Interposta.Info

“Ermənistandan Azərbaycana külli miqdarda meyvə-tərəvəz gətirilir” -

Gündəm
 4-05-2017, 22:16     690

"İrandan Azərbaycana kimyəvi gübrələrlə zəhərlənmiş kartoflar, badımcanlar, qarpızlar və kələmlər gətirilir”.

interposta.info xəbər verir ki, bu barədə BakiPost.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Ekspert bildirib ki, bütün malların zəhərli olduğunu iddia etmək düzgün deyil, lakin əhali diqqətli olmalıdır: "Ümumiyyətlə, pis, təhlükəli, zəhərli, kimyəvi zənginləşmiş mal partiya mala aid olan anlayışdır.
Demək olmaz ki, hansısa ölkədən gələn malların hamısı pisdir. Amma faktdır ki, İrandan kimyəvi gübrələrlə zənginləşdirilmiş mallar Azərbaycana daxil olur. İran parlamentinin üzvü çıxışında İranda kənd təsərrüfatı mallarının kimyəvi gübrə ilə zənginləşdirildiyini etiraf edib. Amma Azərbaycanın kənd təsərrüfatının laboratoriya müdiri hər şeyin təmiz olduğunu deyir. Dövlət nümayəndəsi etiraz edir, azərbaycanlı isə deyir hər şey yaxşıdır. Bu, ölkədə saxta ekspertizanın olduğuna dəlalət edir.
İrandan Azərbaycana gətirilən malların bəzi partiyaları, xüsusən də böyük kartoflar, badımcanlar, qarpızlar, kələmlərin bir hissəsi kimyəvi gübrələrlə zəhərlənmiş mallardır. Onlarda nitritlər və s. maddələr normadan çoxdur. Əhali bu məsələyə diqqət yetirməlidir”.
“Ermənistandan Azərbaycana külli miqdarda meyvə-tərəvəz gətirilir” -


Eyyub Hüseynov bildirib ki, İrandan gətirilən malların ayırd edilməsi asan deyil:
""İstehlakçıların hüquqlarını müdafiəsi haqda” qanuna görə istehlakçının satıcıdan malın bütün sənədlərini, o cümlədən məişət sənədini tələb etmək hüququ var. Ancaq nə etmək olar ki, malların sənədləri olmur. Xüsusilə də bazarlarda”.

Birlik sədri daha bir maraqlı məqama diqqət çəkib. O bildirib ki, ötən il Ermənistandan Azərbaycana kifayət qədər ərik gətirilib:
"Bunu bilmək mümkün deyil. Gömrük orqanları belə bilməz. Çünki mallar Ermənistandan Gürcüstana gətirilir. Gürcüstan bazarlarından isə azərbaycanlılar alıb ölkəmizə gətirir. Hər il Ermənistandan kartof, soğan, ərik və kələm kimi mallar Azərbaycana keçirilir. Amma bunda heç kimin günahı yoxdur. Çünki bunu izləmək çox çətindir. Sadəcə olaraq laboratoriyalarda onların tərkibində olan nitritlər yaxşı yoxlanılmalıdır. Məsələn, mən keçən il Bakının 11 bazarında monitorinq apardım. Birində də olsun normalara uyğun nitritli qarpız tapa bilmədim. Hamısında normadan iki dəfə çox oldu. Mən bu il də bunu edəcəm. Yəni Azərbaycanın özündə də istehsal olunan mallar kimyəvi cəhətdən çox çirklənmiş mallardır”.

Eyyub Hüseynov vurğulayıb ki, kimyəvi cəhətdən zəhərli olan malların gətirilməsinin qadağan olunması mümkün deyil:
"Bu düzgün deyil. Çünki azad bazar iqtisadiyyatıdır. İran qonşu və dost ölkədir. Azərbaycandan ora mallar ixrac olunur. Ona görə qadağa qoyulması doğru olmazdı. Sadəcə olaraq yaxşı və mükəmməl yoxlama, ictimai nəzarət olmalıdır. Prezident İlham Əliyev dəfələrlə söyləyib ki, ictimai nəzarət lazımdır. Bu nə vaxta kimi həyata keçirilməyib, vəziyyət indiki kimi qalacaq.

Prezidentin fevral ayında imzaladığı sərəncama görə, Qida Təhlükəsizliyi Agentliyi yaradılır. Həmin agentlikdə ictimai nəzarət olmasa, ictimai təşkilat təmsil olunmasa o da indiki nəzarət orqanları kimi olacaq. Biz artıq təkliflərimizi baş nazirin müavini Əli Əhmədova təqdim etmişik ki, agentlikdə ictimai nəzarət mexanizmləri işləsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26