Interposta.Info

Si Szinpin Moskvada Putinə nə təklif edəcək? - ISW-in proqnozu

Dünya
 18-03-2023, 15:04     261

Çin lideri Si Szinpinin Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə sanksiyalardan yayınmaq üçün kömək təklif edəcəyi və Çinin müharibənin diplomatik həllində vasitəçilik etməkdə maraqlı olması barədə danışacağı gözlənilir.

"İnterPosta"xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə tətqiqi institutunun (ISW) analitikləri bildiriblər.

Putin və Si Çin liderinin Rusiyaya dövlət səfəri çərçivəsində martın 20-22-də Moskvada görüşəcəklər.

Rəsmi Kreml bildirib ki, görüşdə liderlər "ikitərəfli sənədlər” imzalamağı və Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlığın aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Si Szinpinin Moskvaya səfəri "sülh məqsədi daşıyır”.

Eyni zamanda, Çin şirkətlərinin Rusiya təşkilatlarına atıcı silah, pilotsuz uçuş aparat hissələri və hərbi məqsədlər üçün istifadə oluna biləcək ləvazimatları satması barədə məlumatlar var və Qərb kəşfiyyat orqanları bundan əvvəl Çin rəhbərliyinin Rusiyanı öldürücü silahlarla təmin etməyi düşündüyünü bildiriblər.

ISW ehtimal edir ki, Si çox güman ki, Putin və Rusiya rəsmiləri ilə Çin avadanlığının Rusiyaya satışı və tədarükünü asanlaşdıran Qərb sanksiyalarından yayınmaq üçün sxemləri müzakirə etməyi planlaşdırır.

Daha əvvəl ISW analitikləri belə qənaətə gəlmişdilər ki, martın 1-də Pekinə səfəri zamanı Aleksandr Lukaşenko və Si Çin məhsullarını Belarus ərazisindən daşımaqla Rusiya sanksiyalarından yan keçməyi asanlaşdıra biləcək 16 sazişdən ibarət paket imzalayıblar.

Analitiklər bildiriblər ki, "Si həmçinin Çinin Rusiya və Ukrayna arasında danışıqlarda qərəzsiz vasitəçi kimi mövqe tutmaq səylərini asanlaşdırmaq istəyir”.

Onlar xatırladırlar ki, Rusiya Federasiyasının tammiqyaslı işğalının ildönümündə Çin atəşkəs çağırışı, sanksiyaların ləğvi və danışıqların bərpası da daxil olmaqla 12 bənddən ibarət geniş sülh planını təqdim edib.

Bununla belə, ISW qeyd edir ki, Çinin müharibənin danışıqlar yolu ilə həllinə dair təkliflərinin konkret nələri əhatə edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Analitiklərin fikrincə, Si İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərdə vasitəçilik etməkdə əldə etdiyi son uğurdan Rusiyanın Ukraynaya qarşı müharibəsində daha geniş vasitəçilik cəhdində istifadə etməyə çalışa bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26