Interposta.Info

ABŞ-ın gücü tükənir – Dünyaca məşhur alim Noam Xomski belə düşünür...

Dünya
 17-07-2019, 19:01     10 407

Akademik Noam Xomski: “ABŞ artıq istədiyi kimi çevriliş edib rejimi dəyişdirəcək qüvvədə deyil”

“The Independent” qəzeti, ABŞ, 16 iyul 2019-cu il

Dünyaca məşhur amerikalı akademik Noam Xomski verdiyi son reportajda ekoloji fəlakətlər barədə danışarkən, “Qarşımızda duran vəzifə çox böyükdür, lakin kifayət qədər vaxtımız yoxdur”, deyib. Həmçinin, Xomski ABŞ-ın artıq əvvəlki qədər güclü olmadığını vurğulayıb.

Amerikalı dilçi və tarixçi Noam Xomski Amerika solunun populyar verilişi olan “Jacobin”ə verdiyi reportajda Harrison Samfirin suallarını cavablandırıb. Xomski iqlim dəyişikliyi, ABŞ-ın Venezuelaya tətbiq etdiyi iqtisadi sanksiyalar və ABŞ-İran arasındakı gərginlik kimi mövzularla bağlı önəmli açıqlamalar verib.

“Tarixin ən güclü dövlətini bir şəbəkə idarə edir”

ABŞ-ın Milli Okean və Atmosfer Dairəsi (NOAA) bildirib ki, əgər istixana qazlarının emissiya səviyyəsi dəyişməsə, 2100-də dəniz səviyyəsi 2,5 metrdən çox yüksələ bilər. Xomski bu qiymətləndirmə ilə bağlı qeyd edib ki, faciənin qarşısını almaq olar: “Faciələrin qarşısını almaq üçün bir şansımız varmı? Şübhəsiz ki, var. Hal-hazırda yaxşı düşünülmüş və məntiqli variantlar mövcuddur. Qarşımızdakı vəzifə çox böyükdür, lakin kifayət qədər vaxtımız yoxdur.”

Qlobal istiləşmənin yarada biləcəyi fəlakətlərin ən çox yoxsul və köməksiz insanlara təsir edəcəyini bildirən Xomski qeyd edir: “Cinayətkarlardan ibarət bir şəbəkə şəklində olan və tarixin ən güclü dövlətini idarə edən rəhbərlik özünü uçuruma aparmaqda həvəsli görünür”. Respublika Partiyasının qlobal istiləşməni ciddi bir problem kimi görmədiyini deyən Xomski iqtisadçı Robert Pollinin “Yeni Yaşıl Razılaşması”nı (Green New Deal) məntiqli hesab edir: “Mövcudluğumuz qarşısında baş verən böhranla mübarizə aparmaq üçün böyük struktur dəyişikliklərinə ehtiyac var”, deyə akademik vurğulayıb.

Noam Xomski qaz ifrazından və ətraf mühitin çirkləndirilməsindən məsuliyyət daşıyan şirkətlərin müxtəlif mexanizmlərlə nəzarətdə saxlanılacağını, lakin bunun problemin həllində təkbaşına kifayət etməyəcəyini bildirib. Bundan əlavə edib ki, dünyanın mövcudluğunu davam etdirmək üçün böyük struktur dəyişikliklərinə ehtiyac var:
“Mövcudluğumuz qarşısında baş verən böhranla mübarizə aparmaq üçün böyük struktur dəyişikliklərinə ehtiyac var. Bunlardan biri effektiv bir ictimai nəqliyyat xidmətinin təşkil edilməsidir. Həmçinin, karbonsuzlaşdırma məsələsi ilə bağlı daha konkret addımlar atılmalıdır”, deyə o, qeyd edib.

Konkret həll yolları tapmaq üçün planlaşdırma işlərinin diqqətlə aparılmalı olduğunu vurğulayan akademik deyir: ““Fransada “Sarı Jiletlilər” problemi açıq şəkildə ortaya bir həqiqəti ortaya qoyub. Fransız hökuməti dünyanın sonu barədə danışır, lakin biz, bəlkə də, tab gətirə bilməyəcəyik. Alternativ enerjiyə keçərək daha sağlam bir ətraf mühit yarada bilərik, lakin bu, sözsüz ki, işsizlik problemi yaradacaq və işçilərin bir qismi üçün heç də yaxşı olmayacaq.”

