Interposta.Info

İŞİD-in qatil maşası-

Gündəm
 18-01-2017, 09:31     690

İŞİD-in qatil maşası-
“Reina" qətliamını törədən Abdulkadir Maşaripov 4 dil bilir; onun izlənməsi və necə sağ ələ keçməsi ilə bağlı sensasion məlumatlar

Yanvar ayının 16-da gecə saatlarında İstanbuldakı “Reina” qətliamını törədən Abdulkadir Maşaripov yaxalandı. Yanvarın 1-də İstanbulun “Reina” adlı gecə klubunda qətliam həyata keçirən terrorçunun tutulması əməliyyatı bütün Türkiyə televiziyalarının öz yayımını yarıda kəsməsinə, efiri tam olaraq bu mövzuya vermələrinə səbəb olub.

Abdulkadır Maşaripov İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib.

4 yaşlı oğlu ilə birgə qırğız dostunun evində qalıb

Əbu Muhammed Xorasani kod adlı terrorçunun sağ olaraq ələ keçirilməsi Türkiyə hüquq-mühafizə orqanlarının böyük uğuru sayılır. Çünki bu qanlı terrorçu özü ilə böyük sirləri də gizlədirdi. Ortada çoxsaylı suallar və bilinməsi gərəkən sirlər var. Türkiyə mediasının xəbərinə görə, terrorçu Esenyurdda 4 yaşlı oğlu ilə bir qırğız dostunun evində qalırmış. Media xəbər verir ki, əməliyyatı MİT və polis birgə həyata keçirib.

Məlum oldu ki, terrorçunun yaxalandığı ev İŞİD-in hücrə evlərindən biridir və orada terrorçudan və 4 yaşlı oğlundan başqa, üçü qadın olmaqla, daha 5 nəfər də qalırmış. Onlar da həbs olunublar. Terrorçunun qaldığı ünvana əməliyyat həyata keçirilən saatda İŞİD terror təşkilatınını digər hücrə evlərinə də basqın edilib. Yada salaq ki, İstanbulda həyata keçirilən qanlı “Reina” terrorunun məsuliyyətini İŞİD terror hörgütü öz üzərinə götürmüşdü.
İŞİD üzvü olan terrorçu “Reina” klubunda törətdiyi qırğından sonra Zeytinburnunda ailəsiylə qaldığı evə gedərək 4 yaşlı oğlunu götürmüş və izini itirmişdi. Polislər onu tapmaq üçün İstanbulda və İzmirdə çoxsaylı əməliyyatlar keçiriblər. Maşaripovun yanında tutulanlardan biri, 27 yaşlı Dina adlı seneqallı qadındır. Digəri Somali əsilli Aysşadır, onun da 27 yaşı var. Üçüncü qadın Misirdən olan 26 yaşlı Tene Traredir.

197 min dollar...

Qatilin yaxalanmasına dair detallardan biri də onun polis basqını zamanı canını qurtarmaq üçün çarpayının altına girməsidir. O, əvvəlcə polislərə silahlı müqavimət göstərmək istəyib, daha sonra çarpayının altında gizlənməyə çalışıb, amma buna müvəffəq olmayıb. Tutulanların bu evdə uzun müddətdən bəri qaldıqları təsbit olunub. Terrorçular alış-veriş etmək, yer dəyişdirmək üçün qaradərili qadınların köməyindən istifadə ediblər. Polislər terrorçuların gizləndiyi mənzildə 6 saat boyunca araşdırma aparıb. Əməliyyatdan sonra hadisə yerinə toplaşmış hiddətli insanlar Maşaripovu polislərin əlindən alaraq döyməyə çalışıblar.

“Yaxalanmış terrorçu Yeni il gecəsi ”Reina" gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır".
Bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil (özbək, ərəb, rus, çin və türk) bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.

