Interposta.Info

Putinin Bakı səfirini geri çağırmasında “dəhşətli sirr” nədir?

Gündəm
 28-11-2017, 14:35     10 450

Doroxin Azərbaycanda ən çox işləyən səfirlərdəndir. O, ölkəmizdə 9 ilə yaxın fəaliyyət göstərib. Ona görə də Rusiyanın onu geri çağırmasında qeyri-adi nəsə yoxdur.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin Azərbaycandakı səfiri Vladimir Doroxini vəzifəsindən azad etməsinə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiyanın Azərbaycana yeni səfir təyin edəcəyi haqda məlumatlar hələ iyulun əvvəllərindən var idi, ona görə də bu, təəccüb doğurmur:

“V.Doroxin bu vəzifəni iki dəfə icra edib, o üzdən onun yerinə yeni təyinatın olması normaldır. Əslində, Doroxin üçün xüsusi məqam seçilməyib. Çünki bu məsələ onsuz da gündəmdə idi. O ki qaldı yeni səfirə, onunla bağlı hələ heç bir məlumata malik deyilik. Doroxin kifayət qədər tanınmış insan idi, onun fəaliyyəti var idi. Ancaq Doroxindən fərqli olaraq, indiki namizəd daha qapalı biridir və hanısa bir ictimai fəallığı ilə seçilmir. Müxtəlif söz-söhbətlər yayılsa da, rəsmi açıqlamalar olmadığından, onun haqqında qəti fikir söyləmək düzgün deyil. Bu, vaxt tələb edən bir məsələdir, yəni son qərarı gözləməliyik. Rusiyanın Azərbaycana təyin olunan səfirindən söhbət gedirsə, bu, Putinin səlahiyyətində olan bir məsələdir”.

Yeni səfirin namizədliyinə Azərbaycan tərəfindən aqreman verilməməsi haqda yayılan məlumatlara gəlincə, politoloq hesab edir ki, razılıq olmayıbsa, demək, kifayət qədər əsaslar var:

“Bütün hallarda rəsmi məlumat olmadığından hansısa fikirlər söyləmək düzgün olmazdı. Çünki Doroxinin geri çağrılması böyük bir hadisə deyil və Rusiyanın Azərbaycana qarşı hansısa mövqeyindən xəbər vermir. Ştat cədvəlinə görə təyinat aparılır, burada qeyri-adi nə ola bilər ki?”

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini geri çağırıb. Onun yerinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktorunun müavini Georgi Zuyevin təyin olunacağı bildirilir.

V.Doroxin 2009-cu il fevralın 24-də Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26