Interposta.Info

Putinə nə olub? – “Politico” qəzetinin araşdırması

Dünya
 8-06-2022, 14:51     105

ABŞ-ın “Politico” qəzetində Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı söz-söhbətlər ətrafında məqalə dərc edilib. “Vladimir Putinə nə olub?” başlıqlı məqalənin müəllifi Viktor Cekdir. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.

Siyasi aləmdə rəsmi təkzib çıxmayınca heç vaxt heç nəyə inanmayın. Söhbət Rusiya prezidenti Vladimir Putinin səhhətindən gedəndə yəqin ki, siz bilmirsiz nəyə inanasınız, çünki çaşqınlıq doğuran o qədər məlumat dolaşır ki…

Hazırda üz-gözü qəribə şəkildə şişkin görünən 69 yaşlı Putin barədə yayılan şayiələr bu yaxınlarda xarici işlər naziri Sergey Lavrovu prezidentin xəstə olması haqda deyilənləri təkzib etmək məcburiyyətində qoydu: “Bilirsiniz ki, prezident Putin hər gün ictimaiyyət qarşısına çıxır. Onu efirlərdə görə, çıxışlarını izləyə və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan kəs Rusiya prezidentində hansısa xəstəliyin əlamətini hiss etdiyini desin”.

Ağlı başında olub-olmamasından asılı olmayaraq, aylardır media Rusiya liderinin sağlamlıq vəziyyəti haqda mülahizələr irəli sürür, onun zahirən şişkinləşməsindən tutmuş, Parkinson və xərçəng xəstəliyinə tutulması barədə söz-söhbətlərəcən bir çox versiyaları şərh edir.

Putinin son qəbullardan birində masadan bərk-bərk yapışdığını, əsəbi jestlərini və 9 May paradında axsadığını əks etdirən video görüntülər bəzi həkimlərin onun səhhəti barədə iddialarını daha da gücləndirmiş oldu.

Bunacan həkimlər əsasən bu fikirdə idilər ki, deyilənlərin heç biri Putinin xəstə olduğunu təsdiqləyəcək dərəcədə inandırıcı deyil, təsdiq üçün hərtərəfli müayinənin nəticələri ortalıqda olmalıdır. Kəşfiyyat mütəxəssisləri də bu fikirlə razılaşırdılar.

Düzünə qalanda, ortaya çıxan söz-söhbətlər özünün güclü kişi obrazı ilə öyünən bir lideri narahat etməlidir, etməyə bilməz. Putin uzun müddətdir özünü əsl güclü adam qiyafəsində təqdim etməyə çalışır. O, Sibirdə yarıçılpaq at çapır, Moskvada “Kalaşnikov” avtomat silahından atəş açır, Sankt-Peterburqda Belarus lideri Aleksandr Lukaşenko ilə xokkey oynayır… Necə deyərlər, özünü supermen kimi tanıtmaq üçün əldən-ayaqdan gedir.

Tərs kimi o biri yandan da mediada Putinin səhhətinin pis olduğu barədə xəbərlər dolaşır, Kreml isə bu informasiyaların kökünü kəsmək uğrunda mübarizə aparır.

Putinin səhhətinin şübhə altına alındığı və hökumətin bunu necə təkzib etməyə çalışdığı əsas məqamlara qısaca nəzər yetirək.

İdmanla məşğul olarkən yıxılmalar

Hadisələr:

Putin özünü idman həvəskarı kimi göstərməyi sevir, ancaq bu məsələdə Rusiya liderinin işləri heç də həmişə yağ kimi getmir.

Hələ 2012-ci ilin sentyabrında Rusiyanın “Vedomosti” qəzeti Putinin deltplanerlə uçarkən xəsarət aldığını və bu zədədən onun belində problem yaratdığını yazmışdı. Yüksək səviyyəli xarici səfərini təxirə salan və korsetlə gəzdiyi iddia olunan Putinin bel əməliyyatına hazırlaşdığı da bildirilmişdi.

Putin zədələrin bir çoxunu yüngül keçirir. 2017-ci ildə xokkey oyunu zamanı o, qəfildən kürəyi üstə yıxılıb. 2019-cu ildə yenə xokkey meydançasında o, qələbə dövrəsi vurarkən üzüstə yerə dəyib. Amma bunların heç birində ciddi xəsarət almayıb.

Kremlin cavabı:

2012-ci ildə deltplaner qəzası ilə bağlı xəbərlər yayılanda Kremlin sözçüsü Dmitri Peskov “Reuters” agentliyinə Putinin belində problem yaranmadığını demişdi. O, prezidentin yalnız “idman zədəsi” aldığını söyləmişdi.

Sonradan Putinin müttəfiqi Lukaşenko Rusiya prezidentinin belindəki problemin onun cüdo məşqi zamanı başına gələn hadisə ilə bağlı olduğunu bəyan etdi. Belarus prezidentinin bu açıqlaması Putinin idmanla bağlı reputasiyasını daha da gücləndirdi.

COVİD-19

Hadisələr:

Putinin yüksək səviyyəli qəbullar zamanı qonaqlarının bir çoxunu 6 metr uzunluğundakı masanın o başında oturtması xüsusilə internet məkanında geniş müzakirələrə səbəb oldu. Onun COVİD-19 infeksiyasına həddən artıq ehtiyatla yanaşdığı iddia edildi.

2020-ci ilin noyabrında koronavirus pandemiyası ilə bağlı keçirdiyi virtual iclasda maliyyə nazirinə müraciət edərkən Putini öskürək tutmağa başladı. O, üzr istəyib çıxışına davam etməli oldu.

