Interposta.Info

Ukraynaya verilən HIMARS-lar özünü göstərməyə başladı - Rusiya etiraf etdi

Dünya
 12-07-2022, 15:01     441

Ukraynanın cəbhə xəttinin çox arxasındakı Rusiya hədəflərinə bir sıra uğurlu hücumlar həyata keçirməsindən sonra Rusiya rəsmiləri nadir ictimai narahatlıqlarını ifadə ediblər.

Qaynarinfo "The Moscow Times” saytına istinadla yazır.

ABŞ-ın ötən ay Ukraynaya göndərməyə başladığı HIMARS sistemləri Rusiyanın hərbi mövqelərinə təsirli zərər vurmağa davam edir.

Ukraynanın şərqindəki separatçı qüvvələrin keçmiş komandanı İqor Qirkinin sözlərinə görə, Rusiya bir həftədən az müddətdə "həm insan, həm də texnika baxımından böyük itkilər verib”.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri... HIMARS raketlərinin kütləvi zərbələrinə qarşı təsirsiz qalıb”,- Qirkin bazar günü Teleqramda yazıb.

"Rossia 1” dövlət televiziyasının tanınmış müharibə müxbiri Aleksandr Sladkov bildirib ki, Ukrayna Rusiya komandanlıq mərkəzlərinə uğurla hücum edib.

"Ukrayna raketləri və artilleriyası bir neçə dəfə qərar qəbuletmə mərkəzlərinə zərbələr endirib. Nəticələrlə. Mərkəzlər kiçik, lakin vacibdir”, - Sladkov Teleqram-da bildirib.

Ukraynada separatçıların və Rusiyanın işğal etdiyi ərazilərdəki hakimiyyət orqanlarının hesabatları da göstərir ki, hücumlar həm tez-tez, həm də ölümcül olur.

Qondarma Donetsk Xalq Respublikasının rəsmiləri bildiriblər ki, Ukraynanın HIMARS-la cəbhə xəttindən onlarla kilometr geridə olan Stepano-Krinka və İrmino kəndinə zərbələr endirib.

Rusiya dövlət televiziyasının jurnalisti Andrey Rudenko Teleqram postunda Ukrayna tərəfinin "çox güman ki" HIMARS-la Şaxtyorsk və Torez şəhərlərində silah-sursat anbarlarını vurduğunu bildirib.

BBC-nin Ukrayna xidməti bazar ertəsi bildirib ki, Ukrayna ordusu son iki həftə ərzində Rusiyanın işğal etdiyi ərazilərdəki Rusiya silah-sursat anbarlarına və hərbi bazalarına 14 zərbə endirib.

"Son 5-6 gün ərzində artilleriya və digər döyüş sursatları üçün 10-dan çox böyük anbar, bir neçə neft anbarı, 10-a yaxın komanda mərkəzi və təxminən eyni sayda qoşun toplama məntəqəsi vurulub”,- Qirkin deyib.

Qeyd edək ki, Amerika keçən həftə Ukraynaya 4 HIMARS da daxil 400 milyon dollarlıq yeni silah yardımı paketi elan edib. Yeni tədarüklər Ukrayna Silahlı Qüvvələrinin HIMARS arsenalını 12-yə çatdıracaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26