Interposta.Info

Lavrov Bakıya şantaj mesajları göndərməklə... -

Gündəm
 24-02-2017, 07:24     1 053

Lavrov Bakıya şantaj mesajları göndərməklə... -

Sergey Lavrov yenə Dağlıq Qarabağ münaqişəsi haqqında subyektiv fikirlərini söyləyib.

Bunu Şərq.az-a Rusiya xarici işlər naziri Sergey Lavrovun "Qarabağ münaqişəsinin həllində güc tətbiqi ilə bağlı təhdidlər yolverilməzdir və sülh prosesinə zərbə vurur” fikrinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, əvvəldən qeyri-obyektiv, birtərəfli yanaşma S. Lavrovun ziyanına işləyib:

"Nazirin erməni keçmişi erməniləri müdafiə etməsinə səbəb olur. Bu istiqamətdə o hətta vəzifəsindən sağa, sola istifadə edir. Rusiya böyük dövlətdir, regionda da kifayət qədər təsiri var. Amma uzun illədir ki, Ermənistanı dəstəkləməklə Azərbaycan torpaqlarının işğalda qalmasına kömək edir. Həm Ermənistandan, həm Dağlıq Qarabağdan azərbaycanlı əhalinin deportasiyasına nail olublar. Bir sözlə ermənilərin bölgədə at oynatmasına hər cür şəraiti yaradıb. Məsələn, Dağlıq Qarabağın həmin dövrdə başçısı işləmiş bir nəfər bu hadisələrin necə baş verdiyini şərh edib. Deyib ki, ilk çıxışlar başlayanda KKB-nin ona mane olmaq imkanı var idi. Amma Moskvadan təlimat gəldi ki, mane olmayın. Daha sonra mitinqlər başlayanda da əngəlləmək imkanı olub. Yenə Moskva imkan verməyib. Bundan görünür ki, bütün məsələlərdə Rusiyanın əli var. Rusiya rəhbərliyinə demək lazımdır ki, Ermənistandan soydaşlarımızı deportasiya etdikdə kömək etdiniz, Dağlıq Qarabağdan qaçqın və məcburi köçkünlər çıxarılanda kömək etdiniz, qondarma parlament seçkiləri keçirilir, referendum keçirilir mane olmursunuz. Amma çox müəmmalıdır, görəndə ki, Azərbaycan torpaqlarını azad etməyə qadirdir, hazırlıq işləri aparır, o zaman güc tətbiqindən imtinaya çağırırsınız. Bunu necə anlamaq olar?”

Q. Hüseynli Rusiyanın Ermənistana müxtəlif növ müasir silahlar göndərməsinə də münasibət bildirib. Politoloqun sözlərinə görə, erməni müdafiə naziri də həmin silahların onların olduğunu, istifadə məqsədlərini mətbuata açıqlayaraq, Azərbaycana psixoloji təsir göstərir:

"Bir sözlə, Azərbaycana şantaj xarakterli mesajlar göndərməklə Moskvanın kimə və nəyə xidmət etdiyini aydın görmək olur. Postsovet məkanındakı münaqişələrinin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi haqqında Varşava şəhərində keçirilən tədbirin qərarı var. Amma sonradan bu qərar yalnız iki respublikaya – Gürcüstan və Moldovaya aid edilir. Düzdür, son zamanlara qədər Azərbaycanın xarici siyasətinin fəallığı nəticəsində ikili standartlara qarşı mübarizə aparılır. Amma yenə bu yanaşmalar qalıb. Buna yol göstərən, yönləndirən isə Rusiya özüdür”.

Qeyd edək ki, Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb. Nazir deyib ki, güc tətbiqi ilə bağlı təhdidlər yolverilməzdir və sülh prosesinə zərbə vurur.

XebeBiz.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26