Interposta.Info

Trampın impiçment qalmaqalı böyüyür - Ağ Ev sahibinin Senatdan tələbi var

Dünya
 21-12-2019, 11:04     338

Politoloqlar ABŞ prezidentinin səlahiyyət müddətini başa vuracağı qənaətindədir, amma...
ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasında dekabrın 19-da öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham olunaraq, impiçment edilməsi dünya mediasının əsas müzakirə mövzusudur. Gələn ay Senatda mühakimə olunacaq Ağ Evin rəhbərini nələrin gözlədiyi barədə müxtəlif mövqelər səslənir.

Gedən proseslərdə Trampın özünə bir qədər arxayın olması diqqətləri daha çox cəlb edir.

O, Senatda impiçment məsələsinə dərhal baxılmasını tələb edib. APA-nın xəbərinə görə, bu barədə D.Tramp “Twitter”də bildirib.

“Demokratlar indi Senata prosesi necə aparacaqlarını diktə etmək istəyirlər. Əslində onların heç bir dəlili yoxdur və heç nə sübut edə bilməyəcəklər. Onlar kənarda qalmaq istəyirlər. Mən dərhal bu işə baxılmasını istəyirəm. Nümayəndələr Palatasında demokratlar saxta impiçmentləri üçün respublikaçılardan bir səs belə ala bilməyiblər. Respublikaçılar heç vaxt bu qədər birlik nümayiş etdirməyiblər”, - deyə ABŞ prezidenti vurğulayıb.

O qeyd edib ki, demokratlar impiçment prosesi çərçivəsində ona qarşı olan iddiaları ABŞ Senatına göndərmək istəmirlər, çünki prosesə uyğun olmayan şahidləri çağırmaqdan çəkinirlər: “Demokratlar Senata impiçment ittihamlarını təqdim etmirlər, çünki korrupsioner siyasətçi Adam Şiffin and içərək ifadə verməsini istəmirlər. Bununla yanaşı, onlar məlumat ötürənlərin və Baydenlərin (ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və oğlu Hanter Bayden) də ifadə verməsini istəmirlər”.

Qeyd edək ki, Trampın prezidentlik müddəti gələn ilin noyabrında bitəcək. Onun impiçment məsələsi qalxsa da, ekspertlərin çoxu Ağ Ev sahibinin ən azından ilk prezident dönəmini bitirəcəyini proqnozlaşdırırlar. Amma onun ikinci dəfə bu posta yiyələnəcəyi barədə birmənalı fikirlər səsləndirilmir. Əslində indiki proseslərin onun nüfuzunun aşağı salınması üçün təşkil olunduğu ehtimal edilir.

Politoloq Əhəd Məmmədli çoxları kimi düşünür: “Düşünürəm ki, Tramp prezidentlik müddətini başa vuracaq. Bu proseslər onun prezidentliyinin əvvəlində yaxud ortasında baş versəydi, demək olardı ki, prezidentlik müddətini başa vurmaya bilər. Amma indi çox az müddət qalır. Bu baxımdan bu fikirləri söyləyirəm. Trampın da arxasında lobbi, güclər var. O, təsadüfi adam deyil, bu posta boşuna yiyələnməyib. 10 ay müddətində o vəzifəsini icra edəcək. Trampın rəqiblərinin əsas qorxduqları odur ki, o ikinci dəfə prezident seçilə bilər. Onun qarşısını bu cür yollarla almaq istəyirlər. İmpiçment yolu ilə buna nail olacaqlarını daha real gördükləri üçün Tramp prezident seçildiyi zamandan bu günə qədər impiçment məsələsini tez-tez gündəmə gətirirlər. Əgər Ağ Ev sahibi vəzifəsindən uzaqlaşdırılsa, ilk itirən özü, sonra da onu dəstəkləyənlər olacaq. Amma Amerika siyasəti olduğu yerdən davam etdiriləcək. Ola bilsin ki, dövlətin nüfuzu, imici baxımından nələrsə itirilsin. Bir reallıq da var ki, demokratik dünyada Trampın nüfuzu o qədər də yüksək deyil. Bu baxımdan onu istəməyənlər impiçment reallaşarsa, çox sevinəcəklər. Burada əsas olan məsələ Trampı dəstəkləyən qüvvələrlə onun əleyhinə olanlar arasında gedən mübarizənin sonunun necə olacağı ilə bağlıdır. Kim qalib qalib gələcəksə, o elita Amerikanın gələcək daxili və xarici siyasətini yönləndirəcək”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Trampın hətta ikinci dəfə prezident seçilə biləcəyini vurğuladı: “Senatdan Trampla bağlı heç bir sərt qərar çıxmayacaq. Hakim partiyanın gücü, nüfuzu əvvəlki illərə baxanda heç də azalmayıb. Tramp isə bu müddətdə atdığı addımlarla sərt və açıq imic yaradıb. Belə bir nüansla onun statusunun mühakimə edilməsi özünün də dediyi kimi rəqib cinah üçün intihar yürüşüdür. Tramp nəinki 10 aylıq prezidentlik müddətini başa vuracaq, hətta növbəti dəfə istəsə, prezident olma yolunda heç bir əngəli qalmayıb. Bu üstünlüyü yaradan əsas detal isə Trampın ABŞ maraqlarına yönəlik atdığı addımlardır. Əsas da Çinlə davam edən trilyon dollarlıq ticarət savaşları birbaşa ABŞ-ın milli maraqlarının qorunmasına yönəlib. Tramp müasir ABŞ tarixi üçün yeni bir fenomendir. Bu qədər daxili təzyiqə məruz qalmasının əsas səbəbi kimi, hakimiyyətin qolları arasında başlayan qarşıdurmanı göstərmək olar. Ona qarşı iddianın kökündə də bu dayanır: Vəzifədən sui-istifadə və qanunverici orqanla hesablaşmamaq. ABŞ tarixində üç müstəqil prezident olub ki, ikisi öldürülüb, biri də Trampdır ki, impiçmentə məruz qoymağa çalışırlar. Amma qüdrətli prezidentlik institutunun təmsilçisi digər orqana asan baş əyməyəcəyi artıq bəllidir. Məhkəmə prosesinin tezləşməsi həm Trampın özünə inamından xəbər verir, həm də qarşıda prezidentlik yarışı durur. Yeni dönəm başlayır, bir növ yaxasından asılıb qalan problemləri tezliklə çözmək istəyir. Amma əmin olaq ki, bu prosesdən ”sağ" çıxmış Tramp anqlo-sakson hüquq sistemini də diz çökdürüb, yeni presedent yaradacaq".

Sonda məlumat üçün bildirək ki, sentyabrın 24-də Nümayəndələr Palatası D. Trampa qarşı impiçment prosesinin başladıldığını elan edib. İmpiçment prosedurunun başlamasının səbəbi Demokratların prezident Trampın 2020-ci ildə ikinci müddətə seçilməsinə kömək etməsini təşviq etmək üçün iyul ayında olan telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyini ehtimal etməsidir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26