Interposta.Info

Onlar Ermənistanla heç bir əlaqə qurmayıb -

Gündəm
 11-04-2017, 07:34     574

Birinci rübdə Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Biz buna da çox böyük əhəmiyyət veririk. Çünki Avropa ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlarımızdır və biz Avropa İttifaqı ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq aparırıq.

Axar.az xəbər verir ki, bu sözləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bu dəfə də Avropa qurumlarının rəhbərləri ilə bütün görüşlər çox səmimi, qarşılıqlı anlaşma şəraitində keçmişdir, bütün danışıqlar və söhbətlər qarşılıqlı hörmət əsasında aparılmışdır. Həm Avropa Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa Komissiyası ilə yeni saziş üzərində danışıqlara başlamışıq və əminəm ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə gətirib çıxaracaqdır.

Mənim rəsmi səfərlərim də olub. Pakistan İslam Respublikasına çox uğurlu səfərim olubdur. Pakistan bizim üçün çox yaxın, dost, qardaş ölkədir. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə görə Pakistan Ermənistanla heç bir əlaqə qurmayıb, diplomatik əlaqələri yoxdur. Biz bu mövqeyi çox yüksək qiymətləndiririk. İkitərəfli əlaqələrimizin gündəliyi genişlənir, həm iqtisadi, siyasi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq da müzakirə mövzusudur və yaxşı nəticələr də var. Biz son 5 il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrlik etmişik və Pakistanda bu təşkilatın zirvə görüşündə də bizim sədrliyimiz dövründə gördüyümüz işlərə yüksək qiymət verilmişdir.

Qətər Dövlətinə mənim uğurlu səfərim olubdur. Biz Körfəz ölkələri ilə çox yaxın əlaqələr qurmuşuq. Qətər bizim üçün çox yaxın, dost ölkədir. Qətərin Əmiri Azərbaycana səfər etmişdir, mən də cavab səfərim çərçivəsində çox uğurlu danışıqlar aparmışam, siyasi və iqtisadi, sərmayə qoyuluşu, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq çox geniş müzakirə edilmişdir.

İran İslam Respublikasına uğurlu səfərim də artıq ənənəvi xarakter daşıyır. Mən son bir neçə il ərzində İrana 3 dəfə rəsmi səfər etmişəm. İran Prezidenti də Azərbaycana müntəzəm olaraq rəsmi səfərlər edir. Mən son 3 il ərzində İran Prezidenti ilə 8 dəfə görüşmüşəm. İran bizim üçün dost, qardaş ölkədir, yaxın qonşudur. İranla əlaqələrimizin möhkəmləndirilməsi həm ölkəmizin maraqlarına xidmət edir, eyni zamanda, bölgə üçün də çox önəmlidir. Bu, bölgədə sabitliyi möhkəmləndirir və ikitərəfli formatda çox önəmli məsələlər müzakirə edildi. Yenə də bir çox sazişlər imzalandı və əvvəlki illərdə imzalanan sazişlər artıq həyatda öz əksini tapır. Əldə olunmuş bütün razılaşmalar icra edilir və həm ticarət dövriyyəsinin artırılmasında, - İranla bizim ticarət dövriyyəmiz təqribən 70 faiz səviyyəsində artmışdır, - eyni zamanda, nəqliyyat, energetika, logistika və digər sahələrdə çox uğurlu əməkdaşlıq aparılır.

Yeddinci səfərim Fransaya rəsmi səfərim olmuşdur. Bu səfərin də çox böyük mənası var. Fransa dünyanın aparıcı ölkələrindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Minsk qrupunun həmsədridir. Bu səfər də çox uğurlu keçdi, Fransa-Azərbaycan dostluq əlaqələri bir daha təsdiqləndi. Mənə Fransada çox böyük hörmət göstərildi. Siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi göstərdi ki, Fransa-Azərbaycan əlaqələrinin artıq çox möhkəm dayaqları var. Bu ölkədə Azərbaycana çox böyük maraq var, orada Fransanın aparıcı biznes qurumları ilə keçirdiyim görüş, - bu görüş təqribən iki saata yaxın çəkdi, - göstərdi ki, doğrudan da, həm çox böyük maraq var, həm də bizim gördüyümüz işlərə çox yüksək qiymət verilir və Fransa şirkətləri Azərbaycanda böyük həvəslə fəaliyyət göstərirlər", - İlham Əliyev söyləyib.

Prezident səfərlərinin uğurla yekunlaşdığını, Azərbaycanı böyük hörmətə malik olduğunu bildirib:

"Sadaladığım, ancaq bu yeddi səfər göstərir ki, bizim diplomatiyamız çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Hətta bir-biri ilə o qədər də yaxşı münasibətlər qurmayan ölkələr Azərbaycanla əməkdaşlığa gəldikdə, tərəddüdsüz və birmənalı şəkildə bu əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər və maraqlıdırlar. Biz isə bütün ölkələrlə, xüsusilə bölgədə yerləşən ölkələrlə əlaqələrimizi daha da genişləndiririk. Bu, həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edir, həm də bölgədə əməkdaşlıq ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26