Interposta.Info

Əfqan Muxtarlı azadlığa buraxıla bilər

Ölkə
 8-10-2019, 11:05     10 276

Yaxın zamanlarda həbsdəki bəzi siyasilərin məhkəmələr, yerdə qalanların isə ilin sonunda əfv sərəncamı ilə azad olunacağı deyilir.

"İnterPosta.info" xəbər verir ki, "Yeni Müsavat”a mötəbər mənbələrdən daxil olan məlumata görə, siyasi jurnalist Əfqan Muxtarlı tezliklə məhkəmə yolu ilə azad oluna bilər. Mənbə jurnalistin azadlığa çıxdıqdan sonra Avropada yaşayan ailəsinin yanına gedəcəyini söyləyir.

Xatırladaq ki, Gürcüstandan oturum izni alan jurnalist Ə.Muxtarlı 2017-ci il mayın 29-u həbs edilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Oxunan hökmlə o, 6 il müddətində azadlıqdan məhrum edilib.

Cəzasının iki il yarıma yaxın müddətini geridə qoyan Ə.Muxtarlının 3/1-lə azadlığa çıxmaq şansı yaranıb. Böyük ehtimalla bu şansdan yararlanmağa çalışılacaq.

Ə.Muxtarlının vəkili Zibeydə Sadıqova "Yeni Müsavat”a bildirdi ki, 3/1-lə azadlığa buraxılması üçün müraciətə öncəliklə onun özü razılıq verməlidir: "Biz hələ müraciət etməmişik. Nə vaxtından əvvəl azad olunması üçün müraciət olunmayıb, nə də hüquqi prosedura başlanmayıb. Amma onu da deyim ki, Əfqan Muxtarlının özü razılıq verməlidir. O isə hələ bununla bağlı nəsə deməyib. Əfqan istəməsə, biz nəsə edə bilmərik. Əvvəlki söhbətlərimizdə həmişə bunun əleyhinə olub. Onunla hələ görüşməmişəm və bu barədə fikrinin necə olduğunu bilmirəm. Lakin onu dəqiq bilirəm ki, şərti və ya 3/1 üçün müraciətin daim əleyhinə olub. Cəzasının 3/1-i tamam olmayan vaxtlarda bir dəfə söhbətimiz oldu və o bunu qəti şəkildə qəbul etmədiyini bildirdi. Onun digər vəkilləri Nemət Kərimli və Elçin Sadıqovdur. Onlar ötən ay onunla görüşüblər. Əfqanla bağlı hələ ki heç bir məhkəmə prosesi yoxdur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26