunmadığını nümayiş etdirmək baxımından da zirvə toplantısının əhəmiyyəti vurğulanmalıdır. Zirvə toplantısında müsəlman dövlətlərinə və dünya ölkələrinə ünvanlanan çağırışlara, əsasən də Şərqi Qüdsün Fələstinin işğal altında olan paytaxtı kimi tanınması çağırışına necə münasibət sərgilənəcəyi isə yaxın gələcəkdə bəlli olacaq".

Bəs Donald Trampın Qüdslə bağlı məlum qərarına rəsmi Bakının münasibəti, Azərbaycanın zirvə toplantısında təmsil olunması İsrail-Azərbaycan münasibətlərinə xələl gətirə bilərmi?

Politoloq Əhəd Məmmədli bildirdi ki, Azərbaycan İslam dünyasının bir parçasıdır. Azərbaycanın bəzi müsəlman ölkələri ilə İsraildən daha çox sıx əlaqələri var. Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik əlaqə qurmayan üç müsəlman ölkəsi var: Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı. Bu siyahıda İsrail yoxdur. Azərbaycan milli maraqları nəyi tələb edirsə, haqlı olaraq onu da edir. Bunun İsraillə münasibətlərimizə zərbə olacağı gözlənilmir: “Əvvəla, Azərbaycanla münasibətlər, əlaqələr İsrailə də lazımdır. İsrail Azərbaycanla əlaqələrdən heç də az xeyir götürmür. İsrail bundan imtina edəsi deyil. İkincisi, Azərbaycan dünyada yeganə yerdir ki, yəhudilər həmişə burda əmin-amanlıq içində yaşayıb və yaşayır. Heç İsrailin özündə yəhudilər burdakı qədər rahat, təhlükəsiz yaşamırlar. Buna görə də düşünmürəm ki, İsrail Azərbaycanla münasibətlərini korlasın”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26