Interposta.Info

Bu ölkə azərbaycanlı tələbələrə təqaüd verməkdən imtina etdi - “Uşaqlar ortalıqda qalıb”

Gündəm
 9-08-2017, 16:48     9 751

Macarıstan bu ölkədə oxumağa gedən 200 azərbaycanlı tələbədən 40-na təqaüd verməkdən imtina edib.

BakuPost.az xəbər verir ki, bu barədə jurnalist Azər Sarıoğlu məlumat verib. Bildirib ki, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir – red.) Azərbaycan Təhsil Nazirliyi ilə bağladığı müqaviləyə məhəl qoymur: "Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən imtina edib. Həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi. Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə verməyib, Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 uşaq da qalıb ortalıqda. Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil. Təhsil Nazirliyi məktub yazsa da, saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir”.

A.Sarıoğlu ölkələr atasında imzalanmış sözügedən SƏNƏDİ də təqdim edib: "Bu sənəd Macarıstan Respublikasının İnsan Resursları Nazirliyi tərəfindən imzalanıb və göründüyü kimi, konkret olaraq 200 yer ayrılması barədə öhdəlik götürülüb. Bəzi yoldaşları iddia edir ki, 200-dən az yer də ayrıla bilər. Qətiyyən elə deyil. Mətndə "200-dək" yox, konkret olaraq "Azərbaycan Respublikasının 200 vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüdlər ayıracaqdır" yazılıb. Yəni hüquqi tənzimləmədə imperativlik (məcburilik) var”.

Təhsil Nazirliyi məsələyə aydınlıq gətirib. Qurumdan BakuPost.az-a daxil olan məlumatda deyilir ki, Macarıstan həqiqətən də, 164 nəfər azərbaycanlı tələbəyə təqaüd ayrılması ilə bağlı qərar qəbul edib: "2014-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramına uyğun olaraq, azərbaycanlı tələbələr Macarıstana təhsil almaq imkanı qazanıblar.

İş Proqramında müəyyən olunmuş kvota üzrə ixtisas istiqamətlərinə müraciət edənlər arasında dil və ixtisas bilikləri, ümumi dünyagörüşü üstün olan namizədlərə üstünlük verilir.

Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş 3 universitetdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmur.

Qeyd edək ki, namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy almış namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir.

Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri Kommersiya Fondu vasitəsi ilə verilir.

Ümumilikdə, 2015/2016-cı tədris ilində 51 nəfər, 2016/2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda tələbələr "Budapest Business School”, "Corvinus University of Budapest”, "University of Debrecen”, "University of Szeged”, "Eötvös Lorand University” kimi ali təhsil müəssisələrində təhsil almaqdadırlar.

Bu il təqaüd proqramına müraciət edən namizədlərin sayı 1000 nəfərdən artıq olub. Təhsil Nazirliyi Macarıstanın müəyyən etdiyi təqaüd proqramına uyğun gələn 243 nəfər namizədin adını Macarıstan səfirliyinə göndərib. Macarıstan tərəfi kvota üzrə nəzərdə tutulan 200 nəfərdən 164 nəfər tələbəyə təqaüd ayrılması ilə bağlı qərar qəbul edib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26