2021-ci ilin sentyabrında yaxın çevrəsində onlarca insan koronavirusa yoluxanda Putin özünü iki həftəliyə təcrid etdi. Rusiya prezidenti onunla görüşmək istəyənlərin hamısına sərt qaydalar, o cümlədən iki həftəlik karantin rejimi tətbiq etmək məcburiyyətində qaldı.

Rusiya prezidentinin həmsöhbətlərinə yaxın oturmaqdan çəkinməsi əsasən belə yozuldu ki, o, virusa yoluxma baxımından çox həssas qrupa daxildir, ya da kiminsə hiylə işlədərək onu ölümcül virusa yoluxduracağından qorxur.

Kremlin cavabı:

Kreml 2020-ci ilin noyabr iclasında Putinin öskürdüyü və “üzr istəyirəm” dediyi kadrları internetdən çıxardı, eyni zamanda prezidentin səhhətində problem olmadığı barədə həmişəki iddiasını təkrarladı. TASS agentliyi “Prezident üzr istədi və sözünə ara vermədən çıxışına davam etdi” xəbərini yaydı.

Putinin uzun masasının onun COVİD-19-a yoluxmaq qorxusuna dəlalət etdiyinə dair mülahizələrə gəlincə, Peskov bunun “sırf epidemioloji tədbir” olduğunu bəyan etdi.

Sirli soyuqdəymə

Hadisə:

2018-ci ildə prezident seçkisinə cəmi bir ay qalmış Putin iki gün gözdən itdi. Buna qədər aktiv seçki kampaniyası aparan, fabriklərə səfərləri və məktəblilərlə görüşləri canlı yayımla efirlərə verilən Putin birdən-birə bəzi çıxışlarını, o cümlədən Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə getməyi təxirə saldı.

Kremlin cavabı:

Peskov prezidentin xəstələndiyini etiraf etdi və “İndi qış fəslidir” deyərək öz nadir etirafında xəstəliyin sadəcə soyuqdəymədən ibarət olduğunu bildirdi.

Hazırda Rusiyanın bağlanmış kanalları sırasında olan “Dojd” kanalı isə Putinin Uzaq Şərqə planlaşdırılan səfərinin də ləğv edildiyinə dair sübutlar üzə çıxardı. Peskov isə bunu təkzib etdi, bildirdi ki, belə səfər planlaşdırılmamışdı.

Onkologiya və buynuz vannası müalicəsi

Hadisə:

2022-ci il aprelin 1-də Rusiyanın müstəqil araşdırıcı jurnalistlərinin və reportyorlarının layihəsi olan “Proyekt” (Proekt.media) platformasında Putinin xroniki bel ağrısından əziyyət çəkdiyinə dair əsaslı faktlar dərc edildi.

Məlum oldu ki, dörd il ərzində Putinə 35 dəfə onkoloq baş çəkib. Onkoloq prezident iqamətgahında 166 gün Putinin yanında olub və bu dövrdə xərçəng də daxil olmaqla, qalxanabənzər vəzi xəstəlikləri diaqnozlarının qoyulması üzrə ixtisaslaşmış başqa tibb mütəxəssisləri də tez-tez Putinə baş çəkib.

Putindən bir neçə dəfə müsahibə almış amerikalı kinorejissor Oliver Stoun bəyan edir ki, Putin xərçənglə mübarizə aparır, eyni zamanda bu xəstəliyə qalib gəldiyinə inanır.

Uzun illər Rusiyada çalışmış britaniyalı casus Kristofer Stil də Putinin ağır xəstə olduğunu söyləyir, eyni zamanda bu xəstəliyin Rusiyanın Ukraynaya hücum çəkməsində rol oynadığını iddia edir.

Ən maraqlısı odur ki, “Proyekt”in araşdırmasına görə, Rusiya lideri müdafiə naziri Sergey Şoyqunun tövsiyəsi ilə Altay marallarının buynuzlarından götürülmüş qanla dolu vannada çimməyi sevir.

Kremlin cavabı:

Bu dəfə Peskov “Proyekt”in araşdırmasını daha çevik və daha inadkarcasına təkzib etməyə qalxdı. Araşdırma Proekt.media-da yerləşdirilən gün o, Putinin nə vaxtsa xərçəng xəstəliyinə tutulduğu və ya əməliyyat olunduğu barədə xəbərləri uydurma, yalan adlandırdı.

“Ən pisi”

May ayında “New Lines” jurnalı mart ayının ortalarına aid bir gizli lent yazısını yaydı. Jurnalın iddiasına görə, lent yazısında danışan şəxs Kremlə yaxın oliqarxdır. Həmin şəxs Putinin qan xərçəngindən əziyyət çəkdiyini deyir. Ancaq onun bunu deməkdə məqsədinin nə olduğu aydınlaşmır. “Ümidvarıq ki, Putin öləcək” deyən şəxsin prezidentə nə dərəcədə yaxın olduğu da bilinmir.

Kremlin cavabı:

Kreml ittihamlara birbaşa cavab vermədi. “New Lines”in materialında jurnalın şərh üçün hökumətə müraciət edib-etmədiyi də qeyd olunmayıb.

Ancaq “New Lines”iddia edir ki, lent yazısının aparıldığı günlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin bütün regional rəhbərlərinə prezidentin “ölümcül vəziyyətdə olması barədə şayiələrə” inanmamaq təlimatının yer aldığı elektron məktub göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26