Interposta.Info

Aİ Rusiya casus gəmiləri ilə mübarizə üçün yeni strategiyasını təqdim edəcək - FT

Dünya
 10-03-2023, 14:17     237

Avropa İttifaqı (Aİ) Rusiya kəşfiyyat gəmilərinə qarşı mübarizə aparmaq və kritik dəniz infrastrukturunu qorumaq üçün birgə dəniz patrulları və illik dəniz təlimləri tətbiq etməyi nəzərdən keçirir.

"İnterPosta"xəbər verir ki, bu barədə Aİ-nin ətraf mühit üzrə komissarı Virginius Sinkeviçius Financial Times (FT) qəzetinə bildirib.

Sinkeviçiusun sözlərinə görə, Aİ-nin yenilənmiş dəniz strategiyası bu gün ictimaiyyətə təqdim olunacaq. Sənəd peyk monitorinqinin genişləndirilməsini və üzv dövlətlər arasında kəşfiyyat məlumatlarının mübadiləsini də nəzərdə tutacaq.

Komissar bildirib ki, kritik dəniz infrastrukturunun və gəmilərin fiziki, kiber təhlükələrdən qorunması zərurəti "Şimal axını” qaz kəmərlərində partlayışlardan sonra yaranıb.

Nəşrin məlumatına görə, Aİ-yə üzv dövlətlər Rusiyanın Şimal dənizində külək stansiyaları, neft-qaz qazma platformaları və telekommunikasiya kabelləri ətrafında fəallığının artdığını bildirirlər. Xüsusən bunu Niderland və Belçikanın kəşfiyyat xidmətləri bəyan edib.

Fevralın 22-də Belçika hakimiyyəti Rusiya gəmisinin külək stansiyaları, sualtı qaz kəmərləri və rabitə kabelləri yaxınlığında "şübhəli davranışı” ilə bağlı araşdırmaya başladığını elan edib. Bir gün əvvəl Niderland Hərbi kəşfiyyat və təhlükəsizlik xidməti Şimal dənizində enerji infrastrukturu operatorlarına Rusiyanın təxribatının riskləri barədə xəbərdarlıq edib.

Daha əvvəl Norveç də sualtı infrastrukturda mümkün təxribatı qiymətləndirən hesabat yayıb. Oslo bunun 2023-cü ildə baş verəcəyini çətin hesab edir, lakin Ukraynada münaqişənin gərginləşməsi zamanı təxribatı istisna etmir. Norveç hakimiyyətinin fikrincə, neft sektoru ən həssas hədəfdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26