Interposta.Info

Hollandiyada həftəlik iş vaxtını 30 saata endirmək təklif edilir

Dünya
 16-12-2019, 09:07     369

Hollandiyanın ən nüfuzlu həmkarlar ittifaqından biri olan Xristian Həmkarlar İttifaqları Konfederasiyası (CNV) ölkədə həftəlik ümumi iş vaxtını 30 saata endirmək istəyir.

Birlik həftəlik iş saatının endirilməsiylə yanaşı maaşların azaldılmamasıını da tələb edir.

CNV prezidenti Piet Fortuin danışıqlarda həftəlik iş vaxtının 30 saata endirilməsi üçün səy göstəriləcəyini bildirib.

Həmkarlar ittifaqı hesab edir ki, iş vaxtının azaldılması əmək məhsuldarlığını artıracaqdır.

Hollandiyada 100 illik tarixə malik və ən böyük həmkarlar ittifaqlarından biri olan CNV bundan əvvəl həftəlik iş vaxtını 40 saatdan 38-ə, növbəti kollektiv müqavilədə isə 36-ya endirilməsinə nail olub.

CNV-nin yeni hədəfi həftəlik iş vaxtını 30 saata endirməkdir.

Hollandiyada nəşr olunan "De Telegraaf" qəzetinə danışan CNV prezidenti Fortuin, "İşçilərin iş yükü çoxdur" deyib və nəticədə, işçilərin stress vəziyyətinə düşdüyünü qeyd edib.

Birliyin araşdırmasına görə, işçilərin 54 faizi iş yükünün ağır olduğundan əziyyət çəkir, 16 faizi isə "tükənmə sindromu" ilə üzləşir.

Hollandiya Statistika İnstitutunun məlumatına görə, 2018-ci ildə 1,3 milyon işçi tükənmə problemi ilə üzləşib.

Bu isə, öz növbəsində iqtisadiyyata 2,8 milyard avroluq ziyan vurub. CNV-yə görə, işçilərin daha qısa iş günü iş yerlərində idarəçilik xərclərinin azalmasına səbəb olur.

İşçilərin işi və şəxsi həyatı arasında daha yaxşı tarazlığın yaradılması ideyasını müdafiə edən CNV prezidenti Fortuin, həftədə 30 saat işləməklə problemlərin minimuma endiriləcəyini düşünür.

30 saatlıq iş həftəsi rejimi ilk dəfə İsveçdə həyata keçirilib.

Gothenburg şəhərindəki bir qocalar evində 6 saatlıq iş günü olmaqla 5 günlük iş həftəsi tətbiq edilib. Nəticədə işçilərin əmək məhsuldarlığı artıb.

İşçilərdə daha az yorğunluq, stres və işə çıxmamamq halları səbəbindən iş keyfiyyətinin və müştəri məmnuniyyətinin artdığı müşahidə edilib./BBC Azərbaycanca/

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26