Interposta.Info

İran metrosunda partlayış xəbəri yalan çıxdı

Gündəm
 7-06-2017, 13:55     490

Azərbaycanın cənub qonşusu İrandan narahatlıq dolu məlumatlar gəlir. Bu gün səhər saatlarında İran parlamentinə və İmam Xomeyni türbəsinə hücumun olması xəbərinin ardınca bəzi xəbər saytları Tehran şəhərindəki “İmam Xomeyni” metrostansiyasında partlayışın baş verməsi xəbərini yaydılar.

Tehrandakı məlumatlı mənbələrimizin verdiyi xəbərə görə, metro partlayışı barədə xəbər doğru deyil. Adının çəkilməsini istəməyən Tehran sakini bildirir ki, “İmam Xomeyni” türbəsi tərəfdə metrostansiya var: "Türbəyə silahlı hücum edən şəxs özünü partladan zaman bir çoxları elə zənn edib ki, partlayış metrostansiyada olub. Bu mənada bəzi mənbələr şayiələrə istinad edərək metro partlayışı xəbərini yayıblar. Bu gün metroda heç bir hadisə baş verməyib”.

Onun sözlərinə görə, hazırda metro adi iş qrafikində fəaliyyətini davam etdirir. Ancaq o, iyunun 6-da Tehran metrosunda qatarların relsdən çıxması və toqquşması nəticəsində çox sayda sərnişinlərin yaralandığını təsdiqlədi.

Tehran sakini onu da bildirdi ki, hazırda parlament və İmam Xomeyni türbəsində terror törədənlərin tam olaraq ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26