Interposta.Info

Hakimiyyətdən Avropa Parlamentinin qətnaməsinə sərt reaksiya

Gündəm
 17-06-2017, 10:08     544

XİN: “Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil”

Avropa Parlamentində jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul olunub. Müzakirə jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı keçirilib. Yekun olaraq qətnamə qəbul olunub. Bu barədə “Azadlıq” Radiosu məlumat yayıb. Qətnamədə bildirilib ki, araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub.

Sənəddə Əfqan Muxtarlının oğurlandığı bildirilir və bu hadisə kəskin şəkildə pislənir, bunu insan haqlarının ciddi şəkildə pozulması adlandırırlar.

Qətnamədə həmçinin deyilir ki, Gürcüstan hakimiyyəti, bu ölkədə yaşayan 3-cü ölkə vətəndaşlarına və ya öz ölkəsində siyasi və ya insan haqları fəaliyyətinə görə təqib olunaraq siyasi sığınacaq istəyənlərin təhlükəsizliyini təmin etməlidir.

Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxirəsalınmaz qaydada Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın.

Sənəddə eyni zamanda deyilir ki, hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunus Hollandiyada sığınacaq aldıqları halda mayın 17-də verilən məhkəmə qərarı ilə onlardan Azərbaycana qayıtmaq tələb olunur.

Qətnamədə bloqqer və ictimai fəal Mehman Qələndərlinin aprelin 28-də, həbsxanada baş vermiş ölümünü araşdırmaq çağırışı edilir. Həmçinin digər siyasi məhbus sayılan şəxslərin, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Mehman Hüseynov, Bayram Məmmədov, İlqar Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqov və digərlərinin azadlığa buraxılması, İntiqam Əliyev və Xədicə İsmayılovaya qarşı bütün ittihamların ləğv olunması tələb olunur.

Sənəddə Avropa Birliyi və Azərbaycan arasında yeni əməkdaşlıqla bağlı razılaşmanı yada salınır və bildirir ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqlar yeni razılaşmanın kökündə dayanır. Yada salınır ki, yeni razılaşmadan əvvəl danışıqlar boyunca Avropa Parlamenti situasiyanı yaxından monitorinq edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə Nazirliyin rəsmi münasibətini açıqlayıb. “AzərTAc”a açıqlamasında H.Hacıyev deyib ki, 2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil, hər hansı hüquqi və digər nəticə doğurmur.

Nazirlik rəsmisi eyni zamanda deyib ki, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.

Azərbaycanın müxalifətdə olan siyasi qurumlarından olan AĞ Partiyanın sədri Tural Abbaslı isə AP-nin qətnaməsinə belə münasibət bildirdi: “Avropa Parlamenti Azərbaycandakı siyasi həbslər barədə qətnamə qəbul edib. Bu hakimiyyətə xəbərdarlıq baxımından bəlkə də faydalıdır. Ancaq, mən artıq Avropanın nə səmimiyyətinə, nə ədalətinə, nə elan etdiyi dəyərlərə sadiqliyinə inanmıram. Məncə Avropanın bütün bu ”demokratiya naminə təzyiqləri" növbəti kürü dolu çantalarını, gizli hesablara köçən “qonarar” dollarlarını və yaxud da daha sərfəli neft-qaz müqavilələri əldə edənə qədərdir. Necə ki, “demokratiya adası” Gürcüstan 5-10 manata görə “demokratik dəyərlərindən” imtina etdilər. Odur ki, kimlərsə çox da eyforiyaya qapılmasınlar".

Hüquq müdafiəçisi Əvəz Həsənov isə bildirdi ki, son bəyanat uzun müddət Azərbaycanda vətəndaş cəmiyyəti və siyasi partiyalara tətbiq olunan məhdudiyyətlərlə əlaqəli Avropa Birliyinin narahatçılığını göstərən bir sənəddir. Eyni zamanda konkret olaraq Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana gətirilməsi də bu bəyanatı tezləşdirib və sərtləşdirir: “Azərbaycan və Gürcüstan faktiki olaraq ağır ittihamlar, sığınacaq axtaran şəxsin qaçırılması ittihamı ilə üzləşib. Bəyanatda digər şəxslərlə əlaqəli tələblərdən fərqli olaraq Əfqan Muxtarlının məhkəmə prosesi Avropa Birliyi ilə Gürcüstan tərəfindən də izlənəcək. Çünki Gürcüstanın da imicinə xələl gətirəcək hal baş verib. Azərbaycan hətta cinayətdə şübhəli bildiyi bir şəxsin ölkəyə gətirilməsində səy göstərməklə özünə haqlı saysa da, Gürcüstanın öz ölkəsindən sığınacaq axtaran şəxsin müəmmalı yoxa çıxmasına cavab verməli olacaq”.

Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva isə qətnamə anti-Azərbaycan qətnamələri silsiləsindən növbətisidir: “Avropa Parlamenti Avropa Birliyinin icraçı siyasi institutlarından biridir. Hazırda isə Azərbaycanla AB arasında sazişin imzalanması üçün danışıqların getdiyi bir vaxtda AP-nin belə bir qətnamə qəbul etməsindən belə bir fikir yaranır ki, Avropa Parlamenti Avropa Birliyinin siyasətinin həyata keçirilməsinə mane olur. Bu qətnamə Azərbaycanı AB-dən küsdürmək və uzaq salmaq üçün addımdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə APA-ya deyib ki, Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılması təəssüf doğurur. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanıb.

Z. Əsgərovun sözlərinə görə, adı çəkilən qətnamənin qəbul edilməsi ona dəlalət edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir. Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur: “2016-cı ilin sentyabr ayından Azərbaycanın ”Avronest"də fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz. Bunu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar".

YAP-çı deputat Aydın Mirzəzadə isə moderator.az- bildirib ki, Avropa Parlamenti yenə də öz statusuna uyğun olmayan bir qərar qəbul edib: “Avropa Parlamenti nədənsə vaxtaşırı özünü Avropa məkanına daxil olmayan dövlətlərin prokuroru qismində aparır. Avropa Parlamenti Avropa Birliyinə daxil olan ölkələrin daxili məsələlərinə dair formalaşdırılan Parlament Assambleyasıdır. Lakin bu qurum digər ölkələrlə bağlı da aşkar siyasi motivli qərarlar qəbul edir. Qəbul edilən qərarların məzmunu da bunun hüquqşünaslar tərəfindən hazırlanmadığını göstərir. Azərbaycana qarşı tələblər irəli sürülür, ondan qeyri-şərtsiz müəyyən addımlar atmaq tələb olunur və s. Hesab edirəm ki, Avropa Parlamentinin özünün avropalaşmasına çox böyük ehtiyac var. Azərbaycan suveren dövlətdir və öz daxili məsəlləri ilə bağlı müstəqil qərarlar qəbul edir. Azərbaycan daxilindəki məsələyə maraq göstərən qurumların diqqətini hansısa məsələ cəlb edirsə, o zaman onlar Azərbaycan dövləti ilə əlaqəyə girib bu məsələlərlə bağlı müəyyən informasiya ala bilər. Verilən qərar Avropa Parlamentinin statusuna uyğun deyil, hüquqi anlayışdan uzaqdır. Görünən odur ki, Avropa Parlamentindəki müəyyən dairələr ölkəmizi özlərinin forpostuna çevirmək niyyətindən əl çəkmir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26