Interposta.Info

İki güclü gürcü lider - Stalin və Mişa...

Gündəm
 7-12-2017, 10:27     10 509

Elxan Şahinoğlu: “Saakaşvili həmyerlisinin ”qələbəsini" təkrarlamaq istəyir"

Son üç ayda Ukraynanın siyasi arenasını çalxalandıran Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dünyanın diqqət mərkəzindədir. Xüsusilə, iki gün öncə onun həbs edilib, iki saatdan sonra azadlığa buraxılması bu şəxsin populyarlığını daha da artırdı.

Görünən odur ki, sabiq prezident Gürcüstandan sonra ikinci bir ölkədə inqilab etmək üçün həyatını riskə atır, hədəfindən bir addım da geri çəkilmir. Yad bir ölkə uğrunda həbsin bir addımlığında olduğunu bilə-bilə, bu təhlükəni belə gözaltına alır.

Onun bu iradəsi Saakaşvilinin həmyerlisi, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş İosif Stalinlə müqayisəsinə də səbəb olub. Mişanın Stalinlə bəzi ortaq cəhətləri, oxşar xüsusiyyətləri meydana çıxsa da, çoxsaylı fərqləri üzə çıxıb. Bu baxımdan sabiq prezidentin SSRİ-nin keçmiş rəhbəri ilə müqayisənin düzgün olmadığını deyənlər də var, bunun əksini dilə gətirənlər də.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu gürcülərin son 100 ildə dünya siyasətinə verdikləri iki lideri bu cür müqayisə etdi:
“Bu iki şəxs arasında yeganə oxşarlıq hər ikisinin hakimiyyətə can atması və bu yolda əldə olan bütün imkanlardan istifadə etmələridir. Bununla da ikisi arasında oxşarlıq bitir. Stalin kommunist diktator idi, insanları kütləvi sürətdə məhv edirdi. Saakaşvili anti-kommunistdir, liberal dəyərləri bölüşür, sosializmin tərəfdarı deyil, özəl mülkiyyətin inkişafına üstünlük verir. Stalinin ali savadı yox idi, gəncliyində quldur idi, Bakıda imkanlı şəxsləri soyub, pulunu bolşeviklərin lideri Vladimir Leninə göndərirdi. Saakaşvilinin yüksək ali savadı var, hüquqşünasdır, təhsilinin bir hissəsini Amerikada alıb. Stalin Saakaşvili arasında hədəflər də fərqli olub. Stalin böyük bir imperiyaya başçılıq edib, ölkələri işğal edib, Amerikaya meydan sulayıb. Saakaşvilinin hədəfi isə kiçik olub. O kiçik Gürcüstanın prezidenti olub, indi eyni iddianı Ukraynada həyata keçirmək istəyir. Ancaq inanmıram ki, ukraynalılar gürcünü özlərinə lider və ya prezident seçsinlər. Mixail Saakaşvilinin Gürcüstandakı fəaliyyətini təqdir edirdim. O Gürcüstanda vacib islahatlar həyata keçirdi, rüşvətxorluğun miqyasını xeyli azaltdı, iqtisadiyyatı canlandırdı, sosial sahədə yeniliklər gətirdi. Ancaq onun Ukraynadakı fəaliyyətinin quruculuqla az əlaqəsi var. O Ukrayna prezidenti Petr Poroşenkoya qarşı səlib yürüşü elan edib. Bu onun hüququdur, ancaq o Poroşenkoya qarşı müxalifətçilik edərkən əndazəni aşır, faktiki insanları qiyama çağırır. Ukraynada ikinci ”Maydan" yeniliklərə yol açsa da, Krımın və Donbasın itkisiylə nəticələndi. Üçüncü “Maydan” Ukraynanı xəritədən silə bilər. Ona görə Saakaşvili inqilaba çağırarkən, faktiki Ukraynanın dövlət quruluşuna təhlükə yaradır. Poroşenkonun ən böyük səhvi Saakaşvilini vətəndaşlıqdan məhrum etmək idi. Poroşenko düşünürdü ki, vətəndaşlığı olmayan Saakaşvili Ukraynaya geri qayıtmayacaq.

Ancaq o qayıtdı və sərhədçilər bunun qarşısını ala bilmədilər. Saakaşvilini həbs etmək istədilər, hakimiyyət yenə ona uduzdu. Bu Poroşenkonun ikinci böyük uğursuzluğudur. Ancaq Saakaşvili artıq Ukraynanın hüquq sisteminə təhdiddir. O könüllü şəkildə istintaqa ifadə verməyə getməsə, Ukraynada vəziyyət daha da gərginləşəcək. Hadisələrin bu istiqamətdə inkişafı Rusiyanın maraqlarına xidmət edir. Poroşenko-Saakaşvili qovğasının qızışması Kremlin xeyrinədir. Ukraynanın daxili işlər naziri Arsen Avakov da bu qovğadan yararlanmağa çalışır. O prezident seçkisində Poroşenkonu dəstəkləməyə də bilər. Buna görə də Saakaşvili ilə mübarizədə Poroşenkonun reytinqinin aşağı düşməsi sanki Avakovun da maraqlarına cavab verir. Poroşenko-Saakaşvili qovğası 1920-ci illərdəki Trotski-Stalin mübarizəsinə bənzəyir. Lenin 1924-cü ildə öldükdən sonra hakimiyyət uğrunda mübarizədə Stalin Trotskini qabaqladı və illər sonra ikincinin Meksikada qətlinə nail oldu. Görünür, bu mənada Saakaşvili həmyerlisinin “qələbəsini” təkrarlamaq istəyir".

Politoloq Saakaşvilinin tarixdə necə qalacağına da toxundu:
“Mixail Saakaşvili Gürcüstandakı islahatları ilə yadda qalacaq. Ancaq onun Ukraynadakı fəaliyyətinin tarix kitablarına müsbət mənada düşəcəyinə inanmıram. Mixail Saakaşvili Ukraynada suyu bulandırır. Hətta onun Azərbaycandakı ən böyük və sadiq dəstəkçiləri belə Saakaşvilini Ukraynadakı fəaliyyətinə tənqidi yanaşırlar. Stalin isə tarixdə qəddar diktator kimi qalıb. Stalin və ya Hitler - elə böyük fərq yoxdur. Bolşeviklər çar Rusiyasına qarşı mübarizə apardıqda Stalin bir müddət xarici ölkələrdə yaşayıb. Leninə pul daşıyıb. Bakıda neçə illər inqilabi işlə məşğul olub. Ancaq SSRİ-də diktaturanı gücləndirdikdən sonra xarici ölkələrə bir neçə səfəri ilə yadda qalıb. Tehran (İran) və Podsdam (Almaniya) konfranslarında iştirak edib, vəssalam. Stalindən fərqli olaraq Saakaşvili mühacir həyata və mühacir siyasətə üstünlük verir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26