Interposta.Info

Elşad Abdullayevdən Gülər Əhmədovaya cavab:

Gündəm
 6-09-2017, 17:10     10 424

ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a müraciət yollayıb. Müraciət 05.09.2017 tarixində musavat.com saytında yer alan “Elşad Abdullayev psixi xəstə adı ilə sıgınacaq almaq istəyib – yeni iddia” adlı məqaləyə cavabdır.

Xatırladaq ki, sözügedən məqalədə “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynliyə istinadən Fransa hökumətinin E.Abdullayevə verdiyi 1 illik sığınacağı uzatmaması, sonuncunun isə sığınacaq almaq üçün özünü öncə dəli kimi təqdim etməsi, bu, baş tutmayanda isə sayt açaraq özünü jurnalist kimi təqdim etməsi cəhdlərindən gedirdi.

Bu xəbərə sabiq deputat G.Əhmədova da ironik münasibət bildirərək aşağıdakıları yazmışdı: “Elşad Abdullayevə qarşı haqsızlıga son qoyulsun! (gülüş işarəsi) Fransa höküməti onu psixi xəstə kimi tanımalıdır! (gülüş işarəsi) Çünki, bu həqiqətdir! Vətənə qayıdın,sizin üçün lap darıxdıq (gülüş işarəsi). P.S. Cəhənnəm, psixi xəstə statusu vermirlər, vermirlər, heç olmasa "xalq artısti" adı versinlər))) Bu boyda haqsızlıq olar?”

E.Abdullayev bu mövzu ilə bağlı musavat.com-a yolladığı cavab məktubunda isə öncə bildirib ki, onun G.Əhmədova ilə heç vaxt zarafatı olmayıb: “Əgər, bu gün Gülər Əhmədova mənimlə zarafat edib gülməyə başlayıbsa, deməli, sonudur, vəziyyəti yaxşı deyil, yaxın günlərdə onu yenə də məhkumluq həyatı gözləyir. Digər tərəfdən, Azərbaycanda oğru elə bağırır ki, doğrunun bağrı çatlayır. Utanmasan oynamağa nə var ki? Hər iki KQB agenti məndən üzr istəmək əvəzinə, media üzərindən mənim üstümə gəlir. Bunlar biri müxalifətçi və digəri YAP-çı olmaqla hər ikisi gizli polisin rəsmən agentidir. Normal dövlətdə bunlar həbsxanada olmalıdır. Gülər Əhmədova ona görə gülür ki, mənim gizli videogörüntülərlə ifşa etdiyim dövlətin gücündən istifadə edən, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın gözlə görünən və qulaqla eşidilən maddi sübutlarını adiləşdirib, gözdən salmaq istəyir. Gülər Əhmədova, gecikmisən, artıq bütün dünya cinayətlərin anatomiyasını bilir. Hələ çox acı gülüşlərinin şahidi olacağıq. Mən sənə Sevinc Babayevanın oğlu deyiləm, anasını zəhərləyib qəbrə yolladın, oğlu Ayxanı da saxta ittihamlarla 15 il həbs etdirdiniz. Hələ adınızı hacı xanım qoymusunuz?”

E.Abdullayev daha sonra barəsindəki ittihamlara aydınlıq gətirib. Deyib ki, ömrü boyu sağlam həyat tərzində yaşayıb və heç vaxt xəstəlik keçirməyib: “Buna görə də Rəbbimə həmişə dua edirəm. Mən, Avropa Konvensiyasına uygun olaraq Fransada əsaslı siyasi mühacir oturumu almışam, Fansanın həm daxili və xarici pasportu ilə dünyanın istənilən ölkəsinə gedib-gəlirəm, tədbirlərdə iştirak edirəm, öz işimlə məşğulam. Mühacirlərin 10 %-i məhkəməyə müraciət etmədən oturum alırlar, Fransa Respublikası mənə də məhkəməyə müraciət etmədən oturum verib. Yeri gəlmişkən, Fransa hökümətinə təşəkkür edirəm. Mən Fikrət Hüseynli tipli KQB agentləri kimi boğazımı butulka ilə kəsib oturum almamışam. Azərbaycan ictimaiyyəti Avropada adı çoxsaylı miqrant alverində keçən, KQB-yə işverən Fikrət Hüseynlini yaxşı tanıyır. Bu KQB virusu haqqında çoxsaylı yazılar var. Fikrət Hüseynli özünü müxalifətçi və Azərbaycan saatı TV-in jurnalisti hesab edir. Adamın dili gəlmir beləsinə jurnalist desin. 5-ci sinif təhsili səviyyəsində olmayan Fikrət Hüseynlinin universitetdən və təhsildən danışmağa mənəvi haqqı yoxdu, adamın dini-imanı puldu, miqrant alveridi. Heç bir vaxt real müxalifətçi, həqiqi demokratik fikirli insanların əleyhinə böhtan kampaniyasında iştirak etməz. Danışırsa, deməli, onlar müxalifət cəbhəsinə yerləşdirilmiş KQB agentləridir. Bunun heç şərhə ehtiyacı yoxdur. Bizim əleyhimizə böhtan kompaniyasında iştirak edənlər KQB ilə iş birliyində olan agentlərdir”.

P.S. Yazıda adıçəkilən şəxslərin rəyini işıqlandırmağa hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26