Interposta.Info

Bakıda Hollandiya əleyhinə -

Gündəm
 14-03-2017, 08:32     511

Ölkəmizdəki Türkiyə tərəfdarları Niderlandın hərəkətlərini pislədilər


Hollandiya hökumətinin Türkiyə dövlətinin rəsmilərinə - nazirlər Mövud Çavuşoğluna və Fatma Betül Sayan Kayaya qarşı diplomatik yanlışlığı, habelə buna etiraz edən Türkiyə vətəndaşlarına zor tətbiqi iki ölkə arasında gərginlik yaratdı.


Azərbaycanda da ictimai şəxslər, siyasi partiyalar bu hadisəyə münasibətlərini bildirib, qardaş Türkiyənin yanında olduqlarını ifadə etdilər. Bəs onlar Hollandiya səfirliyinin qarşısında aksiya keçirməyi düşünürlər?


Milli Dirçəliş Hərəkatının lideri, deputat Fərəc Quliyev "Yeni Müsavat”a bildirib ki, hazırkı məqamda piket, mitinq keçirməyi doğru hesab etmir: "Türkiyə-Hollandiya münasibətlərinin bu həddə gəlməsində birbaşa Niderlandın günahı var. Niderland tərəfi həm Avropa Konvensiyalarına zidd olaraq davrandı. Çox kobud diplomatik səhvlər etdilər. Hesab edirəm ki, bu, heç də təsadüfi deyil. Buna qədər də bir çox hadisələr baş vermişdi. Referendum öncəsi belə bir vəziyyətin yaranması həm də Türkiyənin daxili işinə qarışmaq kimi də səsləndirilə bilər. Bu, orada ictimai rəyin formalaşdırılması və səs almaq üçün aparılan təbliğata qoyulan qadağadır. Türkiyənin sabit qalması, xalqın iradəsinə söykənən quruluşda olması bunlara sərf etmir.

Alt yapıda Türkiyəni yenidən zəif salmaq, bölmək məsələsini ortaya gətirirlər. Bir çox Avropa dövlətlərinin də bu məsələdə həmrəy olması bunu təsdiqləyir. Ancaq bütün baş verənlər Niderlanda da çox pis təsir edəcək. Çünki ortada 6 milyardlıq ticarət dövriyyəsi var. Niderland özü Türkiyəyə 21 milyardlıq investisiya yatırıb. Yəni ortada yaxşı münasibət vardı. Türkiyəni sıxışdırmaqla, Avropanın, Niderlandın itirdiklərini Rusiya yığmağa şərait yaradacaqlar. Bütün bunlar NATO-nun da çöküşünə aparan məsələlərdir. Lakin hesab edirəm ki, baş verənlərdən Türkiyə güclənmiş şəkildə çıxacaq. Həm kənarda, həm də Türkiyədə olan türklər bir lider ətrafında birləşib, Avropanın təpkisindən narahat olub, ”evet" demək məsələsində eyni fikirdə olacaqlar. Azərbaycan da bu məsələdə rəsmi mövqeyini ortaya qoyub. Biz hər zaman Türkiyə ilə birlikdə olmuşuq. Dövlətimizin maraqlarına uyğun olaraq, hesab etmirəm ki, piket, mitinq və digər bu kimi məsələlərlə Hollandiya səfirliyinə mesaj verməliyik. Hər halda, biz bu məsələ ilə bağlı fikirlərimizi bildiririk".

Image result for Əhəd Məmmədli


Hədəflərinin Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə eyni olduğunu söyləyən AG Partiya sədrinin birinci müavini Əhəd Məmmədli bildirib ki, daim Türkiyənin yanındadırlar: "AG Partiya Türkiyədə olan referendum prosesinə açıq dəstək verir. Biz ”evet"ə dəstək veririk. Çünki şüarımız "Güclü Türkiyə, güclü Azərbaycan”dır. Türkiyəni parçalamaq istəyənlərin qarşısını almaq üçün orada güclü, mərkəzləşmiş hakimiyyət olmalıdır. Bu baxımdan, hesab edirəm ki, güclü prezident sistemi Türkiyə üçün çox vacibdir. Əsas xalqın iradəsi və demokratik seçimdir ki, bu da Türkiyədə var. Partiyamızda gənclərimiz tərəfindən Hollandiya səfirliyi qarşısında aksiyalar keçirmək fikri də səsləndirildi. Lakin bu haqda hələ konkret olaraq qərar verilməyib. Çünki Türkiyə nazirlərinin hələ ki Avropa səfərləri davam edir. Biz bu səfərlərin yekunlaşmasını gözləyirik. Nəticəyə uyğun olaraq hərəkət edəcəyik. Türkiyədə demokratik seçkilər keçirilir və əgər "evet” üstünlük təşkil edəcəksə, demək ki, bunu xalq istəyir".

Image result for nemət pənahlı


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da bildirib ki, Türkiyəyə qarşı atılan addımları pisləyir: "Türkiyə dövlətinə, türk millətinə qarşı çox böyük sayğısızlıq edildi. Lakin hazırda bəzi şəxsi problemlərim var. Ona görə də aksiya keçirmək durumunda deyiləm”.


Bütöv Azərbaycan Ocaqları başqanı Zahir Əlisoy bildirib ki, bu gün keçirəcəkləri toplantıda bu məsələni də müzakirə edəcəklər:

Image result for Bütöv Azərbaycan Ocaqları başqanı Zahir Əlisoy


"Baş verən hadisələrə çox təəssüflənirik. Siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyənin qüruruna toxunan hadisə bizim də qürurumuza toxunur. Çox təəssüflənirik ki, Hollandiya kimi demokratik ölkədə bu cür davranışlar müşahidə olunur. Onlar Ərdoğan hakimiyyətini avtoritar hakimiyyət kimi hesab edə bilərlər. Lakin ölkənin diplomatları, nazirləri ilə bu şəkildə rəftar etmək həm demokratik prinsiplərə ziddir, həm də etik baxımdan düzgün hərəkət deyil”./musavat.com

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26