Interposta.Info

“Qarabağ konfliktinin həlli

Gündəm
 12-04-2017, 11:24     549

Avropa Parlamentinin sabiq prezidenti Martin Şultsdan ilginc təklif; münaqişənin yoluna qoyulması üçün yeni və daha effektli formatın tapılmasının zamanı çoxdan çatıb; Minsk Qrupu tarixin arxivinə nə vaxt veriləcək?

Cəmi 1 aydan sonra atəşkəs haqda Bişkek protokolunun imzalanmasının 23 ili tamamlanacaq. Dağlıq Qarabağ probleminin dinc yolla həllinə cavabdeh olan, BMT-nin mandat verdiyi ATƏT-in Minsk Qrupunun həmsədrləri isə budəfəki ildönümü də “boş əllə” qarşılayacaq.

Beləcə, bir daha əminliklə qeyd eləmək olar ki, Minsk Qrupu, daha doğrusu, onun üç həmsədr ölkəsi 23 ildə problemin öhdəsindən gələ bilməyibsə, bundan sonra da gələ bilməyəcək. Başqa sözlə, nə qədər deyilsə də ki, bu format çərçivəsində sülh danışıqlarının potensialı hələ tükənməyib, acı gerçək belədir ki, Minsk Qrupu artıq özünü tükədib və ondan effektli vasitəçilik gözləməyə dəymir.

Odur ki, məntiqli sual ortaya çıxır: bəs bundan sonra nə olacaq, alternativ qismində hansı format və ya həll platforması gerçəkləşə bilər? Bəlkə BMT Minsk Qrupuna verdiyi mandatı geri alsın?

*****

Bu xüsusda Avropa Parlamentinin sabiq prezidenti və alman sosial-demokratların lideri, qarşıdakı Bundestaq seçkilərində indiki kansler Angela Merkelin əsas rəqibi sayılan Martin Şultsun “Vestnik Kavkaza” nəşrinə verdiyi açıqlama diqqət çəkir. Musavat.com-un məlumatına görə, alman siyasətçi postsovet məkanındakı konfliktlərin həllindən danışarkən deyib: “Avropa siyasəti sahəsində təcrübəm əsasında deyə bilərəm ki, bütün beynəlxalq siyasətin təməl elementi - ortaq maraqların axtarışıdır. Əgər ümumi maraqları dəqiqləşdirməyə və bu maraqları münaqişələrdən və ziddiyyətlərdən güclü etməyə nail olunursa, o zaman bir qayda olaraq, həmin münaqişələrin həlli yolunda ilk mühüm diplomatik addımın atılması gerçəkləşir. Bu mənada biz postsovet məkanında tərəfdaşlarımızla ortaq maraqları o dərəcədə müəyyənləşdirməli və dərinləşdirməliyik ki, əldə olunacaq qazanclar konfliktlərin səbəblərini üstələsin”.

Siyasətçinin sözlərinə görə, Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer (hazırda Almaniya prezidentidir - red.) və onu həmin postda əvəzləmiş Ziqmar Qabriel öz siyasətində konfliktləri önləməyin məhz bu strategiyasını nümayiş etdiriblər və etrdirirlər. Postsovet məkanında həll olunmamış konfliktlərdən danışan Martin Şults onların həlli üçün ümum-Avropa maraqlarının olmasını qeyd edib.

“Mən hesab edirəm ki, alman xarici siyasəti Avropa Birliyinin siyasəti çərçivəsində böhranların önlənməsinə, inkişaf sahəsində daha sıx əməkdaşlığa və beynəlxalq institutların güclənməsinə stavka eləməlidir. Bu xüsusda bizim prinsipimiz ondan ibarətdir ki, bütün beynəlxalq konfliktlər BMT rəhbərliyinə qaytarılmalıdır”, - deyə alman siyasətçi vurğulayıb.

Qeyd edək ki, Martin Şultsun son fikri böyük ölçüdə Azərbaycanın Dağlıq Qarabağ məsələsində maraqları ilə üst-üstə düşür. Nədən ki, Qarabağ mövzusunun BMT gündəliyinə qayıtması BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsinin ermənilər tərəfdən yerinə yetirilməsi məsələsini aktuallaşdıracaq. Bu isə o deməkdir ki, Ermənistan ən əvvəl işğalçı qismində dünyanın diqqətinə gələcək.

