Interposta.Info

Bina tikintisi dayandı, yeni layihə başladı -

Gündəm
 21-04-2017, 07:26     597

"Ovçular evi"nin binası sökülür, hazırda ərazidə söküntü işləri davam edir. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb.

interposta.info xəbər verir ki, söküntü işləri aparılan ərazidə özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxsin Sputnik-ə verdiyi məlumata görə, ərazidə bina sakinlərinin rahatlığını təmin etmək üçün park salınacaq — "Mədəniyyət parkı". O, park salma prosesinin bir neçə aya başa çatacağını bildirib.


Xatırladaq ki, bir müddət öncə həmin ərazidə "Ovçular evi"nin sökülməsi, ağacların qırılması və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi xəbəri cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu.

Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırıldı. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda "Böyük Plaza" yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq, ərazidə 54 ağacı qanunsuz olaraq ağır texnika ilə məhv edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev bildirib ki, Mətbuat prospekti-29 ünvanında "Ovçular evi" İctimai Birliyinin ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı ETSN-in "qaynar xətti"nə aprel ayının 13-də məlumat daxil olub. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib və müəyyən edilib ki, 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 52 ədəd ağac məhv edilib.

"Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası" MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib" — Mirzəyev əlavə edib.

Məlum olduğu kimi, yaxın günlərə qədər ərazidə "Ovçular evi" yerləşirdi. Hazırda 30 min üzvü olan cəmiyyətin aqibəti sual altındadır. "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Fizuli Əşrəfovun bildirdiyinə görə, " Azərovçu"ya paytaxtın Xəqani küçəsində yer verilib: "Vəziyyətlə bağlı daha ətraflı yaxın günlərdə məlumat veriləcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26