“Venesuelada həll yolu tapmaq üçün yeganə ümid müzakirələr aparmaqdır”

Venesuelada Hüqo Çavezin ölümündən sonra neft qiymətlərinin düşdüyünü və Nikolas Maduro hökumətinin beynəlxalq kredit bazarlarına yönəlmək məcburiyyətində qaldığını qeyd edən Xomski ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaların hal-hazırda gedən böhranı fəlakətə çevirdiyini xüsusilə vurğulayıb. Maduro hökumətinin də mənfi yöndə iqtisadi qərarlar qəbul etdiyini bildirən Xomski deyir: “Qışqırıb bağırmaq çox asandır, lakin həll yolu tapmaq üçün yeganə yol hər iki tərəfin birlikdə keçid hökuməti ilə bağlı müzakirələr aparmasıdır”.

“Liberal medianın ən tənqidi cəbhəsi də gərginliyi yüksəldir”

Xomski İran və ABŞ arasındakı gərginliklə bağlı ABŞ mediasının mövqeyi barədə Harrison Samfirin sualına: “Liberal medianın ən tənqidi qanadı da gərginliyi yüksəldir”, deyə cavab verib. O, həmçinin, İran məsələsində medianın ABŞ-ın mövqeyini az qala refleks kimi mənimsədiyini vurğulayıb və İran-ABŞ gərginliyi barədə xəbər hazırlamaqla bağlı artıq bir şablon yarandığını bildirib.

Xomski 2014-cü ildə keçirilmiş bir rəy sorğusunun nəticəsini xatırlayaraq qeyd edib ki, insanlar dünya sülhünü ən çox təhdid edən ölkənin ABŞ olduğunu düşünürlər, lakin mediada bu barədə heç bir xəbər verilməyib.

İran və ABŞ arasındakı nüvə sazişi ilə bağlı gərginliyi Xomski belə şərh edib: “Tramp Administrasiyası sazişdən geri çəkilərək İranın iqtisadiyyatına zərbə vurub və vəhşicəsinə sanksiyalar tətbiq edərək xalqı cəzalandırıb. İran Avropa Birliyi liderlərinin sanksiyalarla bağlı ölçülər götürəcəklərini və ABŞ-la arasına məsafə qoyacağına ümid etsə də, AB ilkin bir addım atmayıb. AB uğursuz olduğuna görə İran nüvə proqramını yeniləmək üçün həmlələr etməyə başlayıb”.

İranın nüvə təhdidini sakitləşdirmək üçün Orta Şərqdə nüvə silahlarından istifadə edilməyən sərbəst bir bölgə (NWFZ) yarada biləcəyini deyən Xomskinin fikrincə, bu fikir illərlə ərəb ölkələri tərəfindən təklif olunub. İran da bunu güclü şəkildə müdafiə edib. Lakin bu təklifə ABŞ tərəfindən veto verilmişdi. Bu, digər tərəfdən də İsrailin böyük nüvə silahı cəbhəsini qəbul etmək mənasına gəlir.

“Yarım əsrdir ki, çox qütblü bir dünyada yaşayırıq”

ABŞ-ın qlobal gücünün çoxdan azaldığını ifadə edən Noam Xomski deyir: “Yarım əsrdir ki, çox qütblü bir dünyada yaşayırıq. ABŞ artıq istədiyi kimi hərbi çevrilişlər edib terror rejimi qura bilmir. Yoluna davam etsə belə, ABŞ-ın gücü artıq azalıb.”

Hərbi baxımdan ABŞ-ın hələ də dünyanın ən böyük qüvvəsi olduğunu qeyd edən Xomski düşünür ki, ABŞ dünyada qurduğu maliyyə sistemindən istifadə edərək ölümcül sanksiyalar tətbiq etmək imkanına sahibdir və ABŞ hegemoniyası Trampın qeyri-sabit həmlələrinə rəğmən fərqli şəkildə yoluna davam edəcək./tərcümə:pia.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26