V.Şahinin bildirdiyinə görə, 1983-cü il Özbəkistan təvəllüdlü bu şəxs Əfqanıstanda təhsil alıb, 4 dil bilən, yaxşı yetirişdirilmiş bir şəxsdir. Əməliyyat zamanı təxminən 7200 saat kamera araşdırması həyata keçirilib. Araşdırmada 2 min polis iştirak edib. Konya, Hatay və İzmirdə çoxlu sayda ortaq əməliyyatlar baş tutub. Terrorçu İstanbula gəldiyi zaman öncə Başakşəhərdə bir ev kirayələyib. Daha sonra bir-iki ev dəyişdirərək özünü gizlədib və hadisə günü də Zeytinburnundan gəlib: “Polisimiz həqiqətən də çox ciddi və həssas bir əməliyyat keçirib. 162 ünvana əməliyyat gerçəkləşdirdi, 50 nəfər saxlandı”.


Evli və iki uşağı olan terrorçu 3 gün imiş ki, Esenyurdda təqib edilirmiş. V.Şahin bildirib ki, Əfqanıstan və Pakistanda 2 il təhsil alan terroristin İran üzərindən qaçaq yollarla Türkiyəyə girdiyi təxmin edilir. Maşaripov dekabrın 16-da Konyadan maşın yolu ilə İstanbula gəlib. Onu eyni zamanda Özbəkistanda da axtarırmışlar: “Hazırda bu iş üzrə 50 nəfər saxlanıb. Onlardan 2-si keçən günlərdən birində saxlanılıb. Əməliyyat zamanı uşağı yanında olmayıb. Yanında olduğunu düşünüb əməliyyat qurmuşduq, amma yanında deyildi. Uşaqların qorunması beynəlxalq hüquq çərçivəsində təmin olunacaq”.

Terrorçu necə sağ ələ keçirilib?

Terrorçunun sağ saxlanması da Türkiyə əməliyyatçılarının əsas məqsədlərindən olub. Terrorçunun sağ ələ keçirilməsi üçün bütün risklər dəyərləndirilib. Bütün risklərə qarşı bu əməliyyatı həyata keçirmək üçün özəl bir komanda yaradılıb. Heyət Türkiyə vaxtilə 23.40-da sözügedən ünvana daxil olub. Terrorçu polisə müqavimət göstərməyə çalışsa da, onu təsirsiz hala gətiriblər. Uğurlu əməliyyatdan sonra saxlanan şübhəli sağlamlıq yoxlamasından keçirilərək Vatan Caddəsində yerləşən İstanbul Emniyyet Müdirliyinə aparılıb.

Maşaripovun qaldığı binanın 25 faizi əcnəbilərdən ibarət idi

Maşaripovun saxlandığı Esenyurddakı binada təxminən 25 faizi əcnəbi əsilli şəxslər yaşayır. Bina sakinləri yerli mediaya açıqlamasında bildiriblər ki, terrorçunun yaşadığı evdən son 3-4 gündə nadir halda uşaq səsi gəlirdi. O evdən daha öncə heç uşaq səsi gəlmədiyini deyən qonşular son bir həftədə ətrafda çoxlu sayda polislərin olduğunu söyləyib.

Ərdoğandan sərt sözlər: “Heç kimin etdiyi yanına xeyir olaraq qalmayacaq”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da terrorçunun saxlanması ilə bağlı açıqlama verib. Ərdoğan aşağıdakıları deyib: “Bu ölkədə heç kimin etdiyi yanına xeyir olaraq qalmayacaq. Hüquq dövləti prinsipləri çərçivəsində hər kəsdən hesab soruşulacaq. Bu terroristin yaxalanmış olması bu təhlükəsizlik anlayışının təzahürüdür. Bütün təhlükəsizlik və hüquq-mühafizə orqanları əməkdaşlarını təbrik edirəm”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Reina” qətliamçısının tutulması ilə bağlı fikirlərini bölüşüb. O, twitter sosial şəbəkəsində daxili işlər naziri Süleyman Soylu başda olmaqla, polis və kəşfiyyat birliklərinə təşəkkür edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26