Interposta.Info

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilməlidir"

Siyasət
 29-06-2018, 18:49     10 412

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

XİN-dən musavat.com verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulanıb.

Nazirlər Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, habelə digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd ediblər.

Peter Siyarto Hökumətlərarası Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 8-ci iclasın nəticələrindən məmnunluğunu ifadə edərək iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafında Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırıb.

XİN başçısı Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizinin icrası haqqında ətraflı məlumat verib və bu sahədə əməkdaşlıq imkanlarından danışıb.

Görüş əsnasında nazirlər təhsil sahəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndiriblər. Peter Siyarto hazırda Macarıstanda Azərbaycandan 477 tələbənin təhsil aldığı və illik əsasda 200 nəfər azərbaycanlı tələbə üçün təqaüd ayrıldığı barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan Elmar Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib. O əlavə edib ki, status-kvo dəyişdirilməlidir.

Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edilib.

Görüşdən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.

interposta.info

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilməlidir"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26