Yada salaq ki, bir il öncə - 2016-cı il aprelin 12-də Martin Şults (o vaxt Avroparlamentin prezidenti idi) aprel əməliyyatlarından danışarkən bəyan eləmişdi ki, Ermənistan Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil, bütün işğal elədiyi Azərbaycan ərazilərini qaytarmalıdır.

Sitat: “Baş verənlər təəssüf ki, status-kvonun saxlanmasının qeyri-məqbul olduğunu sübut edir. Bu, hərbi əməliyyatların bərpası riskini artırır. Ermənistan işğal etdiyi əraziləri, o cümlədən Dağlıq Qarabağa bitişik rayonları azad eləməlidir, köçkünlər beynəlxalq təhlükəsizlik zəmanəti altında ora qayıtmalıdırlar”.

Təcavüzkar Ermənistana isə təbii ki, ona gizli-açıq rəğbət bəsləyən və işğal faktını demək olar, görməzlikdən gələn Minsk Qrupu həmsədrliyinin qalmasında maraqlıdır. Lakin ötən 23 illik zaman kəsiyi göstərdi ki, indiki vasitəçilər üçlüyü problemin həllində irəliləyişə nail olmaq üçün ortaq potensiala malik deyillər. Bu minvalla Dağlıq Qarabağ münaqişəsinin həlli Fələstin-İsrail problemi kimi on illərlə uzana bilər. Belə olmaması üçün isə tək çıxış yolu - öncəliklə həmsədr dövlətlərin işğalçını öz adı ilə çağırması və Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasıdır.
Bu yöndə siyasi müşahidəçilərin fikirləri də maraq kəsb edir.

*****

“Dünyanın stabilliyinə və təhlükəsizliyinə təsir edən böyük dövlətlər artıq Azərbaycanın ərazi bütövlüyü məsələsinin aparıcı xətt olduğunu görürlər”. Bu sözləri axar.az-a açıqlamasında Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın son çıxışlarına münasibət bildirən deputat Aydın Mirzəzadə deyib. O vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətinə “yox” deməsə, sabah bu proses dünyanın digər regionlarında da təkrarlana bilər.

“Ermənistanda ilk dəfədir ki, siyasi qüvvələr işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması məsələsini çox açıq şəkildə qoyurlar. Bu fikri ortaya atan təsadüfi adam deyil, o, vaxtilə işğala birbaşa rəhbərlik etmiş Levon Ter-Petrosyandır. İşğal Ermənistana ağır zərbələr vurub, ona görə də Petrosyan bu gün yeddi rayonun qaytarılmasını ciddi şəkildə müzakirə edir”, - deyə Mirzəzadə qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin Ermənistanda doğurduğu ağır nəticələri qeyd edən deputat Ermənistanın siyasi durumunun çox ağır olduğunu da bildirib: “Ermənistan iqtisadi baxımdan Azərbaycanın təşəbbüskarı olduğu mühüm layihələrdən kənarda qalıb. Düzdür, beynəlxalq təşkilatlar Ermənistana qarşı yumşaq davranırlar, ancaq Azərbaycanın ərazi bütövlüyü uğrunda aparıcı siyasət yürüdülür. Dünyada dəyişən siyasi ab-hava artıq bu tip məsələlərə qəti mövqe tələb edir. Əslində Ter-Petrosyan beynəlxalq təşkilatların Ermənistana qarşı sanksiyalar tətbiq edəcəyini düşünür. O haqlıdır. Çünki dünyanın stabilliyinə və təhlükəsizliyinə təsir edən böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyü məsələsinin aparıcı xətt olduğunu görürlər. İrəvan işğalçılıq siyasətinə davam etdikcə Ermənistan çox ciddi şəkildə beynəlxalq təşkilatların sanksiyaları ilə üzləşə bilər”.

Yada salaq ki, az öncə Levon Ter-Petrosyan yerli İctimai Televiziyasına müsahibəsində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun tezliklə azad edilməyəcəyi təqdirdə beynəlxalq aləmin sanksiyalarla Ermənistanı buna məcbur edəcəyini söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26