"Şimalın kralı"ndan radikal islahat: Londonun üstünlüyünə ağır zərbə..
Böyük Britaniyanın növbəti baş naziri olmağa hazırlaşdığı bildirilən və mançesterli olduğu üçün "Şimalın kralı" ləqəbi ilə tanınan Endi Börnhem ölkədə köklü dəyişiklikləri nəzərdə tutan geniş islahat proqramını açıqlayıb. Proqramın əsas məqsədlərindən biri Londonun siyasi və maliyyə üstünlüyünü azaltmaqdır.
Goldmedia.az-ın məlumatına görə, "Hürriyet" qəzetinin köşə yazarı Gökçə Aytulu yazır ki, Endi Börnhem "qaydaları dəyişdirərək inkişaf etmək" məqsədini qarşıya qoyub və bunun üçün ölkə idarəçiliyində yeni yanaşma təklif edir.
Ölkəni şimaldan idarə etməyi planlaşdırır
Börnhem bildirib ki, əsas hədəflərindən biri ölkə daxilində Londonun dominant mövqeyini zəiflətməkdir. O, Mançesterdə baş nazirlik ofisi açacağını və ölkənin idarəçiliyini əsasən şimaldan həyata keçirməyi planlaşdırdığını açıqlayıb.

Siyasətçi vergi sistemində dəyişiklik etməklə Birləşmiş Krallığın yerli idarəetmə orqanlarının dövlət büdcəsindəki payını artırmağı, bununla da paytaxtın təsirini azaltmağı hədəfləyir. Bu yanaşma mərkəzsizləşdirmə siyasətinin gücləndirilməsi kimi qiymətləndirilir.
Vergi bölgüsündə ciddi fərq
Hazırkı sistemdə Böyük Britaniyada toplanan vergilərin təxminən 90 faizi mərkəzi hökumətin sərəncamına keçir.
Məqalədə qeyd olunur ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına ("OECD") üzv ölkələrdə isə bu göstərici orta hesabla 50 faiz mərkəzi hakimiyyət, 50 faiz isə yerli idarəetmə orqanları arasında bölüşdürülür. Bu baxımdan Böyük Britaniya ilə digər inkişaf etmiş ölkələr arasında əhəmiyyətli fərq mövcuddur.

Londonun üstünlüyünü zəiflətmək istəyir
Müəllifin fikrincə, Endi Börnhem bölgələrin səlahiyyətlərini artırmaqla Londonun ölkə üzərindəki dominant mövqeyini zəiflətməyə çalışır.
Yazıda bildirilir ki, bu strategiya son illərdə London xaricində güclənərək ölkədə aparıcı siyasi qüvvələrdən birinə çevrilən ifrat sağçı "Reform UK" partiyasının yüksəlişini dayandırmaq baxımından məntiqli seçim hesab oluna bilər.
Bununla yanaşı, Böyük Britaniyada son 10 ildə yeddi baş nazirin dəyişdiyi xatırladılaraq, Börnhemin siyasi fəaliyyət müddətinin bu genişmiqyaslı islahatları həyata keçirmək üçün kifayət edib-etməyəcəyinin əsas sual olaraq qaldığı vurğulanır./qaynarinfo
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



