Interposta.Info

 

Yardım edilməyən Xoy sakinləri, humanistliyini itirən Tehran - ŞƏRH + FOTO

Dünya
 1-02-2023, 14:48     208

Güney Azərbaycanın problemlərinə Tehran rejiminin laqeydliyi davam edir. Bu, özünü təbii fəlakətlər zamanı da göstərir. Yanvarın 28-də Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Xoy şəhərində zəlzələ baş verib. Hadisə nəticəsində ölənlərin və yaralananların olduğuna dair məlumatlar yayılıb. Habelə bölgənin 70-dən artıq kəndində evlərə ziyan dəyib. Rəsmi açıqlamaya əsasən, şəhər və kəndlərdəki 3 500 yaşayış yerinə ziyan dəyib.

Yeri gəlmişkən, Xoy bölgəsi mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin 14 rayonundan biridir. Xoyun mərkəzi eyniadlı şəhərdir. Xoy rayonu Türkiyənin Van əyaləti ilə həmsərhəddir. 2016-cı ilin məlumatına əsasən, əhalisinin sayı 348 664 nəfərdir. Bu baxımdan, bölgənin az qala yarım milyonluq əhalisinin düşdüyü ağır vəziyyətə Tehran hakimiyyətinin laqeydliyi davam edir. Beş gündür, təbii fəlakətdən zərər çəkənlər özlərinin düzəltdikləri çadırlarda və sığınacaq yerlərində gecələyirlər. İran Qızıl Aypara Cəmiyyətinin verdiyi çadırlar yetərli deyil. Türkiyənin Qızıl Aypara Cəmiyyətinin yardım təklifindən isə Tehran rejimi imtina edib.



Yeri gəlmişkən, təbii fəlakətdən ziyan görənlər “Üşüyürük, istilik, paltar, yemək verin!” deyə müraciət edirlər. Ötən gün zərərçəkənlər hakimiyyətin laqeydliyinə etiraz olaraq aksiya keçiriblər. Çoxsaylı etirazlardan sonra dünən bölgəyə İnqilab Keşikçiləri Qvardiyasının nümayəndələri səfər ediblər. Onların daha çox aksiya ilə bağlı əraziyə gəldikləri də istisna olunmur.

Nəticə etibarilə, İran rejiminin laqeydliyi və bölgənin zərərçəkən sakinlərinə sayğısızlığını görən Güney Azərbaycanın Təbriz və başqa bölgə sakinləri Xoy əhalisinə yardım ediblər. Hakimiyyətin Xoydakı zəlzələdən zərər çəkənlərə belə etinasız münasibəti rejimin bölgəni boşaltmaq istəyi qənaətinə gəlməyə əsas verir. Bu, İran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətinin çoxsaylı göstəricilərindəndir. Qeyd edək ki, rejim Ərdəbildə, Qəzvində, Qaradağda zəlzələlər olanda da belə laqeydlik göstərib. Ona görə də hadisələrə əsasən demək olar ki, rejim ən adi humanistliyini də itirir.Mənbə:Report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26